\"Washington Post\" Azərbaycan-İran münasibətlərindən yazdı

\

"Azərbaycan və İran – güclü etnik və dil bağları olan və çoxəsrlik tarixi paylaşan, əhalisinin əksəriyyəti şiə olan müsəlman ölkələrinin gərgin münasibətləri yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinin silahlı hücuma məruz qalması ilə ən pis eskalasiya dövrünü yaşadı. Bu, qonşular arasında İsraillə bağlı mübahisədə İranın Azərbaycanla sərhədində əsgər toplamasından sonra baş verdi".

 

Sfera.az xəbər verir ki, bu fikirlər "Washington Post" qəzetində yayımlanan məqalədə bildirilib.

 

Sözügedən məqalənin davamını təqdim edirik:

 

1. İran-Azərbaycan gərginliyinin arxasında nə dayanır?

 

İranda 85 milyonluq əhalinin təxminən üçdə birini təşkil etdiyi güman edilən böyük bir etnik azərbaycanlı azlıq var. İran özlərini türk adlandıran etnik azərbaycanlıların daxilindəki separatçı əhval-ruhiyyədən ehtiyatlanır, Azərbaycan hakimiyyəti isə İranı onların öz dillərində təhsil hüququ kimi bəzi azlıqların hüquqlarından məhrum etməkdə ittiham edir. Bundan əlavə, Azərbaycan rəsmiləri İranı Dağlıq Qarabağdakı separatçılarla mübarizədə Ermənistanı dəstəkləməkdə günahlandırıb və Azərbaycanın İsraillə dostluq münasibətləri və “BP Plc” də daxil olmaqla Qərb şirkətləri ilə həyata keçirdiyi enerji layihələri səbəbindən son 30 ildə bəzən gərginlik alovlanıb.

 

2. Azərbaycan-Ermənistan münaqişəsi İrana necə təsir etdi?

 

Azərbaycan 2020-ci ildə Ermənistanla 44 günlük müharibədə qalib gəldikdən sonra İranla sərhədinin 130 kilometrlik uzunluğunda ermənilərin 1990-cı illərdən bəri işğal etdiyi rayonları geri aldı. Azərbaycan, həmçinin İranı Ermənistanla birləşdirən əsas magistral yolun, Qara dənizə və Rusiyaya kritik ticarət yolunun bir hissəsini geri qaytardı. Azərbaycanın Ermənistana yük daşıyan İran yük maşınlarına ağır vergi tətbiq etməsi, onların arasında ticarəti faktiki olaraq iflic etməsinə və İranın daha uzaq bazarlara çıxışını təhlükəyə atmasına Tehran qəzəblə reaksiya verdi. Prezident İlham Əliyev İranı Dağlıq Qarabağdakı ermənilərə malların çatdırılmasının dayandırılması tələblərinə məhəl qoymamaqda ittiham edib. İran və Ermənistan Azərbaycandan yayınan alternativ yol planlarını müzakirə edir.

 

3. İsrail bu məsələdə necə iştirak edir?

 

Azərbaycan İsrailin əsas neft tədarükçüsüdür. O, həmçinin İsraildən yüksək texnologiyalı pilotsuz uçuş aparatları və Ermənistana qarşı müharibədə həlledici rol oynayan digər silahlar alır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, İsrail 2011-2020-ci illərdə Azərbaycana Rusiyadan sonra ikinci ən böyük silah tədarükçüsü olub. İsrail 1990-cı illərin əvvəllərində Azərbaycanın paytaxtı Bakıda səfirlik açıb və Azərbaycan İsrail liderlərini qəbul edib. Tehrandakı səfirliyə hücumdan həftələr əvvəl Azərbaycan parlamenti yəhudi dövlətində diplomatik missiyanın olmaması kimi onilliklər boyu davam edən siyasətdən kənara çıxaraq, İsraildə səfirliyin açılması haqqında qanun layihəsini təsdiqləyib. İran Bakının İsraillə əlaqələrini milli təhlükəsizliyə təhdid kimi görür.

 

4. İran Azərbaycanın İsraillə münasibətlərini niyə təhlükə kimi görür?

 

İllərdir ki, İran İsrailin bu əlaqədən özünə qarşı casusluqda şübhələnir. Azərbaycanın Dövlət Sərhəd Xidməti İsrailin ən müasir kəşfiyyat və hücum dronlarının əsas alıcısıdır. İran nüvə və hərbi obyektlərinə edilən hücumların və alimlərin öldürülməsində İsraili ittiham edib. İranın nüvə bombası əldə etməsinin qarşısını alacağına söz verən İsrail bu məsələdəki iştirakını nə təsdiq, nə də təkzib edir. 2021-ci ildə İran İnqilab Keşikçiləri Korpusu Azərbaycanla sərhəd yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirib. İran rəsmiləri Azərbaycanı İsrailin sərhəddə hərbi mövcudluğuna icazə verməkdə ittiham edib. Azərbaycan İsrail qüvvələrinə sığınacaq verməsini inkar edib və İran sərhədi yaxınlığında Türkiyə ilə hərbi təlimlər keçirərək buna cavab verib.

 

5. Yanvarda nə baş verdi?

 

Azərbaycan rəsmiləri Tehrandakı səfirliklərinə qarşı törədilən terror hücumunda İranı günahlandırıblar. İran bildirib ki, polis tərəfindən saxlanılan silahlının ilkin dindirilməsi onun şəxsi motivlərlə hərəkət etdiyini göstərir. Yüksək səviyyəli azərbaycanlı diplomat bunu “absurd” adlandırıb. Hökumətyönlü “Caliber” xəbər saytı Azərbaycan hökumətindəki adı açıqlanmayan mənbələrə istinadən hücumun arxasında İranın “xüsusi xidmətləri”nin olduğunu iddia edib. Azərbaycan Tehrandakı səfirliyi bağlayıb, əməkdaşlarını və ailələrini təxliyə edib. Rəsmi Bakı vətəndaşlara İrana səfər etməmək barədə xəbərdarlıq edib.

 

6. Münaqişə olsa, necə mənzərə yaranar?

 

Azərbaycan və İran arasında döyüşlərin başlaması Azərbaycanla qarşılıqlı müdafiə paktı olan NATO üzvü Türkiyəni tez bir zamanda qarışdıracaq. Türkiyə uzun müddət Azərbaycanın əsas hərbi dəstəkçisi olub, 2020-ci il müharibəsində Ermənistana qarşı açıq şəkildə ona silah və müşavirlərlə dəstək verib. İndi Türkiyə Dağlıq Qarabağa 2000 sülhməramlı əsgər göndərən Rusiya ilə yanaşı Azərbaycan-Ermənistan atəşkəs rejiminə nəzarət etmək üçün Azərbaycan ərazisinə sülhməramlı qoşun yeridib. Rusiyanın Ermənistanda hərbi bazası var və iki xalq arasında müdafiə paktı var.

 

7. İqtisadi baxımdan təhlükə varmı?

 

İran və Azərbaycan arasında silahlı münaqişə regional enerji layihələrini riskə ata bilər. “BP” və tərəfdaşları 1994-cü ildən bəri Azərbaycanın enerji inkişafı və nəqli layihələrinə 70 milyard dollardan çox sərmayə qoyublar. Layihələrə Xəzər dənizini Türkiyənin Aralıq dənizindəki Ceyhan limanı ilə birləşdirən 1,768 neft boru kəməri daxildir. Azərbaycan həmçinin Gürcüstan və Türkiyə üzərindən Avropaya 3500 kilometr təbii qaz kəmərinin çəkilməsinə kömək edib. Azərbaycan dekabrın 31-də ABŞ-nin dəstəklədiyi Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqı ölkələrinə, o cümlədən Yunanıstan və İtaliyaya qaz ixracına başlayıb. İyul ayında ölkə 2027-ci ilə qədər Avropaya təbii qaz ixracını iki dəfə artırmağa razılaşıb.

 

İnci
 


OXŞAR XƏBƏRLƏR