Deputat: Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı və müasir inkişaf yolunun banisidir


<span style="color:#ff0000">Deputat:</span> Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı və müasir inkişaf yolunun banisidir
Kateqoriya məlum deyil03.10.25, 19:008 👁️
T

XX əsrin sonlarında Azərbaycan xalqı öz tarixində ən çətin və mürəkkəb dönəmlərdən birini yaşamalı oldu. Sovet imperiyasının süqutundan sonra müstəqillik qazanmış ölkəmiz yeni dövlət quruculuğu prosesinə qədəm qoydu, lakin bu yol şərəfli olduğu kimi, həm də keşməkeşli idi. 1991–1993-cü illərdə Azərbaycan cəmiyyətində hökm sürən siyasi hərc-mərclik, səriştəsiz idarəetmə siyasəti, ordu quruculuğunda pərakəndəlik və daxili çəkişmələr dövlətin suverenliyini ciddi təhlükə altına almışdı. Respublikaya rəhbərlik edən qüvvələrin siyasi məsuliyyətsizliyi xalqı ağır faciələrlə üz-üzə qoydu. 20 Yanvar hadisəsi, Xocalı soyqırımı, Laçın və Şuşa kimi strateji ərazilərin itirilməsi, bütövlükdə torpaqlarımızın 20 faizinin işğala məruz qalması həmin dövrdə səriştəsiz və qeyri-peşəkar idarəetmənin acı nəticələri idi.

 

Tarixin hökmü isə dəyişməzdir: xalqımız yalnız sağlam düşüncəyə, müdrik siyasətə və böyük dövlətçilik təcrübəsinə malik liderin xilaskarlıq missiyası sayəsində öz varlığını qoruyub saxlaya bilərdi. Bu xilaskar missiya isə bütünlüklə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov söyləyib.

 

Deputat qeyd edib: “Azərbaycan müstəqilliyinin ilk illərində dövlətçiliyin ən zəruri sütunlarını – güclü siyasi rəhbərliyi, möhkəm ordu sistemini və beynəlxalq legitimliyi təmin etmək iqtidarında deyildi. Ayrı-ayrı silahlı dəstələrin qanunsuz fəaliyyət göstərməsi, dövlət orqanlarının iflic vəziyyətə düşməsi, iqtisadi tənəzzül, əhalinin sosial-məişət problemlərinin kəskinləşməsi ölkəni fəlakət astanasına gətirmişdi. O dövrün iqtidarı hadisələrin məntiqini dərk etmək və düzgün siyasi nəticələr çıxarmaq qabiliyyətindən məhrum idi, xalq qarşısında nüfuzunu gündən-günə itirirdi.

 

Belə bir tarixi şəraitdə Azərbaycan xalqı xilas yolunu yalnız Heydər Əliyevin simasında görürdü. 1992-ci ilin oktyabrında ziyalıların və siyasi xadimlərin təşəbbüsü ilə yaradılmış “91-lər” hərəkatı Ulu Öndərə müraciət edərək onu ölkənin xilası naminə hakimiyyətə qayıtmağa çağırdı. Nəhayət, 1993-cü il iyunun 9-da xalqın və dövlətin təkidli dəvətini qəbul edən Heydər Əliyev Bakıya gəldi. Bu qayıdış təkcə siyasi liderin paytaxta dönüşü deyil, həm də Azərbaycan dövlətçiliyinin tarixi dönüş nöqtəsi oldu.

 

1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi bərpa etməyi bacardı. Qeyri-qanuni silahlı birləşmələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, vətəndaş müharibəsi təhlükəsi sovuşdu. Ən mühüm məsələ isə cəmiyyətdə dövlətçilik ruhunun, inam və etimad mühitinin bərpası idi. Ulu Öndərin siyasi iradəsi və qətiyyətli addımları nəticəsində Azərbaycan fəlakət astanasından qurtuldu və müstəqil inkişaf yoluna qədəm qoydu.

 

Heydər Əliyev ordunun formalaşdırılmasını dövlətin əsas prioritetlərindən biri elan etdi. Peşəkar ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər sayəsində Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısı alındı, ərazi bütövlüyünün qorunması istiqamətində möhkəm təməl yaradıldı”.

 

Z.Şükürov bildirib ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mühüm tərkib hissəsini milli ideologiyanın – azərbaycançılıq məfkurəsinin yaradılması təşkil edirdi. Bu ideologiya yalnız Azərbaycan Respublikasının ərazisində yaşayan insanları deyil, həm də dünyanın müxtəlif guşələrində məskunlaşan milyonlarla soydaşımızı əhatə edən vahid mənəvi-siyasi platforma idi.

 

Azərbaycançılıq ideologiyası milli şüurun dirçəldilməsi, tarixi yaddaşın yenidən oyanışı, mənəvi-mədəni irsin mühafizəsi və dünya azərbaycanlılarının vahid milli amal ətrafında birləşdirilməsi konsepsiyasını ehtiva edirdi. Milli ideologiya dövlətin siyasi gücünün möhkəmlənməsinə, xalqın özünəinamının artmasına, milli ruhun yüksəldilməsinə və bəşəri dəyərlərlə milli kimliyin harmonik vəhdətinə xidmət edən fundamental siyasi düşüncə sistemi kimi formalaşmışdır.

