“Tehran və İrəvanın bacılaşması...” – Deputatdan AÇIQLAMA

“Tehran və İrəvanın bacılaşması...” – Deputatdan AÇIQLAMA

Dünən İran və Ermənistan rəsmiləri arasında Tehran və İrəvan şəhərlərinin qardaşlaşması haqda sənəd imzalanıb.

 

Mərasimdə çıxış edən Zakani “İran İslam Respublikasının tutarlı siyasəti qonşu ölkələrlə əlaqə, əməkdaşlıq və mehriban qonşuluq yaratmağa istiqamətlənib. Ermənistanın da İranın nəzərində özünəməxsus yeri var və biz iki ölkə arasında əlaqələrin genişlənməsində maraqlıyıq”, - deyə söyləyib.

 

İranın bu addımı necə dəyərləndirilməlidir? Sözügedən saziş cənub qonşumuzun ermənipərəst simasının sübutu hesab oluna bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki,  İran da, Ermənistan da formal da olsa, beynəlxalq hüququn müstəqil subyektləridir:

 

“Konstitusiyamızın 10-cu maddəsində ifadə etdiyimiz kimi, Azərbaycan Respublikası da başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Yəni biz beynəlxalq hüququn bütün ümumtanınmış prinsiplərinə, o cümlədən “dövlətlərin daxili işinə qarışmamaq” öhdəliyinə sadiqik, eyni zamanda Tehran və İrəvanın “bacılaşması”nı bu ölkələrin daxili işi hesab edirik. Əməkdaşlıq, ikitərəfli əlaqələr İran və Ermənistanın suveren hüquqları olsa da, onların beynəlxalq müstəvidə öhdəlikləri var - müttəfiqlikləri, əlaqələri üçüncü dövlətlər və bütövlükdə region üçün təhdid törətməməlidir. Lakin son 32 illik təcrübə onu deməyə əsas verir ki, İran-Ermənistan müttəfiqliyi təcavüzkar hərbi-siyasi ittifaq xarakteri daşıyır.

 

Bu münasibətlər 30 il işğal və təcavüz status-kvosunun qorunmasına xidmət edib. Prezident İlham Əliyev bu tendensiyanı Vətən müharibəsində darmadağın etdikdən sonra İran-Ermənistan cütlüyü Qarabağ iqtisadi rayonunda separatizm meyllərinin ömrünü uzatmaq üçün ciddi birgə səylər göstərdilər. Bu səylər də fiaskoya uğradıqdan sonra hazırda “Tehran-İrəvan bacıları” bölgədə sülh və sabitliyin təmin olunmasına, beynəlxlaq hüququn ən vacib prinsiplərindən olan "dövlətlərin əməkdaşlığı" prinsipinin Cənubi Qafqazda realizəsinə ciddi maneəyə çevrilməyə çalışırlar. Məsələn, fars-erməni cütlüyü hər vəchlə Zəngəzur dəhlizinə qarşı çıxır, amma proseslərin gedişatı cəhdlərin əbəs olduğunu göstərir. Müşahidə edilən odur ki, İran və Ermənistan arasında istənilən yaxınlaşmanın təməlində heç vaxt xoş məram, sosial rifah, iqtisadi məqsəd dayanmayıb. Bu mənada Tehran-İrəvan bacılaşmasının da yeganə siyasi-hüquqi nəticəsi hər iki şəhərdə terrorçu və təcavüzkar mühitə rəvac verən, hüquqazidd təsirlərə səbəb olacaq birgəfəaliyyət ola bilər”.

 

Müsahibimiz qeyd edib ki, Tehran əhalisinin böyük bir qisminin Azərbaycan türkləri olmasını nəzərə alsaq, indiki həssas dönəmdə İrəvanla bacılaşma prosesi molla rejiminin Cənubi Azərbaycandakı soydaşlarımıza yönəlik həmləsi, oradakı azərbaycanlıların təhqir edilməsinə hesablanıb:

 

“Hesab edirəm ki, cənublu soydaşlarımız məsələ ilə bağlı mövqelərini sərt şəkildə dilə gətirməlidir. O ki qaldı, Azərbaycanın hansısa cavab tədbirinə, biz fəaliyyətimizi İran-Ermənistan münasibətləri ilə tənzimləmirik. Amma arzuolunandır ki, İranla sərhədboyu yerləşən yaşayış məntəqələrimizin hamısı, başda təmsil etdiyim Biləsuvar olmaqla, Türkiyənin,  İsrailin və Səudiyyə Ərəbistanın şəhərləri ilə qardaşlaşsın. Araz sahili boyunca və bütövlükdə cənub sərhədlərimiz boyu qardaşlaşan şəhərlərin mədəniyyəti və tarixini təbliğ edən mərkəzlər açılsın və İrandan da bu mərkəzlərin binasında Azərbaycan bayrağı ilə qoşa ucalan Türkiyə, İsrail, Səudiyyə Ərəbistan bayraqlarını hər kəs görüb qardaşlaşma və bacılaşmanın fərqini hiss etsinlər. Sonda bir məqamı da qeyd edək, media bəzən Tehran-İrəvan memorandumunu “qardaşlaşma” kimi təqdim edir. Lakin, nəzərə alaq ki, imzalanma mərasimindən paylaşılan rəsmi fotolarda “Sister city Signing Ceremony between Tehran and Yerevan” ifadəsi yer alıb”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR