"Mərkəzi Bankın bu qərarı manatın məzənnəsini qoruyub saxlayacaq"

Mərkəzi Bankın İdarə Heyəti 15 fevral 2016-cı ildə uçot dərəcəsini 5 faiz, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2 faiz, yuxarı həddini isə 10 faiz səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib.

Sfera.az bildirir ki, Milli Məclisin İqtisadi siyasət, sosial və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az saytına bunun gözlənilən addım olduğunu deyib:

"Manatın stabilliyinin qorunub saxlanması bankın uçot dərəcəsindən çox asılıdır. Əvvəllər uçot dərəcəsi 3 faiz-3,5 faiz idi. Hazırda uçot dərəcəsinin 5 faizə qaldırılması məhz manatın stabilliyi üçündür.

Bu qərar valyuta bazarına müəyyən qədər təsir edəcək, manatın məzənnəsini müəyyən qədər qoruyub saxlayacaq".

Parlament üzvü bildirib ki, bu, ən əsası manatın növbəti devalvasiyasından sığortalanmaq üçün düşünülmüş addımdır:

"Neftin qiymətinin kəskin artmaması, eyni səviyyədə, 30-32 dollar arasında dəyişməsi manata təzyiqi artırır. Təzyiqlərin qarşısını almaq üçün yeganə yol Mərkəzi Bankın uçot dərəcəsini qaldırmaq və qeyri-neft sektorunu mümkün qədər ixracyönümlü məhsulların istehsal edilməsinə yönəltməkdir. Hələlik ikinci baş vermədiyindən Mərkəzi Bank uçot dərəcəsini qaldırdı".

Deputat qeyd edib ki, yeni qərar həm də, banka daha çox əmanət yatırılmasına səbəb olacaq: "Faktiki olaraq faiz dərəcələrinin artırılması ilə əmanətlərə qoyulan faiz dərəcələri artmış olub".


OXŞAR XƏBƏRLƏR