 

Ümummilli Liderin uzaqgörən və təcrübəli diplomatiyası nəticəsində Azərbaycan qısa müddətdə beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və nüfuzlu aktor kimi tanındı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin enerji potensialını dünya iqtisadiyyatına inteqrasiya etdirdi və Azərbaycanın geostrateji əhəmiyyətini misilsiz dərəcədə artırdı.

 

Ulu Öndər Azərbaycanın xarici siyasətini balanslaşdırılmış, çoxtərəfli və milli maraqlara əsaslanan bir kurs üzərində qurdu. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Böyük İpək Yolunun bərpası, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələri bu siyasətin məntiqi nəticəsi idi.

 

O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Ermənistan–Azərbaycan münaqişəsini beynəlxalq təşkilatların gündəliyinə gətirməyi bacardı. Onun qətiyyətli mövqeyi nəticəsində dünyanın aparıcı dövlətləri və beynəlxalq qurumları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr və bəyanatlar qəbul etdilər. Ulu Öndər daim vurğulayırdı ki, münaqişənin həlli yalnız beynəlxalq hüquq normaları əsasında, ölkəmizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində mümkündür.

 

Ümummilli Lider Heydər Əliyevin diplomatik fəaliyyətinin ən mühüm istiqamətlərindən biri Azərbaycanın müsbət beynəlxalq imicinin formalaşdırılması olmuşdur. Onun müdrik, uzaqgörən və çoxşaxəli diplomatiyası nəticəsində Azərbaycan qısa müddətdə beynəlxalq münasibətlər sistemində müstəqil, sülhpərvər və əməkdaşlığa açıq dövlət kimi tanındı. Ulu Öndər dünyaya sübut etdi ki, Azərbaycan yalnız öz milli maraqlarını deyil, həm də qlobal miqyasda sabitliyin, qarşılıqlı faydalı əməkdaşlığın və beynəlxalq hüququn əsas prinsiplərinin qorunmasının tərəfdarıdır. Bu siyasət nəticəsində ölkəmiz təkcə regionda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və nüfuzlu dövlət statusu qazandı.

 

Tarixi təcrübə bir daha sübut etdi ki, dövlətlərin taleyüklü mərhələlərində lider amili həlledici əhəmiyyət daşıyır. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyi məhz Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində qoruyub saxlaya bildi. Onun uzaqgörən, müdrik və qətiyyətli siyasəti nəticəsində ölkəmiz xaos və hərc-mərclikdən xilas olaraq sabitlik və inkişaf yoluna qədəm qoydu, beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş statusu qazandı, milli ideologiyası və strateji inkişaf kursu ilə güclü, suveren bir dövlətə çevrildi.

 

“Bu gün Azərbaycan Respublikasının əldə etdiyi hər bir uğur, qazanılan hər bir nailiyyət Heydər Əliyev siyasətinin məntiqi davamı kimi dəyərləndirilir. Ulu Öndərin zəngin siyasi irsi, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq ideologiyası xalqımızın müasir inkişaf yolunun əbədi bələdçisi olaraq qalmaqdadır. Günümüzdə isə Ulu Öndər Heydər Əliyevin müdrik yolunu Prezident İlham Əliyev uğurla davam etdirir. Onun rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət idarəçiliyində şəffaflıq və məsuliyyət prinsiplərinin möhkəmləndirilməsi, həmçinin vətəndaş-hökumət münasibətlərinin yeni mərhələyə yüksəldilməsi Azərbaycanın modernləşmə və dayanıqlı inkişaf yolunda əldə etdiyi nailiyyətlərin əsasını təşkil edir.

 

Prezident İlham Əliyevin qətiyyətli iradəsi və şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə, ardınca birgünlük antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyünün tam bərpası Azərbaycan dövlətçiliyinin gücünü və xalqımızın birliyini nümayiş etdirmişdir. Bu uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirmiş, ölkəmizi regional və qlobal proseslərdə söz sahibi dövlətə çevirmişdir. Məhz bu uğurların məntiqi davamı kimi Azərbaycan COP29 kimi nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etmiş, Qoşulmama Hərəkatında uğurlu sədrliyi həyata keçirmişdir”, - deyə Z.Şükürov əlavə edib.

 

O deyib ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə ölkəmiz beynəlxalq hüququn hamılıqla qəbul olunmuş normaları və ədaləti, habelə bərabərhüquqlu və qarşılıqlı hörmət prinsiplərini rəhbər tutaraq, həyata keçirdiyi müstəqil və prinsipial xarici siyasət kursu nəticəsində, dünyada özünün yeni diplomatik, hərbi, enerji siyasəti və inkişaf modelini təqdim etməkdədir. Zaman-zaman Azərbaycana təzyiq, ikili standartlar siyasəti sərgiləyən dövlətlər və beynəlxalq təşkilatlar, artıq öz mövqelərini yenidən nəzərdən keçirmək məcburiyyətindədir. Bu gün nəinki regionun açar ölkəsi olan, həmçinin Qlobal Cənubun səsinin dünya miqyasında eşidilməsində mühüm rol oynayan, Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən Azərbaycanın mövqeyi ilə hesablaşılır. “Ulu Öndərin qeyd etdiyi kimi, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

 

PAYLAŞ