Cənubi Qafqazda “3+3” formatı – Hansı dövlətin nə marağı var?

Cənubi Qafqazda “3+3” formatı – Hansı dövlətin nə marağı var?

Cənubi Qafqazda “3+3” formatının (Azərbaycan, Rusiya, Gürcüstan, İran, Türkiyə, Ermənistan) yaradılması uzun müddətdir müzakirə olunur.

Bu ideya ilk dəfə 90-cı illərin əvvəllərində Türkiyə Prezidenti Süleyman Dəmirəl tərəfindən irəli sürülüb. Sözügedən formatın gerçəkləşdirilməsi 44 günlük müharibədən sonra Cənubi Qafqazda nizamın bərpası məqsədilə daha da aktuallaşıb.

 

Maraqlıdır, “3+3” formatı yaxın gələcəkdə real ola bilərmi? Formata üzv ölkələr hansı təşəbbüslərlə çıxış edə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Arzu Nağıyev sözügedən formatda hər bir dövlətin müəyyən maraqlara sahib olduğunu deyib. Millət vəkili öncədən hansı problemlərin həllini tapması ilə bağlı məsələnin aydınlaşdırılmalı olduğunu vurğulayıb:

 

“3+3 formatının reallaşması üçün hər bir dövlətin bu formatdakı yeri məlum olmalıdır və bilinməlidir ki, hansı problemlərin həlli həyata keçiriləcək. Məlumdur ki, bu formatda Gürcüstan, Azərbaycan, Rusiya, İran, Ermənistan və Türkiyə təmsil olunur. Əsas problemlər isə regionda təhdidin qarşısının alınması, iqtisadi-siyasi problemlərin həlli və kommunikasiyaların açılmasıdır. Aydındır ki, hər ölkənin bu formatda öz marağı var. Gürcüstan özünü logistika ilə məşğul olan bir dövlət kimi görür, Azərbaycanla Ermənistan arasında barışdırıcı mövqe tutmağa çalışır, Avropaya inteqrasiya üçün Azərbaycan ərazisindən keçən kommunikasiyanın açılmasında maraqlıdır. Türkiyə “bir millət iki dövlət” prinsipi ilə bütün proseslərdə iştirakçı rolunu oynayır. Türkiyə bilir ki, Zəngəzur dəhlizinin açılması birbaşa Türkiyəyə daşınmada mühüm rol oynayır və eyni zamanda gələcəkdə qazla bağlı olan bir sıra böyük layihələrin iştirakçısı olmaq istəyi mövcuddur”.

 

Deputat 3+3 formatında İran və Rusiyanın maraqlarına da toxunub:

 

“Tətbiq olunan sanksiyalar isə İran üçün əsas problemlərdən biri olub. Rusiya da Qarabağ məsələsinin həllində vasitəçiliyini artırmağa çalışır. Bu gün dünya elə dəyişib ki, artıq Azərbaycan maraq doğuran ölkəyə çevrilib. Buradan istər tranzit daşımalar həyata keçirmək, istərsə də digər istiqamətlərdə əməkdaşlıq üçün yararlanmaq olar. Ermənistan da maraqlı olmalıdır ki, kommunikasiyalar açılsın və birmənalı olaraq öz problemini özü həll etsin. Türkiyə və Ermənistan arasında sərhədin açılması, sülh sazişi imzalandıqdan sonra daşınma prosesində iştirak etmək zəruridir və 10 Noyabr sazişinə uyğun olaraq Azərbaycan ərazisindən qanunsuz ermənni birlməşmələri çıxarılmalıdır. Biz qalib ölkə olaraq bu istiqamətdə öz fikirlərimizi söyləmişik və işlər görülür”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR