“Ermənistanın Minsk qrupunu diriltmək cəhdləri fayda verməyəcək” - Açıqlama
“Ermənistanın Brüsssel danışıqlarından yayınması və əldə olunan razılaşmaları yerinə yetirməməsi, xüsusilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə hərbiçi göndərməsi takitiki hesablamadır”.
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Paşinyanın Minsk qrupunun dirçəldilməsi istiqamətində verdiyi mesajlar, ABŞ və Avropa İttifaqının rəsmilərinin etnik ermənilər və Minsk qrupu barədə açıqlamaları göstərir ki, burada Azərbaycana müəyyən təzyiq siyasəti var:
“Ermənistanın bu taktiki siyasəti müsbət effekt verməyəcək. Azərbaycan Minsk qrupunda maraqlı deyilsə, artıq bu format bitib. Qarabağda 20 min erməniyə nəinki status, yaşadığı rayon üzrə rəhbər vəzifə verilməsinin belə heç bir hüququ əsası yoxdur. Azərbaycan qəti şəkildə Qarabağda kiçik bir etnik qrupa status verə bilməz. Bunu dəfələrlə prezident İlham Əliyev də qeyd edib. Müharibədən sonra Minsk qrupu və status deyənlər bir müddətdən sonra reallıqlarla tam barışmaq məcburiyyətində olacaq. Eyni zamanda Laçın dəhlizində alternativ yol istifadəyə verildikdən sonra Azərbaycan Qarabağdakı separatizmə son verə bilər. Bu yolun istifadə qaydaları tənzimlənməli və bununla separatizmi burada məhv etmək lazımdır. Azərbaycan yüksək standartlara uyğun olaraq yeni yol çəkir və rahat bir yoldan Ermənistan Azərbaycan ərazilərinə silah və hərbiçi göndərilməsinə icazə vermək olmaz”.
Politoloq əlavə edib ki, öz əlimizlə ölkə daxilində erməni separtizminin silahlanmasına şərait yarada bilərik:
“Ona görə də bu problem tam həll edilməlidir. Yeni yolu Rusiya sülhməramlı qüvvələrinin tam nəzarətinə vermək olmaz. Rusiyanın əsas marağı Azərbaycana təzyiq etmək və burada erməniləri silahlandırmaqdır. Belə olan təqdirdə, niyə şəriat yaratmalıyıq? Ümumiyyətlə bu gün sülh Azərbaycana deyil, Ermənistana lazımdır. Azərbaycan bu böhran fonunda Qarabağda silahlı ermənilərə qarşı hərbi təzyiq göstərməli, həmçinin Zəngəzur istiqamətində irəliləməlidir. Çünki, Ermənistan Azərbaycan ərazi bütövlüyünü tanımır. Azərbaycanda 1918-ci il sərhədlərinin bərpası istiqamətində addımlar atmalıdır. Əgər bu olacaqsa, Ermənistan rəhbərliyi sülh müqaviləsinə imza atacaq”.
Günay Rəsulqızı