“Paşinyan Putindən qarant istəyəcək” – Moskva səfərindən GÖZLƏNTİLƏR

“Paşinyan Putindən qarant istəyəcək” – Moskva səfərindən GÖZLƏNTİLƏR

Bazar günü Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

 

Bu gün isə N.Paşinayn Rusiyada səfərdədir.

 

Maraqlıdır, Brüssel görüşü öncəsi Putin və Paşinyanın bir araya gəlməsi bazar günü olan danışıqlara təsir edə bilərmi? Prezidentlər arasında Brüsseldə keçiriləcək görüşdən müsbət nəticələr gözləmək mümkündür?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri Paşinyanın Rusiya səfərinin arxasında Putininin Qarabağla bağlı mövqeyinin öyrənilməsinin dayandığını bildirib:

 

"Paşinyanın bugünkü səfərinin əsas məqsədi Vaşinqtonda müzakirə predmeti olan sülh mətni və razılaşdırılmış məqamlarla bağlı hesabat verməkdir. Burada əsas məqsəd Rusiya prezidentinin sülh müqaviləsinə reaksiyasını öyrənməkdən ibarətdir. Paşinyan Rusiya ilə danışmadan sülh müqaviləsini imzalayaraq ölkəsi üçün risk yaratmaq istəmir. Paşinyan Rusiyanın razılığı olarsa, iyunun 1-də Azərbaycan prezidenti ilə birgə sülh müqaviləsini imzalaya bilər. Paşinyanın Moskva səfərinin ikinci məqsədi Rusiyanın Qarabağla bağlı mövqeyi və Rusiya hərbi kontingentinin Qarabağda yerləşməsininin davamlı olub-olmamasının öyrənilməsidir. Çünki Ermənistan Qarabağ erməniləri üçün hüquq və təhlükəsizliklə bağlı beynəlxalq qarant istəyir. Bu konteksdə Paşinyan Qarabağda yaşayan separatçı rejimlə Azərbaycan dövləti arasında  danışıqların beynəlxalq mexanizmlər çərçivəsində aparılmasını istəyir. Bu məsələdə təhlükəsizlik deyəndə hansısa güc mərkəzinin Qarabağdakı ermənilərə təhlükəsizlik təminatı verməsi nəzərdə tutulur. Bu gün həmin təminatı nə ABŞ, nə də Avropa ölkələri verir. Çünki onların hərbi kontingenti Qarabağda yoxdur. Qarabağda yeganə xarici güc Rusiyadır. Buna görə Paşinyanın Moskva səfərinə ehtiyacı var idi".

 

Politoloq Putin və Paşinyan görüşündən sonra Rusiyanın mövqeyinin aydın olacağını qeyd edib:

 

"Ermənistan hələ də öz iddialarında durur, beynəlxalq qarant istəyir. Azərbaycan isə 3-cü, 4-cü tərəflərin Qarabağa müdaxiləsini istəmir. Azərbaycan Laçında keçid məntəqəsini qurub ərazi bütövlüyünü təmin etdikdən sonra hansısa məsələdə kənar müdaxiləni qəbul etmir. Azərbaycan Qarabağdakı ermənilərin təhlükəsizliyinə təminat verir. Ancaq Ermənistan bununla razılaşmır. Ona görə də Paşinyanın Rusiya səfərindən sonra Putinin Qarabağla bağlı mövqeyi aydın olacaq. Artıq Blinkenin açıqlamasına görə, Qarabağda yaşayan ermənilər "etnik azlıq" olaraq dəyərləndirilib. Bu da o deməkdir ki, etnik azlıqlar yaşadıqları coğrafiyanın beynəlxalq hüquqa görə siyasi teleyini müəyyən edə bilməzlər”.

 

Ekspert Brüsseldə iki əsas məsələnin müzakirə ediləcəyini deyib:

 

“Eyni zamanda bu etnik azlıqların Qarabağda yaşamasına hüquqi cəhətdən və təhlükəsizlik baxımından təminat veriləcəksə, eyni təminatlar Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımızın Ermənistana qayıtması zamanı da veriləcək. Bu, Vaşinqtonda da qəbul edilib. Eyni zamanda sərhədlərin delimitasiya və demarkasiyası məsələsinin hansı xəritələr əsasında müəyyənləşdirilməsi razılaşdırılmayıb. Bundan başqa, 90-cı illərdən bura Naxçıvanın 1, Qazaxın 7 kəndi Ermənistanın işğalı altındadır. Bu məsələ də öz həllini tapmayıb. Əslində, Vaşinqtonda son sülh sənədinin razılaşdırılmaması bu strateji məsələlərdə mövqeləri yaxınlaşdırmağın mümkün olmamasından ibarətdir. Brüsseldə baş tutan görüşdə açar məsələlər Qarabağ və sərhəd məsələsi olacaq. Çünki kommunikasiyaların açılması Laçın postu qurulduqdan sonra problem deyil".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR