Yay aylarında müşahidə edilən mövsümi xəstəliklərdən necə qorunmalı? - Ekspert

Yay aylarında müşahidə edilən mövsümi xəstəliklərdən necə qorunmalı? - Ekspert

Son zamanlar kəskin respirator xəstəliklərdən əziyyət çəkənlərin artdığı müşahidə edilir. Belə ki, əksər şəxslərin ailə üzvləri ilə birgə ishal, qusma, xroniki bronxit kəskinləşməsindən əziyyət çəkdiyini bildirir. Mütəxəsislər isə bunu mövsümi xəstəliklərin yayılması ilə əlaqələndirirlər.

 

Maraqlıdır, hazırda hansı mövsümi xəstəliklər aktualdır və insanlar bu kimi problemlərlə qarşılaşmamaq üçün nə etməlidirlər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən həkim-terapevt Arzu Hüseynova otaq temperaturunu kəskin şəkildə normadan aşağı salmağın, soyuducuda saxlanılan bəzi qidaların mövsümi xəstəlikləri ağırlaşdırdığını deyib:

 

“Hər mövsümün olduğu kimi, yay mövsümünün də spesifik xəstəliklər qrupu var. Bu xəstəliklərin içərisində ağızdan keçən viruslar, başqa adla “mədə qripi” kimi tanınan virus növü var. Təəssüf ki, bu xəstəlik ailədə adətən kiçik yaşlı uşaqlarda olur və onlardan da digər ailə üzvlərinə keçir. Bu virus süd, tam təmizlənməmiş meyvə və tərəvəzlərdən bədənə daxil olur və mədə-bağırsaq sistemində böyük dəyişikliklər yaranır. Belə xəstələrdə adətən qusma başlayır, daha sonra ishal yaranır, temperatur yüksəlir.

 

Havaların isti keçməsi ilə əlaqdar bəzən otaq temperaturu ilə bayırdakı temperatur arasında 20 dərəcəyədək fərq olur ki, bu da immunitetin düşməsi ilə nəticələnir və daha sonra xəstələndiyimiz zaman bu dövrü çətin keçiririk. Ona görə də bu cür infeksiyalar olan ailələrdə temperatur fərqini normada saxlamaq lazımdır. Soyuducuda saxlanılan su, meyvə və dondurma qəbul etmək xəstəliyin gedişatını sürətləndirə bilər”.

 

Mütəxəssis xəstəlik əlamətləri olan insanları qəti şəkildə dənizdən çəkinməyə çağırıb:

 

“İnsanlar xəstələnən zaman vaxtında həkimə müraciət etməlidir. Çünki bu xəstəlik normal müalicə olunarsa, 5-6 gün ərzində sağalmaq olur. Hər bir xəstəyə individual yanaşma olmalıdır, tövsiyələrdən nəticə çıxararaq müalicəyə başlamaq düzgün deyil. Mövsümi xəstəliklər immuniteti zəiflətdiyi üçün bir müddət vitaminlərlə zəngin qidaları qəbul etmək, dənizə getməkdən çəkinmək lazımdır. Dənizdə günvurma, duzlu suyun qəbul edilməsi də yay fəslində müəyyən xəstəliklərin yaranmasına gətirib çıxara bilir. Xüsusilə günvurma çox ağır keçən prosesdir və mədə qripi ilə birləşərsə, xəstəlik ağırlaşa bilər”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR