Azərbaycan və ABŞ hökumətlərinin İŞBİRLİYİ
Fevralın 23-də İmişli və Beyləqan rayonlarının kəndləri mal-qaraya qulluq sahəsində layihələri həyata keçirərək başa çatdırıblar. Bu layihələr Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə tərəfindən icra olunub və ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşdirilib.
Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Beyləqan rayonunun Əhmədli və İmişli rayonunun Çahar icmalarının üzvləri daha çox heyvandarlıq və quşçuluqla məşğul olurlar. Bu ərazilərdə istehsalın genişləndirilməsində əsas maneələrdən biri mal-qara üçün münasib və asanlıqla əlçatan yemin əldə olunmasıdır. Fermerlər becərdikləri məhsulların yem kimi emal olunması üçün uzaq məsafələri qət etməli olurdular ki, bu da həm vaxt, həm də pul cəhətdən sərfəli deyildi. Bunun öhdəsindən gəlmək məqsədilə SEDA layihəsi icmalara 1500 kq/s emal gücünə malik yem emalı məntəqəsi inşa etmək üçün layihə həyata keçirməyə kömək etdi. Bunun nəticəsində məhsuldarlığın artması ilə yanaşı, xərclərin 50 faizə qədər azalması gözlənilir.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı ofisinin Demokratiya və idarəçilik şöbəsinin direktoru Kristofer Şaffer bildirib: "USAID-in bütün dünyada məqsədi həyat səviyyəsini yaxşılaşdırmaq və öz sosial-iqtisadi ehtiyaclarını ödəməkdə imkan yaratmaq üçün icmalarla sıx işləməkdir. Biz çox şadıq ki, Əhmədli və Çahar kənd sakinlərinə kömək edə və bu prosesə töhfə verə bilmişik". O, həmçinin lahiyələri həyata keçirmək üçün öz resurslarını səfərbər etdiklərinə görə hər iki icmanın sakinlərinə təşəkkürünü bildirdi.
Qeyd edək ki, bu günə kimi SEDA layihəsi Azərbaycanın 52 icmasında 86,000-dən çox insana fayda verərək 59 layihənin maliyyələşdirilməsinə 1,000,000 ABŞ dollarından artıq vəsait xərcləyib. SEDA icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin birgə iştirakını təşviq edir. Bu layihə USAID tərəfindən maliyyələşdirilir və İqtisadiyyat Nazirliyi və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən həyata keçirilir.