Əliyevlə Paşinyan Praqada görüşəcək - Danışıqlar dördlü formata keçdi, nə gözlənilir?

Əliyevlə Paşinyan Praqada görüşəcək - Danışıqlar dördlü formata keçdi, nə gözlənilir?

Bu gün Avropa Birliyinin Praqada keçiriləcək sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçiriləcək. Görüş ərəfəsində həm Azərbaycan Prezidenti, həm də Ermənistanın baş naziri sülh sazişi üçün imkanların olduğuna işarə ediblər.

 

Maraqlıdır, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır? Praqa görüşü Ermənistan-Azərbaycan arasında sülhün əldə edilməsinə töhfə verəcək?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Şarl Mişelin vasitəçiliyi ilə görüşlərə alışmışıq:

 

“Bir dəfə də beynəlxalq tədbir çərçivəsində Fransa prezidentinin iştirakı ilə Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında qısa fikir mübadiləsi olmuşdu. Bu görüş ərəfəsində həm Azərbaycan Prezidenti, həm də Ermənistanın baş naziri sülh sazişi üçün imkanların olduğuna işarə ediblər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa və Qarabağ məsələsinə qarışmayacağına dair öhdəlik götürərsə, danışıqlarda irəliləyiş ola bilər. Ancaq buna zəmanət yoxdur.

 

Emmanuel Makronun üçlü danışıqlar formatını dördlü formata çevirməsi təşəbbüsü Avropa İttifaqı dövlətlərindən məhz Fransanın Cənubi Qafqazda liderliyə iddia olduğuna işarədir. Makron dəfələrlə balansı Ermənistanın xeyrinə pozub. Odur ki, Makronun görüşdə tərəfsiz olduğunu söyləmək çətindir. Yaxşı olardı ki, görüş beşli format çərçivəsində olardı - Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Türkiyə. Belə olan halda bərabərlik olardı”.

 

 

Siyasi şərhçi Kənan Novruzov isə düşünür ki, Paşinyan dünən parlamentdəki çıxışında sülh gündəliyə sadiq olduğunu söyləyib:

 

“Praqada baş tutacaq görüşdən bir gün əvvəl bu cür açıqlamanın verilməsini təsadüfi hesab etmirəm. Bu, İrəvanın Bakı və Ankaranın şərtlərini yerinə yetirəcəyinə dair ehtimalları artırır. Düşünürəm ki, sülh perspektivinin formalaşması istiqamətində ciddi razılıqlar əldə oluna bilər. Çünki Ermənistan baş nazirinin şansları da, vaxtı da azalır. Paşinyan vaxtı uzatmağa çalışdıqca əlindəki imkanlarından da məhrum olacaq”.

 

Siyasi şərhçi Aqşin Kərimovun sözlərinə görə, ilk növbədə görüşün formatına diqqət etmək lazımdır:

 

“Bu, ikinci belə formatda danışıqdır, birincisi onlayn keçirilmişdi. Bu görüş Rusiyanı qıcıqlandırmayacaq, çünki Avropa İttifaqı da, Fransa da Rusiya ilə münasibətlərin kəskinləşməsində maraqlı deyil. Moskvanın aqressiya dozasının artıb-artmayacağı ABŞ-ın danışıqlar masasındakı razılıqları öz maraqlarına sərf edən formada inkişaf etdirmək dərəcəsindən asılı olacaq.

 

Əliyev-Paşinyan danışıqlarının Paraqa raundu sülh müqaviləsinin detallarının yekun hazırlanması, tərəflərin bir-birinə açıq və ya gizli zəmanətlərinin effektivliyini dəqiqləşdirmə baxımından önəmlidir.

 

Görüşdən sonra isə hərbi əməliyyatların davam etməsi istisna deyil. Çünki Azərbaycan mümkündür ki, görüşdə istədiyini diplomatik razılaşdırma üsulu ilə ala bilməsin”.

 

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, görüşdə Paşinyan və Makronun Xankəndidəki ermənilər, Bakının onlarla “tərəf” kimi danışması məsələsini gündəmə gətirə biləcəyi istisna deyil:

 

“Əliyev elan etdi ki, “Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik”.

 

Prezident Xankəndidəki ermənilərlə bağlı bu mövqeyi dəfələrlə dilə gətirib, indi yenidən xatırlatması, xüsusilə “heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik” kontekstində vurğulaması səbəbsiz deyil.

 

Ermənistan “Bakı və Xankəndi” formatını dilə gətirir və proseslər göstərir ki, bu qondarma format ideyası təkcə İrəvanın yox, həm də Bakıya təzyiq kartı kimi istifadə etmək istəyənlərin ideyasıdır: Nikolun bunu ilk dəfə Makronla görüşdə dilə gətirməsi də bunu təsdiq edir.

Mümkündür ki, Qərbin təşkil etdiyi son təmaslarda bu məsələ də irəli sürülüb və Əliyev açıq şəkildə “müzakirə mövzusu olmayacaq” mesajını verir.

 

Prezidentin Qarabağda yaşayan ermənilərlə bağlı mesajı bu görüşə hesablanıb və görüş öncəsi belə bir mövzunun müzakirəsinə belə razılıq verilməyəcəyini elan edir”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR