Rusiya-Ukrayna savaşı Avropa ölkələrinə necə təsir edib? - Araşdırma

Rusiyanın Ukraynaya təcavüzü son altı ayda ölkəyə ölüm, dağıntı və səfalət gətirib. Bəs, sözügedən savaş Avropanın qalan hissəsini necə dəyişib?
Sfera.az Ukrayna müharibəsinin bir neçə Avropa ölkəsinə təsirlərindən bəhs edən araşdırmanı təqdim edir.
Avstriya - Müharibə bu ölkənin onilliklər boyu neytrallığa olan inamını şübhə altına alıb və ictimai müzakirələrə səbəb olub. Burada 1955-ci ildən başlayan neytrallıq siyasəti hələ də davam etdirilir, ona görə də Avstriya NATO-nun üzvü deyil. Lakin Finlandiya və İsveç kimi Avstriya da Rusiya-Ukrayna savaşından sonra bu variantı nəzərdən keçirməyə başlayıb. Əhalinin böyük əksəriyyəti neytrallığı dəstəkləməkdə davam etsə də, bunun müsbət və mənfi tərəfləri ilə bağlı müzakirələr heç vaxt olmadığı qədər genişlənib. Bu neytral mövqeyi vurğulamaq üçün kansler Karl Nehammer aprelin ortalarında Vladimir Putinlə üzbəüz danışıqlar üçün səfər edən ilk Avropa lideri olub.
Belçika - Ukrayna müharibəsinin enerji probleminə səbəb ola biləcəyindən ehtiyat edərək nüvə stansiyalarını bağlamağı təxirə salıb. Hazırda yeddi reaktoru olan ölkə 2025-ci ilə qədər nüvə enerjisindən asılılığından imtina etmək niyyətində idi. Lakin qazın qiymətinin artması və Rusiyanın Avropaya tədarükünü kəsmək riski bu sahədə siyasət dəyişikliyinə səbəb olub. Belçika nüvə enerjisindən istifadənin mərhələli şəkildə dayandırılmasını 10 il 2035-ci ilə qədər təxirə salacağını açıqlayıb.
Bolqarıstan – Savaş Moskva ilə Sofiya arasında münasibətlərin sürətlə pisləşməsinə səbəb olub. Kiril Petkovun qərbyönlü koalisiya hökuməti nəinki Aİ-nin Rusiyaya qarşı sanksiyalarını dəstəkləyib, həm də Moskvanın idxal olunan Rusiya qazının pulunu rublla ödəmək tələbini rədd edib. Bu, demək olar ki, tamamilə Rusiyadan idxal olunan enerjidən asılı olan “Qazprom”un ölkəyə qaz tədarükünü dayandırmasına gətirib çıxarıb. İyulda Petkov yunan həmkarı ilə iki ölkə arasında Azərbaycandan qaz nəql edən yeni boru xətti açıb. Lakin hakim koalisiya daxilində parçalanmalar səbəbindən Petkovun hökuməti bir neçə həftə əvvəl süqut edib. Yeni seçkilər oktyabrın əvvəlində keçiriləcək. Bu arada, Sofiyada müvəqqəti hökumətin Rusiyanın qaz kranlarının yenidən açılması üçün “Qazprom” ilə danışıqlara başlayacağı ilə bağlı etirazlar keçirilib. “Gallup International” Balkan təşkilatının may ayında keçirdiyi sorğunun nəticələrinə görə, əhalinin təxminən dörddə biri (23,3 faiz) Vladimir Putinin Ukraynanı işğal etməsinə haqq qazandırıb.
Çexiya - Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, bu ölkədə 413 mindən çox qaçqın qeydiyyata alınıb. Bu, ölkənin 10,7 milyonluq əhalisinin təxminən 4%-i deməkdir. Müqayisə üçün qeyd edək ki, Polşada qeydiyyatda olan 1,3 milyon ukraynalı qaçqın əhalinin 3,3 faizini təşkil edir. Mart ayında dərc edilən sorğuya görə, çexlərin 85 faizi öz hökumətlərinin qapılarını ukraynalı qaçqınların üzünə açmasını dəstəkləyib. İyulda keçirilən daha bir son sorğu göstərib ki, ictimaiyyətin 75 faizi ukraynalıları qəbul etməyə üstünlük verir.
Estoniya - Qitədə Ukraynaya dəstək verən lider ölkələrdən biri olub. Tallinn Ukraynaya 250 milyon avro hərbi yardım göndərib ki, bu da ölkənin illik müdafiə büdcəsinin üçdə birini təşkil edir. Əvvəllər Sovet İttifaqının tərkibində olan Estoniya əhalisinin 4 faizini təşkil edən 50 min ukraynalı qaçqını qəbul edib, Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb və bu yaxınlarda rusların ölkəyə girişini qadağan edib.
Fransa – Savaş nəticəsində yaranan enerji çatışmazlığı Fransaya, eləcə də bir çox Avropa ölkələrinə təsir edib. Fransızlar 2020-ci ildə qaz ehtiyaclarının yalnız 17 faizini Rusiyadan idxal ediblər, lakin neft və elektrik enerjisi də daxil olmaqla, enerji xərclərinin artması iyulda inflyasiyanın 6,1 faizə yüksəlməsinə səbəb olub. Camaata kömək məqsədilə “yanacaq azaldılması” kimi müxtəlif tədbirlər həyata keçirilib. Bu yardımlar dekabr ayına qədər davam edəcək. Hökumət həmçinin elektrik enerjisi ödənişlərinin artımını 4 faizlə məhdudlaşdırmaq və qazın qiymətini 2021-ci ilin oktyabr ayı səviyyəsində dondurmaq üçün “tarif qalxanı” adlı tənzimləmə təqdim edib. Bu plan da 2022-ci ilin sonuna qədər uzadılacaq. Bundan əlavə, aztəminatlı ailələr üçün 230 milyon avro ayrılıb.
Moldova - Rusiyanın Ukraynanı işğal etməsindən cəmi bir həftə sonra Moldova hadisələr fonunda planlaşdırdığı Qərbyönlü kursunu sürətləndirərək Aİ-yə üzv olmaq üçün rəsmi müraciət edib. Daha sonra Brüssel Moldovanı Aİ üzvlüyünə namizəd edib və bu, 27 üzvlü bloka qoşulma yolunda ilk mərhələ olub. Bu ölkədə inflyasiya fevraldakı 18,52 faizdən bu ay 33,55 faizə yüksəlib və artıq Avropanın ən yoxsul insanlarının bəzilərinə təsirsiz ötüşməyib. Ölkə Rusiyadan enerji təchizatından çox asılıdır və avqustda bu istiqamətdə qiymətlər 47 faiz artıb.
Rumıniya - iki milyondan çox ukraynalı sərhədi keçərək bu ölkəyə gəliblər. Səlahiyyətlilər bildiriblər ki, 87 min ukraynalı, o cümlədən 39 mini uşaq Rumıniyada qalmağa üstünlük verib. Minlərlə rumıniyalı könüllü qaçqınlara pulsuz yemək, sığınacaq və nəqliyyatla bağlı köməklik edib, bəziləri isə onlara iş tapıb. Bu arada hakimiyyət onlara uşaqları üçün pulsuz tibbi xidmət və təhsil almağa icazə verib.
Serbiya - İşğal Belqradı da çətin vəziyyətdə qoyub. Moskva və Pekinlə yaxşı münasibətlərin vacibliyinə inanan serblər Avropa İttifaqına üzvlüyünü qoruyub saxlamaq strategiyasını itirmək istəmirlər. Serbiya BMT Baş Assambleyasının işğalı pisləyən qətnamələrini dəstəkləməsinə baxmayaraq, Qərbin Rusiyaya qarşı sanksiyalarında iştirak etməkdən imtina edən Avropada bir neçə ölkədən biridir. Aİ diplomatları, avropalı liderlər və qanunvericilər Belqradı sanksiyaları dəstəkləməyə çağırıblar.
Günay Rəsulqızı