Hər gün içdiyiniz bu içkilər ömrü uzada bilər

Hər gün içdiyiniz bu içkilər ömrü uzada bilər
Kateqoriya məlum deyil
T

Qəhvə, yaşıl çay və qara çayın müntəzəm istehlakı ömür uzunluğunun artmasına müsbət təsir göstərə bilər.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu nəticə bir qrup alimin bir neçə nüfuzlu elmi araşdırmanın nəticələrini təhlil etməsindən sonra əldə olunub.

Böyük Britaniya Biobankının məlumatlarına əsasən, gündə 1-2 fincan qəhvə içən insanların orta ömür müddətinin daha uzun olduğu müəyyən edilib. Digər araşdırmalara görə isə Asiya ölkələrində gündə beş fincana qədər qəhvə qəbul edən şəxslərdə müxtəlif səbəblərdən ölüm riski 28 faiz daha aşağı olub. Mütəxəssislər bunu qəhvənin tərkibindəki kofein və polifenolların orqanizmə müsbət təsiri ilə əlaqələndirirlər.

Araşdırmalar yaşıl çayın da sağlamlıq üçün mühüm faydalar təqdim etdiyini göstərir. Bildirilir ki, bu içki ürək-damar və bəzi onkoloji xəstəliklərin yaranma riskini azaltmağa kömək edə bilər. Yaşıl çayın əsas faydalı maddəsi hesab edilən epiqallokatexin qallat (EGCG) ilə bağlı 2025-ci ildə aparılan meta-analiz bu birləşmənin müntəzəm qəbulunun müəyyən xərçəng növlərinin inkişaf riskini azaltdığını ortaya qoyub.

Qara çayın müntəzəm istehlakının isə qan təzyiqini və “pis” LDL xolesterolun səviyyəsini aşağı saldığı, həmçinin yaşlı insanlarda idrak funksiyalarının zəifləməsini ləngidə biləcəyi bildirilib. Məlumata görə, gündə iki stəkandan çox qara çay içən insanlarda ölüm riski 9-13 faiz daha az olub.

Alimlər bitki çaylarının da sağlamlıq baxımından faydalı olduğunu vurğulayırlar. Belə ki, nanə çayı həzm sisteminin fəaliyyətini tənzimləməyə, çobanyastığı çayı yuxu keyfiyyətini yaxşılaşdırmağa, hibiskus çayı isə qan təzyiqinin müəyyən dərəcədə azalmasına kömək edə bilər.

Bununla yanaşı, tədqiqatçılar içkilərə süd əlavə edilməsinin onların faydalı xüsusiyyətlərini azaltdığına dair geniş yayılmış fikrin elmi araşdırmalarla təsdiqlənmədiyini də bildiriblər. Buna görə də qəhvə və ya çaya süd əlavə etməyin sağlamlığa faydaları əhəmiyyətli dərəcədə azaltdığına dair qəti sübut yoxdur.

Mənsumə

Sfera.az

PAYLAŞ