Son illərdə dünyada və Azərbaycanda nevroloji xəstəliklərin artımı ciddi narahatlıq doğurur. Xüsusən də beyin qan dövranı pozğunluqları, miqren, epilepsiya, altsheymer, parkinson və digər xəstəliklər həm gənclərin, həm də yaşlıların gündəlik həyat keyfiyyətini ciddi şəkildə aşağı salır. Əgər bir vaxtlar bu xəstəliklər daha çox yaşlı nəslin problemi kimi qəbul edilirdisə, indi artıq 30-40 yaşlı insanlarda da rast gəlinir ki, bu da cəmiyyət üçün ciddi xəbərdarlıqdır.
Sfera.az-ın əməkdaşı bütün bu məsələləri aydınlaşdırmaq, həm də oxuculara tövsiyələr çatdırmaq üçün tanınmış nevroloq Qalib Əsədov ilə söhbətləşdi.
Müsahibəni təqdim edirik:
– Azərbaycanda ən çox rast gəlinən nevroloji xəstəliklər hansılardır? Bu xəstəliklərdə artım müşahidə edilirmi və səbəblər nələrdir?
- Azərbaycanda nevroloji xəstəliklər çox geniş yayılıb və onların sayı ilbəil artır. Ən çox rast gəlinəni insultdur. İnsult beyin qan dövranının kəskin pozulmasıdır. İnsult artıq yalnız yaşlılarda yox, gənclərdə də müşahidə olunur və əlillik, hətta ölüm səbəblərinin başında dayanır.
Bundan başqa, epilepsiya – xalq arasında “sudurğa” adlandırılan xəstəlik – xüsusilə uşaqlar arasında çox yayılıb. Tez-tez qıcolma, huşun itməsi, qəfil donma halları ilə müşahidə olunur.
Miqren və digər baş ağrıları da gündəlik müraciətlərin böyük hissəsini təşkil edir. Əvvəllər yalnız böyüklərdə müşahidə olunan bu problem indi məktəblilər arasında da artır.
Parkinson xəstəliyi yaşlı nəsildə geniş yayılıb. Əllərin və başın əsməsi, yerişin dəyişməsi, hərəkətlərin yavaşlaması əsas əlamətlərdəndir.
Altsheymer və demensiya isə yaddaş itkisi, tanımama və gündəlik fəaliyyətlərdə çətinliklə özünü göstərir. Bu xəstəliklər artıq Azərbaycanda da ciddi sosial problemə çevrilir, çünki belə xəstələr ailə üzvlərinin daimi qayğısına möhtac olur.
Əlavə olaraq, periferik sinir sistemi xəstəlikləri – boyun və bel osteoxondrozu, radikulitlər – də çox geniş yayılıb. İnsanlar bunu “duzlaşma” adlandırırlar. Uzun müddət kompüter qarşısında oturmaq, hərəkətsizlik, düzgün olmayan qidalanma və artıq çəki bu xəstəlikləri artırır.
Bütün bunların səbəbləri isə həyat tərzi ilə bağlıdır. Hərəkətsizlik, siqaret, alkoqol, düzgün olmayan qidalanma, yüksək stress, yuxusuzluq və vaxtında həkimə müraciət etməmək bu xəstəliklərin yaranmasına kömək edir. Təəssüf ki, insanların əksəriyyəti yalnız ciddi problem yarandıqda həkimə gedir.
– İnsult keçirənlərin sayında artım müşahidə edilir. Bu artımın səbəbi nədir?
- Bəli, insult halları dünyada da, Azərbaycanda da artır. Əsas səbəb risk faktorlarının çoxalmasıdır. Yüksək qan təzyiqi, şəkərli diabet, xolesterinin yüksəlməsi, piylənmə, hərəkətsizlik və siqaret insultun əsas səbəblərindəndir.
Təəssüf ki, insult artıq yalnız yaşlıların deyil, gənclərin də problemi olub. 30-40 yaşlı gənclərdə belə insult halları qeydə alınır. Bunun əsas səbəbi urbanizasiya və sürətli həyat tərzidir. Stress, yuxusuzluq, düzgün olmayan qidalanma damarların vəziyyətini pisləşdirir.
Həm də nəzərə almaq lazımdır ki, insanların ömür müddəti uzandıqca damarların aşınması, yaşlanması prosesi də artır. Əvvəllər 50 yaşlı insan yaşlı hesab olunurdusa, indi 70-80 yaş normal yaş dövrüdür. Bu da öz növbəsində insult hallarını artırır.
– Bəs necə etmək olar ki, beyin damarları daha sağlam qalsın və insult riski azalsın?
- Əslində bunun çox sadə yolları var, amma insanlar çox vaxt onları ya bilmir, ya da əməl etmirlər. Əvvəla, qan təzyiqini daim nəzarətdə saxlamaq lazımdır. Təzyiqin 140/90 mm civə sütunundan yuxarı olması artıq xəstəlikdir və mütləq müalicə olunmalıdır.
İkincisi, qidalanmaya diqqət edilməlidir. Duz, yağlı yeməklər, qızardılmış qidalar insult riskini artırır. Onların əvəzinə tərəvəz, meyvə, balıq, qoz-fındıq və tam taxıl məhsulları tövsiyə olunur.
Üçüncüsü, hərəkət mütləqdir. İnsanın yaşı 40-dan yuxarıdırsa, gündə ən azı 30 dəqiqə sürətli yerimə, qaçış və ya üzgüçülük etməlidir. Bu, həm də ürək-damar sistemini qoruyur.
Yuxu da çox vacibdir. İnsan beynini qorumaq üçün gündə 7-8 saat yatmalıdır. Yuxusuzluq insult və altsheymer üçün ciddi risk faktorudur. Hətta insult riskini yoxlamaq üçün müəyyən testlər də olur.
– Bəs, aşağı təzyiqin norması neçə hesab olunur?
- Aşağı təzyiqin norması 70-80 mm civə sütunu hesab olunur, yuxarı isə 120-130 normaldır. 140-dan yuxarı olanda artıq risk başlayır. İnsanlar çox vaxt “məndə təzyiq yoxdur” deyərək həkimə müraciət etmirlər, amma bu, yanlış yanaşmadır. Müntəzəm olaraq təzyiqi ölçmək lazımdır.
– Siz dediniz ki, insult riskini yoxlamaq üçün test də var. Necə işləyir bu test?
– Bu testin məqsədi insanların özlərini qiymətləndirməsidir. Əgər verilən suallarda “hə” cavabını verəcəksinizsə, 1 rəqəmini, “yox” cavabını verəcəksinizsə, 0 qeyd edin.
1. Qan təzyiqiniz 140-dan yuxarıdırmı?
2. Şəkərli diabetiniz var?
3. Qanda xolesterin yüksəkdir?
4. Siqaret çəkirsiniz?
5. Artıq çəkiniz var?
6. Hərəkətsiz həyat tərzi sürürsünüz?
7. Stress və yuxusuzluqdan əziyyət çəkirsiniz?
8. Spirtli içki qəbul edirsiniz?
9. Ailənizdə insult və infarkt keçirən olubmu?
Əgər cavablarınızdan yalnız 0-2 “hə”dirsə – risk azdır. 3-5 arası “hə” varsa – orta risk var, həyat tərzini dəyişmək lazımdır. 6 və daha çox “hə” varsa – risk çox yüksəkdir.
– Altsheymer və demensiyanın əsas səbəbi genetik faktorlardır, yoxsa həyat tərzidir?
- Biz tibbi vasitələrin və təbabətin inkişafı nəticəsində insan ömrünü uzatmağı bacarmışıq. Lakin ömür uzandıqca beyin bu yükün öhdəsindən gələ bilmir. Beyin qabığında atrofiya baş verir və nəticədə Altsheymer xəstəliyi halları artır. Məsələn, XX əsrdə orta ömür yaşı 37 idi. Bu yaşda təbii ki, altsheymer və ya demans müşahidə olunmurdu. Amma bu gün orta ömür 70–80 ilə qədər uzandığı üçün yaşlandıqca beyində atrofiya və demans halları yaranır.
Digər əsas səbəb isə genetik faktorlardır. Altsheymerin ailəvi formaları mövcuddur. Bu zaman xəstəlik gənc yaşlarda – məsələn, 40–45 yaşlarda özünü göstərə bilir. Bu, gendə olan mutasiya ilə bağlıdır və nəsildən-nəsilə ötürülə bilər. Amma bu, o demək deyil ki, altsheymer tamamilə irsi xəstəlikdir. Yəni, valideynlərdə varsa, övladlarda da mütləq olacaq deyə bir qanunauyğunluq yoxdur.
Altsheymer xəstəliyinin yaranmasına qidalanma da təsir göstərir. Yediyimiz qidalardan asılı olaraq beyində patoloji dəyişikliklər baş verə bilir, neyronlar məhv olur və nəticədə xəstəlik inkişaf edir. Bundan əlavə, yaş faktoru mühüm rol oynayır – xüsusilə 65 yaşdan yuxarı şəxslər risk qrupuna daxildir.
Yaşam tərzi və ətraf mühit də təsir edən amillərdəndir. Passiv həyat tərzi, oturaq iş, hərəkətsizlik riski daha da artırır. Ümumiləşdirsək, genetik faktor təməl zəmin yaradır, yaş və damar problemləri ilə yanaşı, qeyri-sağlam yaşam tərzi isə bu xəstəliyin sürətlə inkişafına səbəb olur.
– Uşaqlarda nevroloji problemlər vaxtında necə aşkarlana bilər?
- Uşaqlarda nevroloji problemlər çox vaxt erkən yaşlarda özünü göstərir. Əgər körpə vaxtında başını qaldırmır, oturmur, yerimir, danışmırsa, bu siqnaldır. Tez-tez qıcolma, baş ağrısı, ani donma da nevroloji xəstəliyin əlaməti ola bilər.
Əgər ana hamiləlik və doğuş zamanı stress, infeksiya, təzyiq, travma, oksigen çatışmazlığı kimi problemlər yaşayıbsa, uşaq mütləq nevroloqun nəzarətində olmalıdır.
Valideynlər uşağın davranışına diqqət etməlidirlər. Əgər uşaq səsə reaksiya vermirsə, gözlə təmas qurmursa, danışıq inkişafı ləngiyirsə, nevroloqun müayinəsinə aparmaq lazımdır. Mən həmişə deyirəm: uşaq 1 yaşına qədər ən azı 3 dəfə nevroloq tərəfindən müayinə olunmalıdır. Məktəbli uşaqlar isə ildə 1 dəfə heç olmasa həkim müayinəsindən keçməlidir.
– Son illərdə gənclərdə yaddaş zəifliyi və diqqət dağınıqlığı artır. Bunun səbəbi nədir?
- Bəli, tamamilə doğrudur, gənclərdə yaddaş zəifliyi və diqqət dağınıqlığı çox müşahidə olunur. Bunun əsas səbəbi texnologiyadır. İnsanlarda ekran asılılığı yaranıb: telefon, kompüter, sosial şəbəkələrdən asılılıq artıb. Beyin səhərdən axşama qədər küllü miqdarda informasiya qəbul edir və nəticədə uzunmüddətli yaddaş zəifləyir.
Axşam saat 6-dan sonra beyin melatonin hormonu ifraz edir. Bu, insanı yavaş-yavaş yuxuya aparmalıdır. Amma biz telefonla oynayanda, bir tərəfdən melatonin ifraz olunur, digər tərəfdən isə beyinə əlavə məlumatlar yüklənir. Bu zaman beynin bioloji ritmi pozulur, nəticədə həm yaddaş, həm də diqqət zəifləyir.
Yuxu yaddaş üçün ən əsas faktordur. İnsan səhər oyanandan axşama qədər aldığı bütün informasiyalar beynin hipokamp adlanan hissəsində toplanır. Biz yatarkən hipokamp bu informasiyaları təhlil edir: əgər insan üçün əhəmiyyətlidirsə, onu uzunmüddətli yaddaşa çevirir, əks halda silir. Əgər insan yuxusuz qalırsa, bu proses pozulur və lazımsız məlumatlar beyində qalır. Nəticədə yeni informasiyanı qəbul etmək üçün yer azalır. Ona görə də gündə ən azı 8 saat yuxu mütləqdir. Bundan əlavə, günorta 30 dəqiqəlik “siesta” adlanan qısa yuxu da beynin boşalmasına və rahatlamasına kömək edir.
