Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək
Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.
Sfera.az bildirir ki, Nikola Yurçeviçin baş məşqçisi olduğu komanda yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Millinin sınaqçı rəqibi Bəhreyn yığması olacaq. Görüş Asiya təmsilçisinin meydanında baş tutacaq. Yığma N.Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini qazanmağa çalışacaq.
Xorvatiyalı mütəxəssisin posta təyinatından sonra 2019-cu ildə keçirdiyi matçlarda yığma qələbə qazana bilməyib. AVRO-2020-nin seçmə mərhələsinin 5 matçından dördündə uduzan, yalnız bir heç-heçə edən komanda yeganə yoldaşlıq görüşündən də qələbəsiz ayrılıb.
Öz meydanında Litvanı uda bilməyən N.Yurçeviçin yetirmələri Bəhreynlə qarşılaşmada həsrətə son qoymağa çalışacaqlar. Asiya təmsilçisi yığma üçün münasib rəqib kimi görünsə də, FİFA reytinqində daha yüksək pillədə qərarlaşıb. Dünyanın 109-cusu olan Azərbaycan millisi özündən 4 pillə öndə olan rəqibi qarşısında sınaq verəcək.
Bu oyundan 4 gün sonra AVRO-2020-də növbəti görüşünə çıxacaq yığma Budapeştdə Macarıstanla görüşəcək. Daha çox həmin matçı düşünməli olan futbolçular qələbə qazanmaq imkanından da yararlanmağa çalışacaq. Lakin seçmə mərhələdə cəzalı olan oyunçuların Bəhreynə də aparılmaması komandanın şanslarına da təsirsiz ötüşməyəcək. Kapitan Maksim Medvedev və Anton Krivotsyukun cəzalı olması müdafiədə problemlər yarada bilər. Dmitri Nazarovun da meydanın mərkəzində yeri görünəcək.
Qeyd edək ki, Bəhreyn Milli Stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Yoldaşlıq oyunu
9 oktyabr
20:30. Bəhreyn – Azərbaycan
Bəhreyn Milli Stadionu