Hakimə hücum edən futbolçunun cəzası açıqlanıb

Azərbaycan milli komandasının və Bakının "Sabah” klubunun futbolçusu Təmkin Xəlilzadə cəzalandırılıb.
Sfera.az bildirir ki, futbolçu ilə bağlı qərar AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında verilib.
Azərbaycan Premyer Liqasının VIII turunun "Keşlə” ilə səfər matçından (1:1) sonrakı hərəkətləri T.Xəlilzadəyə baha başa gəlib. Qarşılaşma başa çatandan sonra hakimə etiraza görə ikinci sarı vərəqə və bu üzdən qırmızı vərəqə alan futbolçu aqressiv davranışı ilə diqqət mərkəzinə düşüb.
Hakimin üstünə hücum çəkən T.Xəlilzadə onu döyməyə cəhd edib. Bunu nəzərə alan komitə futbolçuya 5 oyunluq cəza verib. Bu cəzanın 3 matçlıq hissəsi şərtidir. Belə ki, iki matç buraxacaq T.Xəlilzadəyə üç aylıq sınaq müddəti veriləcək. Təkrar xoşagəlməz hadisə baş verərsə, saxlanılan 3 oyunluq cəza yeni qərara əlavə ediləcək.
Futbolçunun hərəkəti "Sabah”ı da ziyana salıb. Klub 4000 manat cərimələnib.