Bu yaxınlarda Lozanna Universitetində maraqlı bir təcrübə aparılıb. 180 tələbəyə əqrəblər və hörümçəklər haqqında mühazirə oxunub. Sonra tələbələr 3 qrupa bölünüb: birinci qrupa deyilib ki, gedin yatın və dincəlin. İkinci qrupa “gedin istirahət edin” – yəni əyləncə mərkəzləri, konsertlər və s. göstərilib. Üçüncü qrupa isə tapşırılıb ki, internetdən əqrəblər və hörümçəklər haqqında əlavə məlumat toplayın. Aradan 3 saat keçdikdən sonra tələbələrə imtahan götürülüb. Ən yaxşı nəticəni yatan tələbələr göstərib, çünki onların beyni dincəlmişdi. Ən pis nəticəni isə üçüncü qrup – internetdə əlavə məlumat toplayanlar göstərib, çünki beyin o qədər yüklənmişdi ki, informasiyalar qarışmışdı.
Digər mühüm amil isə gənclərin beyninə mənfi təsir edən "fast food" və qazlı içkilərdir.
Gənclərə əsas tövsiyəm odur ki, mütləq kitab oxusunlar. Kitab oxumaq beyni inkişaf etdirir, yaddaşı və diqqəti gücləndirir.
– Bəzən deyirlər ki, insan beyni özünü aldadır. Yəni olmayan hadisəni xatırladır. Bu mümkündürmü?
- Bu mövzu nevrologiya və psixologiyada “yalançı xatirə” adlanır. Hətta bunun elmi adı da var – “Mandela sindromu”. Məsələn, sorğular zamanı bir çox insan Nelson Mandelanın 1900-cü illərdə həbsxanada öldüyünü xatırladığını deyib. Halbuki Mandela 2013-cü ildə vəfat edib. Maraqlıdır ki, insanlar hadisəni səhv xatırlasalar da, əminliklə bunu doğru hesab edirlər.
Bəs beyin necə olur ki, olmayan hadisəni “xatırlayır?” Bunun cavabını yaddaşın işləmə mexanizmində tapmaq olar. Bizim yaddaşımız videokamera kimi işləmir. Yəni hər gördüyümüzü tam şəkildə köçürüb saxlamırıq. Keçmişi bütöv şəkildə kopyalamaq əvəzinə, beynimiz əsas detalları seçib yadda saxlayır. Daha sonra həmin parçaları birləşdirərək hadisəni yenidən qurur. Bu prosesdə bəzən boşluqları beyin özü doldurur. Məsələn, hansısa cinayət hadisəsi baş verib, kimsə kimisə bıçaqlayıb. Mən bıçaqlanma faktını xatırlaya bilərəm, amma həmin şəxsin əynində hansı paltar olduğunu dəqiq bilmirəm. Sabah müstəntiq soruşanda, beynim həmin boşluğu “tamamlayaraq” səhv məlumat verə bilər – məsələn, deyə bilərəm ki, o, sarı geyinmişdi, halbuki qara geyinmişdi. Yəni yaddaş bəzən reallığı dəyişdirərək təqdim edir.
Xüsusilə emosional hadisələr – xoşbəxtlik, qəza, bədbəxt anlar və s. – beynimizdə daha güclü iz buraxır. Amma eyni zamanda, emosional fon yaddaşı gücləndirsə də, detallarda yanlışlıqlara səbəb ola bilir. Beyin həmin anları şişirdilmiş şəkildə qəbul edir və insan da onları şişirdilmiş formada xatırlayır.
– Bəzən görürük ki, insan travmadan sonra bilmədiyi dildə danışır. Bu necə baş verir?
- Xeyr, bu mümkün deyil. Beyin “ağlına gələn” səsləri sadəcə artikulyasiya edir, amma həmin səslər heç bir xarici dilə aid olmur. Məsələn, bizim müşahidələrimizdə də olub: beyin travması almış şəxs danışır, biz onun dediklərini bəzən fransız dilinə, bəzən ərəb dilinə oxşadırıq. Amma əslində o insan sadəcə beyninə gələn səsləri tələffüz edir, yəni heç bir xarici dildə danışmır. Əgər beynə hansısa dil haqqında informasiya daxil olmayıbsa, beyin onu öz-özünə yarada bilməz.
Elmdə bu mövzu ilə bağlı tək bir fakt məlumdur. Bir insan travmadan sonra ingiliscə danışmağa başlayıb. Amma sonradan aparılan araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs uşaq ikən anası ilə birlikdə ingilis dili müəlliminin evində dayəlik edib. Müəllim danışdıqca həmin sözlər uşağın beynində həkk olunub. Böyüdükcə isə ingilis dilindən heç istifadə etməyib və ümumiyyətlə, dil biliyi olmayıb. Lakin beyninə illər əvvəl daxil olan o informasiyalar travmadan sonra aktivləşib və o, həmin sözlərlə danışmağa başlayıb. Yəni elmdə sübut edilmiş yeganə fakt budur.
– Siz yuxular haqqında da danışdınız, dediniz ki, insan beyni üçün çox əhəmiyyətlidir. Bəs, gördüyümüz yuxular gələcəyi göstərirmi, yoxsa bu uydurma bir fikirdir?
- Bütün çoxallahlı dinlərdə yuxularla bağlı ayrıca tanrı olub. Məsələn, yunanlarda “Hipnos” adlanan yuxu tanrısı vardı. Onun üç oğlu olurdu: Morfey – qəhrəmanların və sərkərdələrin yuxularını yaradırdı, Fantasos – xəyali, güllü-çiçəkli, xoş yuxular bəxş edirdi (bu gün “fantaziya” sözü də buradan gəlir), Fobetor isə qorxulu yuxuları insanlara göstərirdi (“fobiya” sözü də buradan yaranıb). Hindistanda isə “Sinta” adlı yuxu tanrısı mövcud idi.
Elm inkişaf etdikcə məlum olub ki, yuxular mistik yox, beynimizdə gedən biokimyəvi reaksiyaların nəticəsidir. Bu, beynin çox ciddi fəaliyyət mexanizmidir. Elm yuxunun mahiyyətini belə izah edir: ümumilikdə yuxunun 4 fazası var, amma əsas iki faza – NREM (non-REM) və REM fazaları fərqləndirilir. NREM fazasında beyin ritmləri aşağı düşür, beyin istirahət edir və gün ərzində qəbul olunan informasiyalar təhlil olunur. Daha sonra təxminən 15 dəqiqə davam edən REM fazası gəlir. Bu mərhələdə göz alması sürətlə sağa-sola, yuxarı-aşağı hərəkət edir. Əgər həmin anda insan oyadılarsa, yuxuda gördüyünü söyləyəcək.
- Bəs biz niyə uzun yox, qısa - təxminən 15 dəqiqəlik yuxular görürük?
- Bu, gün ərzində hipokampda toplanmış əsas məlumatların uzunmüddətli yaddaşa köçürülməsi prosesidir. Yəni biz yuxu görərkən beyin vacib məlumatları yaddaşda saxlayır, lazımsız informasiyaları isə silir. Bu baxımdan yuxular yaddaşın möhkəmlənməsi üçün çox vacibdir.
Yuxuların gələcəkdən xəbər verdiyinə dair elm tərəfindən təsdiqlənmiş heç bir fakt yoxdur. Amma çox zaman yuxular intuisiyamızın və ya şüuraltı qorxularımızın əksidir. Məsələn, imtahan verəcək bir tələbə yuxusunda universitetə qəbul olduğunu görə bilər. Sonradan qəbul olanda isə “yuxum çin çıxdı" deyir. Əslində, bu, sadəcə olaraq beynimizin real həyatda ola biləcək ehtimalı modelləşdirməsidir.
Mən həmişə tələbələrə deyirəm: əgər sabah imtahanınız varsa, axşam saat 6-dan sonra kitabı bağlayın, gəzməyə gedin, teatra gedin və mütləq yaxşı yatın. Çünki yuxu həm yaddaşı möhkəmləndirir, həm də yaradıcılığa təkan verir. Tarixdə bir çox ixtiralar, musiqi əsərləri və ədəbi nümunələr məhz yuxudan ilham alınaraq yaradılıb. Çünki biz yuxuda olarkən belə, beynimiz problemlərimizi araşdırmağa davam edir.
