“Əmanətlərin faizləri arta bilər” - Millət vəkili
"Hazırda Mərkəzi Bankın qarşısında duran ən ciddi məsələ manatın məzənnəsini qoruyub saxlamaqdan ibarətdir ki, milli valyuta növbəti devalvasiyaya uğramasın. Bunun üçün də MB tərəfindən müəyyən addımlar atılır”.
Bu sözləri "Qafqazinfo”ya açıqlamasında millət vəkili Vahid Əhmədov uçot dərəcəsinin 5 faizə qaldırılması ilə bağlı MB tərəfindən verilən qərara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank uçot dərəcəsini qaldırmaqla manatın məzənnəsini müəyyən müddətə qoruyub saxlamaq istəyir: "İnsanların banklara olan inamını qaytarmaq lazımdır. Eyni zamanda əmanətlərini banklara qoymaq üşün şərait lazımdır. Kredit faizlərinin artması əmanətlərin də faizlərinə təsir göstərəcək. Hesab edirəm ki, bu müvəqqəti addımdır. Çünki manatın dəyəri birbaşa neftdən asılıdır. Yəni ümumi iqtisadi vəziyyətdən asılı olaraq bu addım atılıb”.
Millət vəkili qeyd edib ki, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin artması isə bankın aktiv və passivləri, kredit portfeli, nağd və nağdsız hesablaşmalarla əlaqədardır: "Faiz dəhlizinin artırılması müəyyən qədər kredit portfelinə də təsir edəcək.
İnanmıram ki, bu qərarlar bankların manata olan çıxışını məhdudlaşsın. Əsas odur ki, müəyyən qədər əmanətlərin faizində artım olacaq. Bu da əmanətləri banka qoymaq üçün şərait yaradacaq. İkinci devalvasiyadan sonra banklarla bağlı problemlər meydana çıxıb. Bu inamı qaytarmaqdan ötrü Mərkəzi Bank müəyyən addımlar atır.
Bununla yanaşı, Milli Məclis "Əmanətlərin tam sığortalanması haqqında” qanun qəbul edib. Düzdür, qanun hələ ölkə başçısı tərəfindən imzalanmayıb. Yəqin gözləyirlər ki, banklarda birləşmə prosesi qurtarsın. Bundan sonra qanun imzalanacaq”.