"Sizdə bu əlamətlər varsa, təcili mütəxəssisə müraciət edin" - Həkimdən HƏYƏCAN TƏBİLİ
“Nevroloji xəstəliklər zamanı pasiyentlərdə başağrı, başgicəllənmə, qıcolma tutmaları, ani və ya daha da irəliləyən yaddaş pozulması, əl və ayaqlarda uyuşmalar, əzələ gücünün enməsi, koordinator pozulma, yerişin pozulması, iki görmə və ya görmə pozulması, titrəmə, ağrılar, yuxusuzluq əlamətləri müşahidə edilir”.
Sfera.az bildirir ki, bunu Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-nevropatoloqu Könül Mansirova deyib.
Onun sözlərinə görə, xəstəyə diaqnoz qoyulduqdan sonra müalicə planı tərtib edilir və bu planda onun yanaşı xəstəlikləri də nəzərə alınaraq müalicə aparılır:
“Nevroloji xəstəliklər deyərkən bunlar nəzərdə tutulur: Serebrovaskulyar xəstəliklər (işemik insult, beyin qanamaları); Baş ağrıları (Miqren, gərginlik başağrıları,nevralgiyalar); Epilepsiya; Demensiya (Alzheymer xəstəliyi); Hərəkət pozulması (Parkinson xəstəliyi); Yuxu pozulmaları-yuxu apnoesi; Əzələ xəstəlikləri; Periferik sinir sisteminin xəstəlikləri (neyropatiyalar, katpal tunel sindromu və s.); Dağınıq skleroz; Onurğa xəstəlikləri; Motoneyron xəstəlikləri”.
Xətai Tibb Mərkəzinin həkim-nevroloqu Sevinc Abışova isə bildirib ki, düzgün yuxu və qidalanma rejiminin pozulması nevroloji xəstəliklərin yaranmasına səbəb olan amillərdəndir:
“Gün ərzində üç dəfə sağlam qidalanmaq, həmçinin fastfud tipli qidalardan uzaq durmaq lazımdır. Hər bir insan gün ərzində 7-8 saatlıq yuxu rejiminə əməl etməlidir. Yuxu hormonu olan melatonin təxminən 23:00-dan etibarən ifraz olunmağa başlayır. Buna görə də, həmin saatdan gec yuxuya getmək tövsiyə olunmur. Bununla yanaşı, ailə və iş mühitində olan problemlər, gün ərzində yaşadığımız gərginlik, stress, həyəcan bir çox sinir sistemi pozuntularına gətirib çıxara bilər. Gün boyu idmanla məşğul olmamaq, oturaq iş mühiti, təmiz havada olmamaq da nevroloji xəstəlikləri yarada bilir”.
Həkim-nevroloq qeyd edib ki, serebrovaskulyar xəstəliklərdən beyin qanamaları (hemorragik, subaraxnoidal) daha çox orta və gənc yaş qruplarında rast gəlinir. Mütəxəssislər vurğulayıb ki, nevroloji xəstəliklərdən qorunmaq üçün ilk növbədə qidalanma və yuxu rejiminə riayət etmək, mümkün qədər stress və əsəbdən uzaq durmaq, idmanla məşğul olmaq, təmiz havada gəzmək lazımdır.
“Mütəmadi olaraq əsəb və stresə məruz qalan insanlar diqqət dağınıqlığı və yuxu problemlərindən əziyyət çəkirlər. Nevroloji xəstəliklərin müalicəsi yalnız həkim-mütəxəssislər tərəfindən aparılmalıdır. Əks halda, evdə kortəbii şəkildə aparılan müalicə daha ağır fəsadlarla nəticələnə bilər. Nevroloji xəstəliklər ağırlaşmalara və nəticədə daha ağır fəsadlara gətirib çıxara bilər. Ona görə də, zamanında mütəxəssisə müraciət etmək mütləqdir”, - həkim tövsiyə edib.
Günay