Hansı qidalar uşaqlarda onkoloji xəstəliklər yarada bilər? - Açıqlama

Hansı qidalar uşaqlarda onkoloji xəstəliklər yarada bilər? - Açıqlama

Ötən il Azərbaycanda 8 min 509 nəfər onkoloji xəstəliyin qurbanı olub. Bu xəstəlikdən vəfat edənlərin sayı son üç ilə nəzərən nisbətən azalsa da, daha əvvəlki illərlə müqayisədə çox yüksəkdir. Son illərdə hər il onkoloji xəstəlik diaqnozu qoyulanların sayı 10 min nəfəri ötür.

 

Təəssüflər olsun ki, bu xəstəlik uşaqlardan da yan keçmir. Təkcə ötən il 167 uşaqda onkoloji xəstəlik aşkarlanıb.

 

Maraqlıdır, xüsusilə uşaq leykozu və xərçəngdən ağırlaşma hallarının qarşısını necə almaq olar?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən pediatr Günay Rəsulova bəzi qidaların uşaqlarda xərçəng yaratmaq riskinin yüksək olduğunu deyib. Mütəxəssis valideynləri uşaqların qida rejimi ilə bağlı diqqətli olmağa çağırıb:

 

“Uşaqlarda müşahidə edilən onkoloji xəstəliklərin yaranması daxili inkişafın anomaliyası ilə bağlı olan şişlərdir. Buraya mərkəzi sinir sisteminin şişlərini, daxili orqanlardakı şişləri aid etmək olar. Bundan başqa sağlam doğulan uşaqlarda da sonradan onkoloji xəstəliklər meydana gələ bilər. Bu da qan xəstəlikləri ilə bağlıdır. Böyüklərdə rast gəlinən mədə-bağırsaq xərçəngi kimi xəstəliklərə isə uşaqlarda rast gəlinmir. Valideynlər uşaqların düzgün həyat tərzi keçirməsinə, düzgün qidalanmasına fikir verməlidirlər. Xərçəngin yaratma ehtimalı olan qidaları uşaqlar həddən artıq qəbul edirlər, valideynlər də buna önəm vermir. Belə etmək olmaz, hadisə bir dəfə olur. Kolbasa, sosis, hisə verilmiş qidalar, paketlənmiş, həddən çox şəkərli məhsulları uşaqlara vermək təhlükəlidir. Uşaq immun sisteminin düzgün qorunması, vaxtında yatmaq uşağı onkoloji xəstəliklərdən qoruyacaq".

 

Pediatr uşaqlarda halsızlığın, iştahasızlığın olmasını və digər simptomları onkoloji xəstəliklərin səbəbi kimi göstərib:

 

“Bəzi ailələrdə isə genetik faktorlardan asılı olaraq uşaqlarda xərçəng riski yüksək olur. 2020-ci ilin statistikasında 13 yaşadək uşaqlarda 117 nəfərdə, 13 yaşdan 17 yaşadək uşaqlarda isə onkoloji xəstəlik 55 nəfərdə rastlanıb. Bu, ötən illə müqayisədə böyük fərq olmasa da, istənilən halda biz bu sayın heç olmamasını istərdik. Valideynlər uşaqlarda bu xəstəliyin ilkin əlamətlərinə fikir verməlidir. Əgər uşaqlarda halsızlıq, iki həftədən çox davam edən qızdırma və göyərmələr, qarın ağrısı, baş ağrısı, tərləmə və iştahasızlıq varsa, o halda mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Xəstəliyin birinci və ikinci mərhələsində biz problemin qarşısını rahatlıqla alırıq. Lakin problem üç və dördüncü mərhələyə keçirsə, bu zaman xəstəliyin aradan qaldırılması çətinləşir”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR