Bakıda 36 minə "Gelandewagen", 16 minə "İnfiniti" satılır

Bakıda 36 minə
Bakının avtomobil bazarında canlanma hiss olunur. Uzun müddət durğunluq keçirən bazarda artıq alqı-satqı prosesi stabilləşməyə başlayıb. Elə bu səbəbdən avtomobillərin qiymətində artım hiss olunur.
 
Avtomobil bazarında ən çox alınan ikinci əl maşınlardır. Rusiya istehsalı olan maşınlara maraq daha böyükdür. Bunu alıcılar da, satıcılar da təsdiq edir. Badamdar Avtomobil Bazarında satıcılar müştərilərin  daha çox 2010-2015-ci il model "Niva” avtomobillərinə üstünlük verdiyini deyir. Alıcılar isə bu avtomobillərinin daha çox dağ rayonları üçün əlverişli olduğuna və qiymətin uyğunluğuna diqqət çəkirlər:
 
- Biz dağ rayonunda yaşayırıq. Ona görə yola davamlı, yükə  dözümlü maşınlarla maraqlanırıq. Sovet maşını istəyirik. Onların sadə quruluşu var, mürəkkəb deyil. 6 min, 6 min 500-ə deyirlər, bir az güzəşt eləsələr, bəlkə ala bildik.
 
- "Niva" ilə maraqlanıram. Onların da iki modeli var. Biri kondisionerli, digəri isə kondisionersiz. Qiymətlər münasibdir, pis deyil. Kondisionerli "Niva"nı 7.500 manata deyirlər, kondisionersizi 5 minə də almaq olar. Qiymətlərdə bütün modellər üzrə artım hiss olunur. Bilmirəm, bu, bəlkə də qışda bu maşına tələbatın çox olması ilə bağlıdır. Amma yayla müqayisə də 600-700 manat fərq edir.
Digər müştəri isə qiymət artımından şikayətlənir: "Əslində xarici markalara üstünlük verirəm, amma qiymət artımı var. Ötən aylarla nisbətdə artım əməlli-başlı hiss olunur. Sovet maşınlarında o qədər artım yoxdur, əsasən Amerika istehsalı olan maşınlarda qiymət fərqi əhəmiyyətli dərəcədədir. Almaniya istehsalı olan "Mercedes"lə də maraqlandım. Onun da qiyməti artıb, bazar, ümumiyyətlə, zəifdir. 1998-ci ildə buraxılmış bu maşınların qiyməti 8 minlə 8500 manat arasında dəyişir".
Maşın bazarında Almaniya istehsalı olan maşınlara tələbat çox olsa da, qiymətlərin bahalaşmasından gileylənən müştərilər az deyil: "Gəlmişik bazara "Mercedes" almağa. Bazar əvvəlki tək deyil, iqtisadi vəziyyət pisdir deyə alan yoxdur. "Mercedes E Class" markalı avtomobil axtarıram. 5000-7000, 10000 manata var. Qiymət çox baha olmasa da, alan yoxdur. Mən 6500-7000 manata istədiyim markaya rast gəlsəm, alacağam".
Alıcılar indi daha çox 1998-2000-ci illərdə buraxılmış, 1.8-2.2 l mühərrikli "Mercedes E Class” modellərini daha çox alır. Bu avtomobillərin qiymətləri 5-7 min manat arasında dəyişir. Ağsudan Bakıya "Mersedes" almağa gələn gənc alıcının sözlərinə görə, alman maşınları qənaətcildir və əksər hallarda bu maşınları taksi kimi istifadə etmək üçün alırlar. Bəzi hallarda isə işə gedib-gəlmək, hətta ailə avtomobili kimi sürmək üçün bu modelləri alanlar da var. Onun sözlərinə görə, iki ay əvvəl 5.000-5.500 dollara satılan maşınların qiymətin də nə az-nə çox, 1000-1500 manat fərqlə satışa çıxarılıb: "Maşın almağa gəlmişəm. "Mercedes" axtarıram. Çox bahalaşıb. Bir ay əvvəllə müqayisədə çox artıb. Əgər bir-iki ay əvvəl Almaniya istehsalı olan markalar 5000-6000 manat arası satılırdısa, indi 7 min manatdan aşağı tapmaq mümkün deyil".
Əvvəllər alıcılar daha çox avtomobilin görünüş və keyfiyyətinə diqqət yetirirdisə, indi avtomobilin qiymətinə və yanacaq sərfiyyatına daha çox fikir verirlər. Belə ki, əvvəl əhalinin orta təbəqəsi qiyməti 25 min manata kimi olan avtomobilləri alırdısa, indi 2-8 min manatlıq avtomobillərə üstünlük verilir. Satışlar 50 faizdən çox azalıb, satıcılar hər şənbə-bazar günü burada cəmi 1-2 maşının satıldığını deyir: 
- Bazara bu həftə maşın çıxarmamışam. Sadəcə, müşahidəyə gəldim ki, müştəri bolluğu varsa, gələn bazar çıxarım. Hər həftə olduğu kimi, bazar yenə zəifdir. Təkcə ötən aylarla yox, iki il əvvələ müqayisə etdikdə, görürsən ki, alver tamamilə yoxdur.
- Dollar qalxmamışdan əvvəl yenə heç olmaya 3-5 manat çörək pulu qalırdı. Amma indi bazar çox zəifdir. Nə alan var, nə satan. 2-3 maşın çıxarmışam bazara, gəlirlər, maraqlanırlar, gedirlər. Real alıcı yoxdur. Qiymət artımı yoxdur. Daha çox sovet maşınları satıram. Onların da qiyməti əvvəlki dövrlə müqayisədə düşüb. "Tofaş", "VAZ-2107" və kreditlə olan maşınları satışa çıxarmışam. Bu gün daha çox dollarla kreditdə olan maşınları əlimyandı satırlar. Ona da alıcı yoxdur.
Digər bir satıcı "Mercedes"i satmaq üçün bazara gətirib, amma deyir ki, qiymətlər alıcıların cibinə uyğun deyil: "Mercedes C-240" satıram. 7600 manata çıxarmışam. Endirim etməyə də hazıram. 6000-dək düşə bilərəm. 1999-cu ilin maşınıdır".
İmkansızlıqdan "İnfiniti" markalı maşını satışa çıxaran şəxs də alıcı qıtlığından şikayət edir: "7 ay əvvəl almışam. İndi pula ehtiyacım var deyə, özüm satışa çıxarmışam. Əla vəziyyətdədir. Qız maşını olub. 16 min manata almışdım. Elə o qiymətə də satıram. Maraqlanırlar, amma alan yoxdur".
"Saipa" avtomobillərinin satıcısı isə bu maşınların 11 min manata kreditlə satıldığını deyir. İlkin ödənişi 1200  manat olan bu avtomobillərin aylıq ödənişi 311 manat təşkil edir: "Bu avtomobillərin satışı baha idi. İndi alıcı qıtlığı yaşadığımızdan qiymətlər xeyli düşüb. Üstəlik, kredit şərtləri də sərfəlidir, manatladır. Amma əvvəl tələbat daha çox idi, indi azdır".
Bazarda gözəlliyi ilə göz oxşayan "Mercedes Gelandewagen" markalı maşında satışa çıxarılıb. Bu markaya kifayət qədər alıcı marağı olduğunu deyən avtomobilin sahibi deyir ki, alan uduzmaz. Qiymət isə...
"40 min dollara satıram. 2003-ün maşınıdır. Maşın əla vəziyyətdədir. Sadəcə, pul tapıb almaq lazımdır. Mən 36 minə almışam. Elə indi də istəyən olsa, o qiymətə razılaşaram. Manatla, dollarla fərqi yoxdur, alan olsa, endirimə də hazırıq".
Satışda olan avtomobillər içərisində "Lexus" da diqqətimizdən yayınmır: "2006-cı ilin maşınıdır. Öz maşınımdır. Qiyməti 22 min manatdır. 6 ay əvvəl 25 min dollara almışdım".
Belə... Maşın almaq istəyənlər, əliniz cibinizdə olsun!

OXŞAR XƏBƏRLƏR