Rahat yatmaq üçün nələr edilməlidir? – Mütəxəssisin təcrübələri 

Rahat yatmaq üçün nələr edilməlidir? – Mütəxəssisin təcrübələri 

““Erkən yatmaq və qalxmaq insanı sağlam, varlı və müdrik edir” kimi fikirlər doğru deyil".

 

Sfera.az bildirir ki, bunu “The Sleep School”un qurucusu və klinik direktoru Qay Midovs deyib.

 

O bildirib ki, bədən saatı genetika ilə müəyyən edilir:

 

“Səhər və axşam adamları var. Məsələn, mən səhər adamıyam,  buna görə də orta hesabla səhər 5.30-dan səhər 6-ya qədər müddətdə oyanıram. Təxminən yeddi saat yuxuya ehtiyacım var, lakin bu, altı ilə doqquz saat aralığında dəyişir. İnsanların yuxu ehtiyaclarını alması vacibdir. Mən də çalışıram ki, hər gün eyni saatda qalxım. Eyni zamanda, “16:8” vaxt məhdudiyyətli yemək rejiminə əməl edirəm – yəni 16 saat yeməkdən çəkinmək, sonra səkkiz saat ərzində sərbəst yemək.. Bu isə o deməkdir ki, mən 10-a kimi səhər yeməyi və axşam 6-dan əvvəl isə axşam yeməyi yeyirəm. Günün bir stəkan qəhvəsini (qara, südsüz) səhər yeməyində və ya ondan əvvəl içirəm. Qəhvə içmək və yatmaq arasında ən azı altı saatlıq fasilə vermək lazımdır. İstəyirsinizsə, gündə iki və ya üç stəkan için, lakin günortadan sonra bunu dayandırın”.

 

Mütəxəssis qeyd edib ki, bədən saatı ilə uyğunsuzluq sağlamlıq problemləri riskini artıra bilər:

 

“Ürək-damar xəstəliyindən tutmuş çəki artımına qədər hər şey bura daxildir.  Buna görə də hər gün çöldə ən azı üç dəfə təbii günəş işığı almağa çalışıram. Günəş eynəyi taxmıram, çünki onlar aldığım işığın miqdarını yeddi dəfəyə qədər azaldır. Ofisdə bir az işıq almaq üçün pəncərənin yanında oturmağa çalışıram. Gəzintilər zamanı telefonumu götürmürəm. Bu gün ən böyük problemlərdən biri də odur ki, fasilə vermək üçün özümüzə ayırdığımız yeganə vaxt yatmağa gedən zamandır. Keçmişdə işə gedənkən xəyallar qurardıq. İndiki vaxtımız isə telefonlar, sosial media və ya xəbərlərlə doludur. İdman yatmağımıza kömək edən amillərdən biridir. Məsələn, mən məşğulamsa, bu məşq 20-30 dəqiqəlik gəzintidən ibarət olacaq, əks halda qaça və ya ağırlıq qaldıra bilərəm. Tədqiqatlar göstərir ki, bədən istiliyinin ən yüksək olduğu saat axşamüstü saat 4-6 aralığıdır. Bədəniniz bu zamanda çevik olur və əzələləriniz çox isinir, nəticədə bundan daha çox fayda əldə edə bilirsiniz”.

 

Qay Midovsun sözlərinə görə, insanlar axşam saat 6-dan əvvəl qidalansa, daha yaxşıdır:

 

“Çünki o yeməyin həzm olunması təxminən beş saat çəkəcək. Axşam saatlarında yemək yeyirsinizsə, həzm sistemi hələ də tam fəaliyyətdə olur və bu, yuxunuza təsir edə bilər. Yatmazdan ən azı iki saat əvvəl isə otağı qaranlıq vəziyyətdə saxlayıram, əsas lampaları söndürürəm  və cihazlarımdakı parlaqlığı azaldıram.  Bu, günəşin çıxması və düşməsi ilə uyğunlaşdığımızın təkamül irsinə toxunmaqdır. İşıq oyanmaq üçün stimuldur. Ekranlardan gələn mavi işıq günəşlə eyni dalğa uzunluğuna malikdir, buna görə də yataqda telefondan istifadə edirsinizsə, bu, üzünüzün qarşısında mini günəş tutmaq kimidir. Ümumiyyətlə, yatmazdan bir-iki saat əvvəl cihazlarımdan kənarlaşmağa və kitabla kifayətlənməyə çalışıram”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR