“Antiterror əməliyyatı keçirə bilərik” - Açıqlama

15:06 / 08.07.2021
1131
"PUA-lar vasitəsilə Qarabağdakı erməni terror
bazaları və qanunsuz hərbi birləşmə liderlərini məhv edə bilərik”.
Bu sözləri Sfera.az-a açıqlamasında İrəvanın
Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında məskunlaşan
terror qruplarını nəinki geri çəkmədiyi, hətta "Böyük Tiqran” birliyi tərəfindən
onlara hərbi kurslar keçirməklə yeni terrorçu və muzdlu dəstələr hazırlamaqda
davam etdikləri barədə erməni kanallarının yaydığı məlumata münasibət bildirərkən,
QAFSAM sədrinin müavini Nazim Cəfərsoy deyib:
"Bu xəbərin real olması yüksəkdir və Rusiya
sülhməramlılarının öz işinin öhdəsindən gəlmədiyi və yaxud gəlmək istəmədiyini
açıq şəkildə göstərir. Bu hadisə rus sülhməramlıları barədə formalaşan mənfi
imici daha da artıracaq. Beynəlxalq hüquqa və 10 noyabr, 11 yanvar sazişlərinə
uyğun olaraq Ermənistan və Rusiya sülhməramlıları Qarabağdakı terror birləşmələrini
zərərsizləşdirmək üçün üzərlərinə düşən vəzifəni icra etməlidirlər. Onlar bunu
etmirsə, Azərbaycan üç istiqamətdə iş aparmalıdır. Öncə, Rusiyadan və birgə
Monitorinq mərkəzindən diplomatik və ictimai yolla tələb edilməlidir ki, üzərlərinə
düşən işi həyata keçirsinlər”.
Ekspert bildirdi ki, sülhməramlılar bunu etməyəcəklərsə,
konkret zaman çərçivəsində terrorçu qruplara qarşı antiterror əməliyyatına
başlamalı olacağımız baradə açıqlama verməliyik:
"Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının qərarlarına
istinad etməklə 44 günlük müharibədə həmin qərarları reallaşdırdığımız kimi, bu
prosesdə də beynəlxalq hüquq və ölkə Konstitusiyasının verdiyi səlahiyyətləri nəzərə
alaraq antiterror əməliyyatına başlayacağımızı elan etməliyik. Buna görə heç bir
xarici güc Azərbaycana heç nə deyə bilməz”.
Həmsöhbətimiz düşünür ki, bu zaman həmin
terrorçu qruplara qarşı antiterror əməliyyatını bir neçə istiqamətdə həyata
keçirə bilərik: "PUA-lar vasitəsilə Qarabağdakı erməni terror
bazaları və qanunsuz hərbi birləşmə liderlərini məhv edə bilərik. Digər tərəfdən,
ərazi əməliyyatı keçirib, terrorçuları məhv etməliyik”.