“Nüvə silahının tətbiqi Rusiyanı fəlakətlə nəticələrlə üz-üzə qoyar” - Açıqlama

Rusiya ordusunun Ukraynadakı son uğursuzluqları Putinin dağıdıcı nüvə zərbəsinə əl atacağı ilə bağlı qorxuları artırıb. Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsindən və Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirdikdən sonra baş verə biləcək nüvə fəlakəti ilə əlaqədar Ukraynaya 5,5 milyon kalium yodid həbi göndərdiyini açıqlayıb.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, Rusiya Ukraynada yerləşən hədəfləri vurmaq üçün taktiki nüvə başlıqlarından istifadə edə bilər:
“Taktiki nüvə silahlarından istifadə zamanı əmələ gələn partlayışların təsiri Rusiyanın Ukrayna ilə sərhəd bölgələrində ciddi şəkildə hiss olunmayacaq. Elə bunu nəzərdə tutan Rusiyanın Çeçen Respublikasının başçısı Ramazan Kadırov da Rusiyanı zəif gücə malik taktiki nüvə silahından istifadə etməyə çağırır. Bu çağırışla bağlı Kremlin sözçüsü Dmitri Peskov Ramzan Kadırovu emosiyalarını cilovlaya bilməməkdə günahlandırsa da, taktiki nüvə silahından istifadə olunması məsələsinin masada olduğunu Kremldə inkar edən yoxdur.
Hazırda ABŞ-la müharibə üçün nəzərdə tutulan uzaqmənzilli nüvə silahları, yəni strateji nüvə başlıqları döyüşə hazır vəziyyətdədir. Yaxın mənzilli və ya taktiki nüvə başlıqlı nüvə silahlarını isə döyüş hazırlığına gətirmək tələb olunur. Bu silahlardan istifadə etmək üçün onlar anqardan çıxarılmalı, maşına yüklənməli, raketə və ya təyyarəyə quraşdırılmalıdır. Rusiya tərəfindən belə hazırlıq işlərinin aparılması qeyd olunmayıb. Buna görə də ABŞ və Böyük Britaniyada Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etməyə hazırlaşdığını düşünmürlər. Amma bu, Rusiyanın növbəti manevri ola bilər və ya Putin gözlənilmədən elə Kiyevə qarşı strateji nüvə silahını işə salar”.
Politoloq qeyd edib ki, heç kim nüvə silahından istifadənin Rusiyaya uğur gətirəcəyini düşünmür:
“Çünki bu uğurun hansı tərəfdən gələcəyini və Rusiyanın itirdiklərini hansı yolla geri qaytaracağını görmürlər. Digər tərəfdən Ukrayna silahlı qüvvələri çox kiçik, mobil qruplardan istifadə edir və bir yerdə toplanmırlar. Bu da onların kütləvi şəkildə nüvə hücumuna məruz qalmasının qarşısını alır. Böyük şəhərləri və dinc əhalini taktiki nüvə zərbəsinə məruz qoymaq isə Rusiya üçün olduqca ağılasığmaz nəticələr verə bilər. Yüz minlərlə insanın bir bomba ilə öldürülməsi Putini dünyanın ən qəddar qatilləri ilə bir sıraya qoymuş olar. Göründüyü kimi, Rusiyanın yaxın müddətdə Ukrayna ilə müharibədə vəziyyəti dəyişmək istiqamətində atacağı addımların nəticəsiz qalacağı ehtimalları getdikcə artır”.
Günay Rəsulqızı