Nazirlikdən təqdirəlayiq addım: Artıq dövlətdən pulsuz dərman alan xəstələr...
Əvvəllər dövlətdən pulsuz dərman əldə edən xəstələr özləri gedə bilməyəndə yaxınlarını rahatlıqla öz əvəzlərinə dərman götürməyə göndərə bilirdilər. Lakin sonra başqasının əvəzinə dərman pereparatının əldə olunması üçün etibarnamə tələb olunmağa başladı. Bu da bir çox xəstə tərəfindən narazılıqla qarşılandı.
Məsələ ilə bağlı Sfera.az-a açıqlmasında Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, 1000 km məsafə qət edib Bakıya yalnız bu dərmanı almaq üçün gələn xəstələr var:
“Məsələ ondadır ki, uzaq rayonda yaşayan bu kateqoriyadan olanlar bu dərmanları almaq üçün min əziyyətlə, xəstə halda hər ay Bakıya gəlməlidirlər. İnanılmaz və ağlasığmaz olsa da, bu hələ də belə davam edir. Gələ bilməyənlər də hər dəfə başqa bir xəstə vətəndaşa yeni etibarnamə təqdim etməli idilər. Xəstə vəziyyətdə olaraq 1000 km məsafə qət edib Bakıya yalnız bu dərmanı almaq və geriyə qayıtmaq üçün saatlarla “Semaşko”da yarımqaranlıq bir otaq qarşısında növbədə duranların özüm şəxsən şahidi olmuşdum.Görünür ki, indiyədək nə TƏBİB, nə də Səhiyyə Nazirliyi bu xidməti rəqəmsallaşdıra bilməyiblər.Yəni, normalda, İRİA və adı çəkilən qurumlar ilk növbədə bu xidməti sadələşdirməli və rəqəmsal formaya keçirməliydilər.
Lakin nəinki bu baş verib, hətta şahidiyəm ki, bu dərmanı almaq üçün rayonlardan gəlmək imkanı olmayıb başqasına etibarnamə verənlər üçün TƏBİB -in məsul əməkdaşı hər dəfə yeni etibarnamə tələb edirdi və bunu özünün saralmış, sovetdən qalan dəftərxana kitabına qeyd edirdi.Təsəvvür edin ki, xəstələr hər dəfə bu etibarnamələri yeniləməliydilər”.
O.Gündüz əlavə edib ki, atıq etbarnamələr rəqəmsallaşdırılır:
“İndi görünür ki, Ədliyyə Nazirliyi özünəməxsus datalara baxanda görüb ki, minlərlə vətəndaşımız TƏBİB -ə təqdim etmək üçün gecə-gündüz notariuslardan etibarnamə alırlar. Qurum rəsmiləri görüblər ki, xidmət sahiblərindən bir tərpəniş yoxdur, bu kateqoriyadan olanlara köməklik üçün həmin etibarnaməni rəqəmsallaşdırıblar. İstənilən halda, təqdirəlayiq addımdır. Xeyli savab iş görüblər. Ümid edirəm, TƏBİB -də əyləşənlər xəstələrin mobil telefonda göstərdikləri bu rəqəmsal etibarnaməni tanıyacaqlar”.
Firuzə Əliyeva