Koronavirusun yeni ştamı sürətlə yayılır – Təkrar vaksinasiyaya ehtiyac var?

Koronavirusun yeni ştamı sürətlə yayılır – Təkrar vaksinasiyaya ehtiyac var?

Ümumdünya Səhiyyə Təşkilatı son vaxtlar ABŞ-da artan və onlarla ölkədə rast gəlinən koronavirusun “XBB.1.5”ştamı ilə bağlı narahatlığını ifadə edib. Sözügedən virus başqa variantlardan daha sürətlə yayılır və digər adı “Kraken”dir. 

Artıq qonşu ölkə Rusiyada da koronavirusun yeni ştamı aşkar edilib. "Omicron XBB.1.5” subvariantına ilk yoluxma faktı Penza vilayətində qeydə alınıb. ÜST-nin əsas narahatlığı isə formalaşmış immunitetin bu ştamı tanımaması ilə bağlıdır. Odur ki, yeni peyvəndlərin alınmasına zərurətin yarandığı haqda fikirlər səsləndirilir.

 

COVİD-19-un bu variantı yeni vaksinlərin yaranmasını zəruri edirmi?

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən professor, tibb elmləri doktoru Musa Qəniyev deyib ki, RNT və DNT əsaslı virusa qarşı istər təbii, istərsə də peyvənd nəticəsində əmələ gələn immunitet iki müdafiə xətti yaradır:

 

“Birinci müdafiə xətti virusun hüceyrəyə keçidini təmin edən proteinə, yaxud keçid qapısına bağlanaraq onu inaktivləşdirmək yolu ilə yoluxmanın qarşısını alır. COVİD-19 hüceyrəyə reseptor mexanizmlə daxil olur. Bu reseptorlar postsinaptik - hüceyrədən kənarda yerləşdiyindən antitellər onunla əlaqəyə girə bilmir. S-spayka zülalına gəlincə, mutasiyalar əsasən bu subvahiddə baş verdiyinə görə formalaşmış immunitet onu tanıya bilmir. Nəticədə COVİD-19-un hər yeni əmələ gələn mutantı, o cümlədən “Kraken” ştammı bu müdafiə xəttini demək olar ki, maneəsiz keçir. Bu səbəbdən də koronavirusa dəfələrlə yoluxmaq mümkündür. Odur ki, təkrari yoluxmanı xüsusi bir hal kimi dəyərləndirib insanları qorxutmaq olmaz. Bu, COVİD-19 üçün qanunauyğun bir haldır”.

 

Mütəxəssis qeyd edib ki, immunitetin ikinci - əsas müdafiə xətti virusu hüceyrənin daxilində qarşılayır:

 

“Xəstəlikdən sağalmış və ya peyvənd olunmuş şəxslərdə həm də virusu tanıyan T- hüceyrə cavab reaksiyası formalaşdığından, aktivləşən T-limfositlər  yoluxmuş hüceyrələri “həlqə blokuna” alaraq məhv edir. Nəticədə yoluxmanın digər hüceyrələrə keçməsinin qarşısı tam şəkildə alınır. Məlum səbəbdən T-hüceyrələr vaksinasiya olunmuş, hətta bir doza peyvənd alan və ya infeksiyadan sağalmış insanlarda təkrari yoluxma baş verərsə, xəstəliyin ağır keçməsinin də qarşısını alır.  Koronavirusun bütün ştamları kimi “Kraken”ə yoluxma zamanı da formalaşmış immunitet onu mütləq şəkildə tanımalı və inaktivləşdirməlidir. Bu səbəbdən yeni peyvənd axtarışı fikri yalnız kommersiya maraqlarına xidmət edir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR