Prezident İlham Əliyev Tovuz rayonunda səfərdədir - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyev Tovuz rayonunda səfərdədir - YENİLƏNİB - FOTO

Fevralın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində Qovlar şəhərindəki Gənclər Evinin açılışında iştirak edib.

Sfera.az  AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti 2003-cü ildən başlayaraq Azərbaycanda uğurlu nəticələrlə yadda qalıb. 2005-2009-cu illəri əhatə edən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" bu proseslərdə çox mühüm rol oynayıb. Daha sonra həyata keçirilən "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" bu tədbirlərin məntiqi davamıdır. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd gənclərin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul yaratmaqdır.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir. Ölkəmizin bölgələrində müasir tələblərə cavab verən sosial infrastruktur obyektləri və Gənclər mərkəzləri, o cümlədən Tovuz rayonunun Qovlar şəhərində Gənclər Evinin yaradılması da bu məqsədə xidmət edir.

Dövlətimizin başçısına Qovlar şəhər parkında görülən işlər barədə ətraflı məlumat verildi.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verdi ki, Gənclər Evinin binası zirzəmi ilə birgə dörd mərtəbədən ibarətdir. Ərazisi 4400 kvadratmetr olan Gənclər Evinin binası respublikada ən böyük gənclər mərkəzlərindən biridir. Gənclər Evinin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, Tovuz rayonuna səfərlərini, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Gənclər Evində istedadlar, ünsiyyət və gənclərin intellektual klubları fəaliyyət göstərəcək. Bu layihələr Dövlət Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır.

Diqqətə çatdırıldı ki, burada gənclərin intellektual klubu, gənc iqtisadçılar klubu, kompyuter dərnəyi, peşəyönümü mərkəzi, istedadların hazırlıq laboratoriyası, elektron kitabxana, karyera mərkəzi, rəqs zalı, toxuculuq və tikiş dərnəkləri, vətənpərvərlik klubu fəaliyyət göstərəcək. Gənclər Evindəki 120 yerlik akt, 36 yerlik toplantı zallarında rayon və respublika əhəmiyyətli tədbirlər keçirmək mümkündür. Sərgi salonunda gənc rəssamların əl işləri nümayiş etdirilir. Bilyard, tennis və fitnes zallarında yaradılan şərait gənclərin asudə vaxtlarının səmərəli keçməsinə imkan verəcək.

Azərbaycanda gəncliyə dövlət qayğısı gələcək uğurlara hesablanan siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bu da Azərbaycan gəncliyinin sabahına inamla baxmağa əsas verir. Gənclər evlərinin yaradılması isə bu siyasətin uğurla həyata keçirilməsində mühüm rol oynayacaq.

----------

20:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da Tovuz rayonuna səfəri çərçivəsində Tovuzçay su anbarının açılışında iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizdə meliorasiya sahəsində də mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin su və meliorasiya təsərrüfatının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu da ondan irəli gəlir ki, meliorasiya və su təsərrüfatı həmişə olduğu kimi, bu gün də ölkəmizin iqtisadiyyatında aparıcı rolunu qoruyub saxlayır və bu sahə regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır. Prezident İlham Əliyevin bu sahənin inkişafına yetirdiyi diqqətin nəticəsidir ki, Azərbaycanda nəhəng Şəmkir, Taxtakörpü su anbarları, Samur-Abşeron kanalı tikilib istismara verilib və digər iri layihələr icra edilib. Bu layihələrin tam icrası nəticəsində on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq və minlərlə fermer bundan bəhrələnəcək. Həmçinin regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində də ölkədə meliorasiya və su təsərrüfatının yenilənməsi sahəsində ciddi nailiyyətlər qazanılıb. Tovuzçay su anbarının istifadəyə verilməsi də bu sahənin inkişafına dövlət qayğısının göstəricisidir.

