BDYPİ-in əməkdaşları təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

10:50 / 30.10.2019
1710
Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının
məqsədlərinə uyğun olaraq, bu sahədə aparılan təbliğat-təşviqat və maarifləndirmə
tədbirlərinin respublikanın təhsil müəssisələrində daha geniş vüsət alması üçün
fəaliyyətini davam etdirir.
Təhsil Nazirliyinin struktur qurumları ilə birgə əməkdaşlıq çərçivəsində həyata
keçirilən növbəti belə tədbir Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin
təşəbbüsü ilə baş tutub.
Mərkəzin direktoru Əntiqə Rzayevanın və dərnək rəhbəri Esmira Qocayevanın
fəal təşkilatçılığı ilə valideynlərin, KİV və ictimaiyyət nümayəndələrinin də qatıldığı
tədbirdə, məktəblilərin ifasında yol hərəkəti qaydalarını və təhlükəsiz davranış
vərdişlərini aşılayan musiqi və rəqs nömrələri, səhnəciklər nümayiş olunmuş, rəngarəng
səs və işiq effektəri, əyani vəsaitlər isə görüşü daha da yadda qalan və təsirli etmişdir.
Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı
Mübariz Ağayev çıxış edərək, «Azərbaycan Respublikasında yol hərəkəti
təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nda qarşıya qoyulmuş
vəzifələr haqqında geniş məlumat vermiş, bu sahədə həyata keçirilən təbliğat-təşviqat
və maarifləndirmə xarakterli tədbirlərin Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən daim
diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulamışdır.
Yol hərəkəti təhlükəsizliyinin təbliğində Dövlət Yol Polisi tərəfindən həyata keçirilən
təşkilati-hüquqi, sosial-inzibati tədbirlərlə yanaşı, vətəndaş cəmiyyəti institutlarının, ayrı-
ayrı şəxslərin bilavasitə və fəal iştirakçılığının da mühüm əhəmiyyət kəsb etdiyini qeyd
edən polis polkovnik-leytenantı Mübariz Ağayev, yol hərəkəti qaydalarının, təhlükəsiz
davranış vərdişlərinin uşaq və yeniyetmələrə aşılanmasında - təhsil müəssisələrində
müəllimlərin, evdə və yollarda isə valideynlərin, ictimaiyyət nümayəndələrinin üzərinə
böyük məsuliyyət düşdüyünü diqqətə çatdırmışdır.
Çıxış edən digər natiqlər – Əntiqə Rzayeva və Sumqayıt şəhər 2 nömrəli Uşaq-
Gənclər İnkişaf Mərkəzinin direktoru Fariz Orduxanov rəhbərlik etdikləri müəssisələrdə
mütəmadi olaraq yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbirlərin, təlim və seminarların
təşkil edildiyini bildirmiş və bu sahədə hər zaman Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə
əməkdaşlığa böyük önəm verdiklərini qeyd etmişlər.