“KTMT heç Rusiyanın yadına da düşmür, necə genişlənəcək?” - ŞƏRH
Xəbər verdiyimiz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) genişlənmə ehtimalı var. Bu barədə bu yaxınlarda KTMT qərargahının rəhbəri general-polkovnik Anatoli Sidorov məlumat vermişdi. O, BRİKS təşkilatının genişlənməsi fonunda təmsil etdiyi təşkilatın üzvlərinin də arta biləcəyini qeyd edib.
Maraqlıdır, 5 MDB üzvünün olduğu təşkilata daha hansı dövlətlər üzv olmaq niyyətində ola bilər? Ümumiyyətlə, KTMT-nin hazırkı dövrdə hərbi-siyasi nüfuzu nə səviyyədədir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Tofiq Abbasov KTMT-nin təktərəfli idarə edildiyini, bu səbəbdən genişlənmə ehtimalının da mövcud situasiyaya uyğun olaraq aşağı ehtimallı olduğunu deyib:
"KTMT-nin strukturunda fəaliyyət göstərən nümayəndələr, yüksək səviyyəli personalar çalışırlar ki, bu təşkilatın vacibliyini, gələcəkdə önəmli rol oynayacağını diqqət mərkəzinə gətirsinlər. Lakin bir şeyə fikir vermək lazımdır ki, NATO-nun başında ABŞ dayanan kimi, KTMT-nin də başında Rusiya dayanır. Rusiyanın isə başı xüsusi əməliyyatlara qarışdığı üçün heç KTMT onun yadına da düşmür. Bu təşkilat hərbi-siyasi təşkilat kimi təhlükə ocaqları varsa, onların qarşısını almaq üçün konkret fəaliyyət planı sərgiləməlidir. Lakin biz KTMT-ni cəmi bir dəfə beynəlxalq qüvvə kimi Qazaxıstanda Nazarbayevi devirərkən gördük. Bu iştirakın da böyük səmərəsi olmadı. Düzdür, indi KTMT rəhbərləri çalışacaqlar ki, təşkilata nəfəs verib onu dirçəltsinlər, amma bu o demək deyil ki, onların istəkləri tez bir zamanda gerçəkləşə bilər. İlk növbədə Rusiya göstərməlidir ki, o, üzv dövlətlərin də fikrini önəmsəyir, təktərəfli fikir yürütmür. Lakin biz bu təşkilatda kollektiv qərar, həmrəylik görməmişik".
Ekspert Rusiyada olan bir sıra sağlam qüvvələrin hazırkı hakimiyyətə etibar etmədiyini vurğulayıb. Müsahibimizin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən sonra sözügedən təşkilatın nüfuzunun gücləndirilməsi üçün Rusiyanın üzərinə böyük yük düşəcək:
"Hələlik Rusiya yalnız şüarçılıqla məşğuldur. Çox güman ki, Ukrayna kampaniyası bitdikdən sonra KTMT özü özünü islah etməyə çalışacaq. Rusiyada sağlam qüvvələr var və o qüvvələr hərbi dairələrdə təşəkkül tapıblar. Onlar da indiki Rusiya siyasi rəhbərliyinə etinasız yanaşırlar. Həmin qüvvələr görür ki, rəsmi Kreml bir çox məsələlərdə astagəllik edir, zəiflik göstərir. Ümumiyyətlə, inkişaf proqramlarında Rusiyanın böyük nailiyyətləri yoxdur. Belə olan halda, Rusiyanın özünüqoruma potensialı da zəif olacaq. Rusiya gərək çalışısın ki, həm özü, həm də yaratdığı KTMT cazibəli olsun. Təkrar olaraq bildirim ki, bu təşkilat hərbi-siyasi təşkilatdır və üzv ölkələr də bura üzv olmaqdan çox da məmnun deyillər. Məsələn, Tacikistanla Qırğızıstan arasında toqquşmalarda KTMT-nin heç bir iştirakı görünmədi. Əgər üzv ölkələr daxilində belə münasibətlər yaranırsa, onda belə qənaətə gəlinir ki, KTMT özününü vacibliyini sözdə yox, əməldə sübut etməlidir".
Qeyd edək ki, KTMT 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. Təşkilatın tərkibinə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Tacikistan daxildir.
Əzizə Zeynal