Ermənistan 1929-cu il xəritələrində israr edir – “Bu, danışıqları pozmaqdır...”

Dünən Ermənistan Təhlükəsizlik Şurasının Baş Katibi Armen Qriqoryan Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsinin 1929-cu il məlumatlarına istinad aparılmasının vacibliyindən danışıb.
O, bildirib ki, 1991-ci ildə SSRİ dağılarkən Ermənistan SSR 29.800 kvadrat kilometr ərazi ilə müstəqillik əldə edib və sərhədlərin delimitasiyası da bu faktın rəhbər tutulması ilə həyata keçirilməlidir.
Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Zaur Məmmədov qeyd edib ki, Qriqoryan 1929-cu ilə aid olan hansısa hüququ qüvvəsi olan sənəd ortaya çıxara bilməz, onun bu bəyanatı isə tarixi faktları gizlətmək, danışıqlarda cığallıq etmək cəhdləridir:
“1920-ci ilin noyabrından başlayaraq 10 il ərzində SSRİ rəhbərliyinin Azərbaycan torpaqlarını Ermənistan SSR-yə bağışlamasını özündə əks etdirən məlumatlar danışıqlarda yol xəritəsi ola bilməz. Armen Qriqoryanın Ermənistan-Azərbaycan sərhədinin sovet vaxtından mövcud olması və 1991-ci ildə MDB-yə daxil olarkən qarşılıqlı tanınması barədə bəyanatı absurddur. Aydın məsələdir ki, Paşinyanın əsas hədəfi Qərbi Zəngəzuru itirməməkdir. Ona görə də Ermənistan tərəfi SSRİ xəritələrinə istinad etmək istəyir. Rusiya Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını 1974-cü il SSRİ xəritələrinə əsasən həyata keçirilməsini doğru sayır. Bu təklif Ermənistan tərəfinin də xoşuna gəlməmişdi. 1974-cü ildən sonra Azərbaycanla Ermənistan arasında de-fakto sərhəd dəyişiklikləri baş verib və bu dəyişikliklər SSRİ-nin sonrakı inzibati-siyasi xəritələrində öz əksini tapmayıb”.
Ekspert bildirib ki, SSRİ dövründə 1920-ci ilin sonundan 1991-ci ilə qədər Ermənistana verilən bütün torpaqlar və sərhəd dəyişiklikləri qeyri-qanunidir :
“Söhbət Azərbaycan və Ermənistan arasında torpaqların tənzimləməsindən gedirsə, o zaman müstəqil aktorlar qismində 1920-ci ilə qədər hər iki dövlətin sərhədinə baxmaq lazımdır. Bəllidir ki, SSRİ işğalı zamanı sərhədlərin dəyişdirilməsi birtərəfli və qeyri -qanuni xarakter daşıyıb. Hazırda Rusiyanın bir çox qonşu dövlətlərin sərhədlərini 1920 -ci il kontekstində sual altına qoyduğu, Qərbin SSRİ kommunist rejimini “qanunsuz qara yara” adlandırdığı bir zamanda Azərbaycanın delimitasiya ilə bağlı ən azından 1920-ci ilə qayıtması tutarlı arqumentlərlə doludur. 1920-ci ilin payızında Ermənistan bolşevik dövlətinin tərkibinə daxil olarkən 9 000 kvadrat kilomet əraziyə malik idi. Buna görə də hazırda Qərbin Ermənistanın ərazi bütövlüyü ilə bağlı həyacan keçirmələrinin heç bir hüquqi və məntiqi əsası yoxdur”.
Günay Rəsulqızı