Hətta deyirlər: əgər bir probleminiz varsa, yatmazdan əvvəl özünüzə deyin – “Mənim bu problemim var”. Səhər yuxudan duranda beyniniz sizə həmin problemin həllini sanki poçt qutusuna qoyulmuş bir məktub kimi təqdim edəcək. Çünki beyniniz siz yuxuda olarkən belə sizi narahat edən problemləri təhlil edir.
– Dejavu hissi nə ilə bağlıdır? Reankarnasiya inancı ilə əlaqəsi varmı?
- Dejavu zamanı beyin yaddaşdakı məlumatlarla cari təcrübəni müqayisə edir. Yəni insanın xatirələrində olan hadisə ilə hal-hazırda yaşadığı vəziyyət arasında oxşarlıq yaranır. Bəzən yeni baş vermiş hadisə, keçmişdəki bir xatirəyə çox bənzəyir. Əslində, həmin hadisə əvvəl yaşanmayıb, amma insana elə gəlir ki, sanki əvvəllər eyni şeyi görüb və ya yaşayıb.
Yorğunluq və stress dejavu yaşanma ehtimalını artırır. Xüsusilə də bu hal gicgah epilepsiyası zamanı müşahidə olunur. Çünki yaddaşla bağlı problemlər ən çox beynin gicgah payı ilə əlaqəlidir. Əgər insanın gicgah hissəsi travma alıbsa, yaddaşda problemlər yaranır və nəticədə dejavu daha tez-tez təkrarlanır. Qısacası, yaddaş pozğunluğu olan insanlar daha çox dejavu yaşayırlar. Bu, beynin işləmə mexanizmində yaranan bir “xəta”, bir növ qüsurdur.
Reinkarnasiyanı isə elm subyektiv bir hiss kimi qəbul edir. Ümumiyyətlə, reinkarnasiya elmi nəzəriyyə sayılmır, daha çox fəlsəfi və metafizik inancdır. Bu inanca görə, guya ruh bir bədəndən digərinə keçir. Amma reinkarnasiyanı sübut etmək çətindir, hətta qeyri-mümkündür. Halbuki nevrologiyada baş verən prosesləri həm izah etmək, həm də təcrübələrlə sübut etmək mümkündür.
– Necə düşünürsünüz, zəkalı olmaq insanı xoşbəxt edir, yoxsa əksinə, əzab verir?
- “Endikcə həyatın dərinliyinə
Gördüm ki, qanmamaq səadət imiş”
Mən bu misra haqqında çox düşünmüşəm. Doğrudanmı, zəka insanı xoşbəxt edir, yoxsa əksinə, insanda əzabı daha da artırır? Bu mövzu psixologiyada da, fəlsəfədə də müzakirə olunur. Mən isə həm elmi, həm də praktik cəhətdən izah etməyə çalışacağam.
Birincisi, zəka xoşbəxtliyi artıran faktordur. Çünki ağıllı insanların problemi həll etmə qabiliyyəti yüksək olur. Onlar həyatın çətinliklərini daha tez analiz edir, vəziyyətdən çıxış yolları tapırlar. Zəkalı insan üçün özünü reallaşdırmaq – intellektual fəaliyyət, yaradıcılıq, elm, sənət – böyük xoşbəxtlik mənbəyidir. Məsələn, riyaziyyatda çətin bir düsturu həll etdikdə, yaxud kitab yazdıqda insan həqiqi sevinc hissi yaşayır. Belə insanlar emosiyalarını da idarə edə bilirlər – əsəbiləşəndə çılğın, ağılsız hərəkətlər etmirlər, özlərini nəzarətdə saxlaya bilirlər.
Amma zəkanın əzabı artıran tərəfləri də var. Zəkalı insanlar çox vaxt hər şeyi həddindən artıq analiz edir, kiçik hadisələri böyüdərək stress yaşayırlar. Onlarda gələcəklə bağlı narahatlıq daha güclü olur. Bəzən yaradılış, ölüm, həyatın mənası ilə bağlı dərin düşüncələrə qapılırlar və bu da əlavə qayğı və qorxular yaradır. Mən müşahidə etmişəm ki, belə insanlar sosial baxımdan da müəyyən qədər tənhalığa meyilli olurlar. Yüksək intellekt bəzən başqaları ilə uyğunlaşmanı çətinləşdirir.
Aparılan tədqiqatlar göstərir ki, intellekt və xoşbəxtlik arasında birbaşa əlaqə yoxdur. Yəni təkcə ağıllı olmaq insanı xoşbəxt etmir. Qısaca desək, emosiyalarını idarə edə bilən insan həm ağıllı, həm də xoşbəxt ola bilir. Çünki insan zəkası ilə emosiyalarını balansda saxlaya bilirsə, o zaman həyatında harmoniya yaranır.
– Xoşbəxtlik beynin işidir, yoxsa qəlbin?
- Xoşbəxtlik birbaşa beyinlə bağlıdır. Bizim ürəyimizin, yəni qəlbin xoşbəxtliyə heç bir aidiyyatı yoxdur. Hətta təkcə xoşbəxtlik deyil, ümumiyyətlə, heç bir hiss ürəklə əlaqəli deyil. Çünki ürəyin vəzifəsi sadəcə bir nasos funksiyası daşımaqdır – qanın damarlar vasitəsilə orqanizmə vurulmasını təmin edir.
Beynimizdə isə həm pozitiv, həm də neqativ emosiyaların formalaşdığı mərkəzlər mövcuddur. Normal vəziyyətdə bu iki mərkəz balansda olur. Lakin insan həddindən artıq sevinəndə pozitiv emosiya mərkəzinin aktivliyi artır və bu hal elm dilində “eyforiya” adlanır. Bu zaman insan gülür, zarafatlar edir, enerji ilə dolur. Əksinə, neqativ emosiya mərkəzinin tonusu artanda isə depressiya, aqressiya və digər mənfi emosiyalar meydana gəlir.
Beynimizdə avtonom sinir sistemi də var ki, bu, bizim şüurumuza və iradəmizə tabe deyil. İnsan sevindikdə və ya şadlandıqda dopamin, serotonin və digər hormonların səviyyəsi artır. Bunun nəticəsində ürək döyüntüləri, qan təzyiqi yüksəlir. İnsan bunu çox vaxt “qəlbdən gələn hiss” kimi qəbul edir. Halbuki bu reaksiyalar qəlbdən yox, beynin idarə etdiyi avtonom sinir sistemindən qaynaqlanır. Eyni mexanizm sevgi zamanı da baş verir – ürək döyüntüsü artır, amma səbəb beyindəki neyrobioloji proseslərdir, qəlbdəki duyğular yox.
- Bəzən insanlar deyirlər ki, ‘”qəlbimlə beynimin arasında qalmışam”, o zaman bu doğru qənaət deyil?
- Burada da hər şey yalnız beyinə aiddir. Bizim düşüncələrimiz iki rejimdə işləyir – cəld və ləng. Məsələn, mən sizi gördüm və dərhal xoşum gəldi və ya xoşum gəlmədi – bu, cəld rejimdə alınan qərardır. Buna intuisiya deyilir. Amma əgər beyinə zaman versəniz, o, ləng rejimdə qərar verir və bu zaman daha düzgün nəticəyə gəlmək mümkündür.
Bu, istənilən mövzuda belədir. Ağıllı insanlar heç vaxt dərhal cavab vermirlər, əksinə, “mənə vaxt verin” deyirlər. Çünki intuitiv, yəni cəld verilən qərarlar çox vaxt yanlış ola bilər. El arasında “ürəkdən verilən qərar” adlanan seçimlər də əslində beyinin sürətli mexanizmlərinin nəticəsidir. Qısası, “qəlblə beyin arasında qaldım” kimi bir şey yoxdur, bütün qərarlar yalnız beynin fəaliyyətinə bağlıdır.
– Siz özünüz beyin sağlamlığınızı necə qoruyursunuz? Gündəlik hansı qaydalara əməl edirsiniz?
– Mən çalışıram ki, düzgün qidalanım, idman edim, stressdən uzaq olum. Kitab oxumaq, dil öyrənmək, yeni biliklər qazanmaq da beynin sağlam qalmasına kömək edir. Mənim tövsiyəm: hər kəs beynini daim məşq etdirməlidir. Yalnız fiziki yox, zehni fəaliyyət də vacibdir.
Bəsti Rəfizadə
Sfera.az