"Hepatit A” virusuna qarşı necə mübarizə aparılmalıdır? – İnfeksionistdən AÇIQLAMA
Son zamanlar uşaqlar arasında “Hepatit A” virusuna yoluxanların sayında artım müşahidə olunur. Bir çox valideynlər isə bu xəstəlikdən və ona qarşı mübarizə üsullarından xəbərsizdilər.
Bu xəstəliyin əlamətləri nədir və qarşısı necə alınmalıdır?
Mövzu ilə bağlı Sfera.az-a danışan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, virus hepatitləri polietioloji xəstəlikdir, yəni bir neçə virus tərəfindən törədilir.
“A hepatitinə əsasən uşaqlar və yeniyetmələr yoluxur. Virusa yoluxma infeksiya daşıyıcısı olan insanla digər şəxsin və ya onun əl vurduğu əşyalarla təması nəticəsində baş verir. A hepatiti müvsumi xarakter daşıyır və ölkəmizdə bu virusa yoluxma hallarına əsasən payız-qış aylarında rast gəlinir. A hepatitinə qarşı peyvəndləmə yalnız xüsusi hallarda (epidemik alovlanmalar zamanı və s.), Səhiyyə Nazirliyinin qərarı əsasında kütləvi şəkildə uşaqlar arasında aparıla bilər”.
İnfeksionist diqqətə çatdırıb ki, xəstəlik əksəriyyətdə yüngül, fəsadsız olur və tam sağalma ilə bitir.
“İnfeksiya ilə mübarİzə tədbirlərinə su mənbələrinə və qida maddələrinə sanitar-gigiyenik nəzarətin gücləndirilməsi, yoluxmuş şəxslərin aşkar edilməsi, izolyasiyası və s. daxildir. Adətən həyata keçirilən tədbirlər effektiv olur, qısa vaxt ərzində yoluxma hallarının sayını minimallaşdırmağa imkan verir”-deyə, o fikirlərini sonlandırıb.
Ülkər Abdurahmanlı