Samir Abasov: "Cavab matçında hər şeyə sıfırdan başlayacağıq"

Samir Abasov:
"Maraqlı oyun alındı. Hesaba baxmayaraq, mərhələ iki matçdan ibarətdir. Səfər qolu ləğv olunduqdan sonra bu, bizə üstünlük verə bilər. Səfər matçında hər şeyə sıfırdan başlayacağıq. Hər bir halda xarakterimizi ortaya qoymalı, oradan sərfəli nəticə ilə gəlməliyik. Bunun üçün hər şeyi edəcəyik".

Sfera.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda Finlandiyanın HİK (Helsinki) komandası ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis pis oynamadıqlarını bildirib: "Aqil Məmmədov zədələndikdən sonra planımız pozuldu. Buna baxmayaraq, Kamran İbrahimov bu cür matçda çox inbamlı oynadı. Bu da komandaya inam verdi. Cavab görüşündə əlimizdən gələni edəcəyik".

Onun sözlərinə görə, sxemin içində oyunçu dəyişiklikləri məcburiyyətdən doğan bir şeydir: "Futbolçuların psixoloji və fiziki durumunu biz daha yaxşı bilirik. Düz deyirsiniz, Emin Mahmudova çox yük düşdü. Emin özü də çox qaçan oyunçudur. Komandamdan razı qaldım. Hər şey yaxşı idi. Oyunun sonlarına doğru futbolçular yorulmuşdu. Ona görə müdafiəyə çəkilmək məcburiyyətində qaldıq. Bəzən rəqib də səni buna məcbiur edir".

Abasov ilk hissədə zədələnən Aqil Məmmədovun durumuna da toxunub: "Onun səhhətində problemlər var idi. "Olimpiakos"la görüşdən sonra 3 gün qızdırmalı olmuşdu. Neçə gün məşq etməmişdi. Bu gün Aqilin zədəsi haqqında nəsə demək çox çətindir. Ümid edirik ki, yaxşı olacaq".

Mütəxəssis Xəyal Nəcəfovun sosial şəbəkələrdə tənqid olunmasına da münasibət bildirib: "Hamımızı qınayırlar. Bütün qınaqlara baxıb heyət qursaq, düzgün olmaz. Həmin şəxslərə imkan versək, hərəsi bir heyət quracaq. Bu, baş məşqçinin işidir. Xəyalı yaxşı tanıyıram, "Neftçi" üçün böyük iş görəcək".

Baş məşqçi cavab matçında süni örtükdə oynamağın problem yaradacağını bildirib: "Biz hər zaman "Səbail"lə oyuna gedəndə bu cür hallarla üzləşirik. Bu cür meydanda oynayan futbolçular daha rahat çıxış edirlər. Səfərə oyundan 2 gün öncə gedib, meydançaya öyrəşməyə çalışacağıq. Hazırlığı "Səbail"in meydanında keçmək istəmirik. Zədə təhlükəsi var. Bu riskə girə bilmərik. Futbolçu vaxtı bunun əziyyətini çox çəkmişəm".

Namik Ələskərovun zədəsi barədə danışan Abasov futbolçunun Türkiyəyə yollandığını bildirib: "Orada üzünə xüsusi maska hazırlanacaq. Bundan sonra Bakıya qayıdacaq".

Abasov transfer işlərinin davam etdiyini söyləyib: "Yaxın vaxtlarda bəzi məsələlərə aydınlıq gələcək. Amma onu deyim ki, futbolçular buraya gəlmək istəmirlər. Bəzən araya agentlər girirlər. Bir neçə futbolçu ilə şəxsən özüm danışmışam. Bu gün, sabah deyə-deyə gəlməyiblər. Düzdür, özümüzdə də müəyyən problemlər var. Amma transferlər mütləq olacaq".

Mütəxəssis final fitindən sonra Mamadu Kane və Mamadu Mbocla aralarındakı söhbəti də açıqlayıb: "Uşaqlar üzgün vəziyyətdə idilər. Kane deyirdi ki, bu gün biz udmalı idik. Ona vəziyyəti başa salırdım. Mamadu Mboc da tərcümə edirdi".
 
(Report)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR