Şirkət sahibi 2 milyard dollar pulu götürüb ölkədən qaçdı - \"Thodex\" skandalının PƏRDƏARXASI
12:10 / 23.04.2021
2227
Kriptovalyuta bazarında "Thodex” - 2017-ci ildə qurulan Türkiyənin yerli kriptovalyuta birjası ilə bağlı skandal yaşanır. Son bir neçə gündə Türkiyənin daxili kriptovalyuta birjası "Thodex”lə bağlı qeyri-müəyyən suallar ortaya çıxıb.
Sfera.az xəbər verir ki, aprelin 21-də günlük 1,3 milyard dollarlıq ticarət dövriyyəsinə çatdıqdan sonra "Thodex”də alqı-satqı işləri qapadılıb, daha sonra təsisçi və baş icraçı direktor Faruk Fatih Özer sosial media hesablarını da bağlayaraq xaricə qaçıb.
Beynəlxalq kriptovalyuta birjaları haqqında ani məlumatları paylaşan "Coinmarketcap" və "Coingeck"un məlumatlarına görə, "Thodex" 17 aprel tarixində 1 milyard 334 milyon dollarlıq əməliyyat həyata keçirib. Bu rəqəm "Thodex"də son 3 ayın ən yüksək göstəsiricisi olub.
İlk siqnallar
Əslində "Thodex”də baş verənlərin ilk siqnalı aprelin 19-da verilib.
"Vacib məlumat" adı ilə istifadəçilərin diqqətinə çatdırılan mesajda deyilib:
"Son zamanlar birjada yaşanan problemlər səbəbilə 20.04.2021 tarixində saat 20:00-a qədər planlı bir texniki iş aparılacaq və iş təxminən 6 saat davam edəcək. Təmir işimizdən sonra bütün problemlər həll olunaraq yenidən xidmətinizdə olacağıq”.
Ancaq deyilən müddətdən sonra da birja açılmayıb və "Thodex” tərəfindən aprelin 21-də bu dəfə də aşağıdakı açıqlama verilib:
"Razılaşma prosesi başa çatdıqda adını açıqlayacağımız dünyaca məşhur banklar və fond şirkətləri, uzun müddətdir ki, şirkətimizə investisiya qoymaq və ortaqlıq təklifi vermək istəyir. Sizə daha yaxşı xidmət göstərmək üçün tərəfdaşlıq təklifini müsbət qiymətləndirməyə qərar verilib. Bu müddətin tamamlanması üçün əməliyyatlar dayandırılmalı və köçürmə prosesi yekunlaşmalıdır. Proses təxminən 4-5 iş günü davam edəcək. Bu müddət ərzində istifadəçilərimizə mütəmadi məlumat veriləcək. Təhlükəsiz infrastrukturumuzla sizə xidmət etməyə davam etmək üçün daha güclü tərəfdaşlarla işləyirik".
İstifadəçilər son 30 saatdır "Thodex”ə giriş edə bilmir. Ticarət əməliyyatlarını həyata keçirə bilməyənlər artıq "Thodex” birjasının sahibi - "Koineks A.Ş.” şirkətinin səlahiyyətlilərini cinayət ittihamı ilə məhkəməyə verirlər.
Hazırda "Thodex”ə veb sayt vasitəsilə daxil olmaq mümkün deyil, mobil tətbiqetməyə daxil olmaq istəyənlər isə aşağıdakı bildirişlə qarşılaşıblar: "Tətbiq hazırda texniki təmirdədir. Zəhmət olmasa, bir az sonra yenə cəhd edin”.
"Dogecoin” bolluğu
"Thodex"dəki son əməliyyatlara baxdıqda görünür ki, gündəlik rekord qıran mübadilənin yarısından çoxunu bu yaxınlarda "Space X" və "Tesla”nın CEO-su Elon Maskın səhmləri ilə rekord qıran "Dogecoin” əməliyyatları təşkil edib. "Thodex"də edilən əməliyyatlarda "Dogecoin" 53 faiz, "Tether" 13 faiz, "Ripple" 7,4 faiz, "Litecoin" 3,3 faiz və "Bitcoin" 3 faiz paya sahib olub.
Məlum olub ki, "Thodex” ötən ay "Dogecoin” kriptovalyutası ilə bağlı hədiyyə kampaniyası da keçirib. "THODEX 2 000 000 Dogecoin paylayır! Üzv olun və 2 milyon "Dogecoin”dən 150-si sizin olsun", - deyə üzv olmaq istəyənlərə verilən vəddə bildirilib.
Mərkəzi Bankın qərarı nəyi dəyişdi?
"Thodex”də yaşanan bu qalmaqalın Mərkəzi Bankın keçən həftə yayımladığı qaydalardan dərhal sonra ortaya çıxması da diqqət çəkicidir. Kriptovalyuta ilə ödənişlərdən istifadə edilməməsi ilə bağlı tənzimləmə işlərini tamamlayan Mərkəzi Bank kriptovalyuta bazarlarındakı istifadəçilər üçün aşağıdakı xəbərdarlıqları edib:
"Kripto aktivləri heç bir qayda-qanun və nəzarət mexanizminə, mərkəzi ünvan sahibinin olmamasına, bazar dəyərlərinin həddindən artıq dəyişkənliyinə, anonim quruluşlarına görə qanunsuz fəaliyyətlərdə istifadə edilməsinə, virtual pul kisələrinin oğurlanması və ya sahiblərinin xəbəri olmadan qanunsuz istifadə edilməsinə, eləcə də qanunsuz əməliyyatlara görə özündə böyük risklər daşıyır.
Son vaxtlarda bu növ valyutaların ödəniş sahəsində istifadəsi üçün müxtəlif təşəbbüslərin edildiyi müşahidə olunur. Kriptovalyutalardan ödənişlərdə istifadənin yuxarıda göstərilən səbəblərə görə əməliyyatların geriyə dönüşü olmayan problemlərə səbəb ola biləcəyi və hazırda bu sahədə istifadə edilən metod və vasitələrə qarşı inam zəifliyi yarada biləcək elementləri özündə ehtiva etdiyi düşünülür".
İnci
Sfera.az