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadədövlətimizin başçısına həyata keçirilən işlər barədə ətraflı məlumat verdi. Bildirildi ki, Tovuzçay su anbarı respublikanın qərbində, Tovuzçay və Axıncaçay çaylarının birləşdiyi ərazidə, Tovuz şəhərinin yaxınlığında yerləşir. Anbarın tikintisinə 1982-ci ildə "Azərdövlətsulayihə" İnstitutu tərəfindən hazırlanan layihə əsasında 1986-cı ildə başlanılıb. Layihəyə uyğun olaraq, bəndin nüvəsinə gil, onun sol sahilinin bir hissəsinə torpaq tökülüb, qülləli suburaxıcı tikilib. Lakin, vəsait çatışmazlığı üzündən tikinti işləri 1992-ci ildən dayandırılıb. İnşası yarımçıq qalan Tovuzçay su anbarının tikintisinin davam etdirilməsi Azərbaycan Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilən və 2004-2008-ci illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na və 2005-ci il 14 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunan "Tədbirlər Planı"na daxil edilib. 2006-cı ildə isə tikinti işlərinə başlanılıb. Ümumi su tutumu 20 milyon kubmetr, faydalı həcmi 18 milyon kubmetr olan Tovuzçay su anbarının gil nüvəli torpaq bəndinin hündürlüyü 45 metr, üstdən eni 10 metr, uzunluğu isə 1340 metrdir. Anbarın su hövzəsinin sahəsi 160 hektar, uzunluğu 2,6 kilometrdir. Layihəyə uyğun olaraq, anbarda suburaxma qabiliyyəti saniyədə 250 kubmetr və uzunluğu 731 metr olan qəza sutullayıcısı, maksimum suburaxma qabiliyyəti saniyədə 125 kubmetr olan dəmir-beton borulu qülləli suburaxıcı, saniyədə 6 kubmetr suvarma suyunun verilməsi üçün uzunluğu 468,8 metr olan nov-kanal inşa olunub. Su anbarının inşası zamanı tarixi abidələrin mühafizəsi, köçürülməsi, avtomobil yolunun və körpülərin tikintisi, eləcə də digər tədbirlər həyata keçirilib. Belə ki, Qazqulu qəbiristanlığı, Şərif Sultan və Məhəmməd-Hüseyn Sultan türbələri köçürülüb. XVII əsr memarlıq abidəsi olan Sultan körpüsünün mühafizəsi üçün uzunluğu 344 metr olan torpaq damba tikilib. Həmçinin Vahidli kənd qəbiristanlığının mühafizəsi məqsədilə suyığıcı kanalın və mühafizə dambasının tikintisi həyata keçirilib. Bundan başqa, layihənin icrası zamanı Tovuzçay çayı üzərində 8 aşırımlı avtomobil körpüsü tikilib, bəndə və ətraf kəndlərə gedən, ümumi uzunluğu 6800 metr olan avtomobil yolu yenidən qurulub. Uzunluğu 86 metrdən çox olan Axıncaçay çayı üzərində körpünün tikintisi də başa çatdırılıb.

Görülən mühüm işlərdən biri də Tovuz və Şəmkir rayonlarının mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə bu sahələri suvarma suyu ilə təmin edən Ağstafaçay sağ sahil kanalına əlavə su verilməsi üçün sərfi saniyədə 1,5 kubmetr, uzunluğu 7004 metr olan polad boru kəmərinin tikintisidir.

Sonra Prezident İlham Əliyev Tovuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı Tovuzçay su anbarını işə saldı.

Bildirildi ki, "Tovuzçay su anbarının tikintisinin davam etdirilməsi" layihəsində nəzərdə tutulan tədbirlərin tam başa çatdırılması nəticəsində Tovuzda 16886 hektar, Şəmkirdə isə 2939 hektar olmaqla ümumilikdə 19825 hektar mövcud torpaq sahələrinin su təminatı yaxşılaşdırılacaq. Eyni zamanda, Tovuz rayonunda 300 hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin olunacaq. Bu da həmin ərazidə becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına müsbət təsir göstərəcək. Qeyd olundu ki, sululuğunun əsas hissəsi yaz dövrünə düşən Tovuzçay çayının axını tənzimlənmədiyindən bu sulardan səmərəli istifadə etmək mümkün olmur və Kür çayına axır. Kənd təsərrüfatı bitkilərinin suya ehtiyacı çox olan ilin isti aylarında isə Tovuzçay çayının su ehtiyatları kəskin azalır və tamamilə quruyur. Su anbarının tikintisi isə Tovuzçay çayının su ehtiyatlarının nizamlanması nəticəsində onun ehtiyatlarından səmərəli istifadə etməklə Tovuz və Şəmkir rayonlarının əkin sahələrinin su təminatının yaxşılaşdırılması mümkün olacaq. Layihədə anbarda yığılan suyun Tovuz və Şəmkir rayonlarının əkin sahələrinin təminatının yaxşılaşdırılması üçün bu sahələri suvarma suyu ilə təmin edən Ağstafaçay sağ sahil kanalına öz axını ilə və Xunamarx kanalına isə su verilməsi nəzərdə tutulub ki, bu işlər də tam başa çatdırılıb.

Sonda xatirə şəkli çəkdirildi.

-----------

19:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da Tovuz rayonuna səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov dövlətimizin başçısına məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin sevimli istirahət mərkəzidir. Burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.

X X X

Fevralın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun açılışında iştirak edib.

Regionların 2009-2013-cü və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər ilk növbədə Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Bu, həm də regionlarda hərtərəfli iqtisadi və sosial inkişafa təkan verir.

Dövlətimizin başçısı görülmüş işləri əks etdirən stendlərə baxdı.

Azərbaycan Prezidentinə avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verildi. Bildirildi ki, dövlətimizin başçısının 2014-cü il 20 avqust tarixli Sərəncamı ilə Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun inşasına Azərbaycan Prezidentinin ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə tikintinin başlanması üçün ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. Ümumi uzunluğu 33,8 kilometr olan avtomobil yolunun tikintisinə 2014-cü ilin oktyabrında başlanıb. Yolun tikintisini davam etdirmək məqsədilə Prezidentin 2015-ci il 1 iyul tarixli Sərəncamına əsasən dövlət büdcəsindən yenidən müvafiq maliyyə vəsaiti ayrılıb. Tikinti işləri yüksək standartlar səviyyəsində həyata keçirilib.

Məlumat verildi ki, üçüncü dərəcəli avtomobil yolunun eni 7, yol çiyinlərinin eni isə 2,5 metrdir. Yolun ərazisində 5 su keçidi quraşdırılıb, 2 körpü əsaslı təmir edilib. Yolun yenidən qurulması layihəsi ilə yanaşı, yolboyu yaşayış məntəqələrinin giriş və daxili yollarında da xeyli iş görülüb.

Qeyd olundu ki, Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolu 32 min əhalinin yaşadığı 13 məntəqəni əhatə edir. Avtomobil yolu rayon mərkəzinin kəndlərlə nəqliyyat əlaqəsini yaxşılaşdırmağa, həmçinin iqtisadiyyatın və turizmin inkişafına mühüm töhfə verəcək.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

X X X

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Tovuz şəhər 7 saylı körpələr evi-uşaq bağçasının fevralın 16-da açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması dövlətimizin daim diqqət mərkəzindədir. Bu istiqamətdə Heydər Əliyev Fondu mühüm layihələr həyata keçirir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı icrasına başladığı layihələr mühüm əhəmiyyətə malikdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı" bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, körpələr evi-uşaq bağçasının inşasına 2014-cü ilin sonlarında başlanılıb və tikinti işləri yüksək səviyyədə icra olunub. Bağça 100 yerlikdir. Burada ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin gələcəyi olan uşaqlara göstərdikləri qayğıdan bəhs edən fotolardan ibarət guşələr yaradılıb.

Prezident İlham Əliyevə məlumat verildi ki, ikimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla beş qrup fəaliyyət göstərəcək. Bağçada uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılacaq. Bu məqsədlə müasir otaqlar yaradılıb, bütün zəruri ləvazimat və təlim avadanlığı ilə təchiz olunub. Uşaqların qidalanması da diqqətdə saxlanılacaq. Burada 35 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub. Bağçanın ərazisində əyləncə meydançaları yaradılıb, attraksionlar quraşdırılıb.


OXŞAR XƏBƏRLƏR

“Bakıda COP29 mükəmməl təşkil olunub” - Zaxarova

“Bakıda noyabrın 11-dən etibarən keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) mükəmmə...

800 illik vulkan püskürüb: Yerdə bir neçə kilometrlik çat əmələ gəlib

İslandiyanın paytaxtı Reykyavik yaxınlığındakı Reykjanes yarımadasında son üç ildə onuncu dəfə vulkan püskürüb.   Sfera.az bildirir ki, vulkan 800 il...

Oğurlananlar qaytarılmalı və ya əvəzi ödənilməlidir - VİDEO

"Başqalarının əşyalarını oğurlaya bilməzsiniz. Oğurlasan belə, cəzasız qala bilməzsən".   Sfera.az xəbər verir ki, bu fikirlər "Calibe...

Mirzoyan iranlı həmkarına zəng etdi: nə danışdılar?

Noyabrın 21-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Abbas Arakçı ilə telefon danışığı aparıb.   Sfera.az xəbər verir ki, b...

Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak oldu

Mərakeşdə Krallıq Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu barədə Maghreb Arab Press (MAP) agentli...

Bu şəxslərin əmək haqları artırıldı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əmək haqları artırıldı.   UNEC əməkdaşlarının sosial durumlarının daha da yaxşılaşdırılması məqsədil...