Yayılmış qorxunc virusdan necə qorunmaq olar? – Həkim məsləhəti

Yayılmış qorxunc virusdan necə qorunmaq olar? – Həkim məsləhəti

Son vaxtlar influenza virusunun kəskin yayılması müşahidə edilir.

İnsanlar bu virusun fəsadlarının bədəndə daha uzun müddət qalmasından narazılıq edir. Səhiyyə Nazirliyi isə əhaliyə peyvənd olunmağı tövsiyə edib.

 

Maraqlıdır, virusa yoluxmamaq üçün hansı tədbirləri almaq olar? Virusun bədəndə daha çox qalmasının və yoluxmada artımın səbəbləri nədir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən infeksionist Nicat Əzimli influenzanın ağırlaşma hallarından danışıb. Mütəxəssis normalda qripin bir həftə davam etməli olduğunu deyib:

 

“İnfluenza hər mövsümdə rast gəlinən xəstəlikdir. Orqanizmdən asılı olaraq qısa müddətdə sağalmaq da, xəstəliyi simptomsuz keçirmək də olar. Bəzi hallarda isə xəstəlik insanda daha uzun müddət simptomatik şəkildə qala bilir. Əsasən qripin davametmə müddəti bir həftə hesab olunur, lakin bəzən qripin özündən sonra da fəsadları yarana bilir. Bu fəsadların içərisində ən çox rast gəlinəni və ağırı pnevmoniyadır. Pnevmoniya virusun aşağı tənəffüs orqanlarına, yəni ağciyərlərə daxil olması, oradakı toxumaların zədələnməsi nəticəsində baş verir. Bəzən isə bura bakteriyalı infeksiya da qoşula bilir və bakterial pnevmoniya da ortaya çıxır. Bu, ən ağır versiyadır və digər orqanalara da sirayət edən ağırlaşmalar ola bilir. Belə hallar da daha çox orqanizmi həssas, yaşlı insanlarda rast gəlinir”. 

 

İnfeksionist qızdırma olduğu halda antibiotik içməyin tamamilə yanlış olduğunu bildirib:

 

“Normalda isə bu xəstəlik insanlarda özünü yuxarı tənəffüs orqanlarında göstərir. Qrip adətən burun tutulması, boğazda ağrı, öskürək, başağrısı, halsızlıq, ürəkbulanma və bəzi hallarda qusma ilə müşayiət olunur. Bu əlamətlər isə xəstəlikdə tam təbii hesab olunur. Qızdırma isə 37,5 dərəcə, kəskin gedişatda 38 dərəcədən çox olur. Belə olduqda biz simptomatik və potogenetik müalicə aparırıq. Yəni qızdırma salıcı, vitamin tərkibli, bol maye ilə müşayiət olunan dəstək müalicəsi aparırıq. Əgər ağırlaşma olarsa, bu zaman antibiotiklərdən də istifadə olunur. Bir çox hallarda insanlar qızdırma olan kimi antibiotikdən istifadəyə keçir. Bu, çox yanlış addımdır. Çünki influenzanın müalicəsində antibiotiklərin faydası yoxdur”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR