“Leş mafiyası” ilə bağlı yeni detallar – Güclü himayədarları var
Sfera.az xəbər verir ki, "Leş mafiyası” ilə bağlı "Yeni Sabah”a yeni məlumatlar daxil olub. Bildirilir ki, bu mafiyanın rəhbərlərindən biri Əlifxan Şahverdiyev uzun müddət Sabirabadın Xəlfəli kəndində qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin toplanması, tədarükü və emalı ilə məşğul olub. Bu səbəbdən onu "Leş Əli” adlandırırlar.
Əlifxan Şahverdiyev bir neçə gün əvvəl DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) əməkdaşları tərəfindən həbs edilib. Onunla birgə "leş mafiyası”nın başqa bir "tanınmış siması” olan "Leş Tofiq” ləqəbilə tanınan Alıbəy Rzaxanov da tutulub. Əlifxan Şahverdiyev Xəlfəlidə, Alıbəy Rzaxanov isə Bakının Güzdək qəsəbəsində leş ətlərinin tədarükü və satışı ilə məşğul olub.
Əldə etdiyimiz yeni məlumatlarda bildirilir ki, bu Əlifxan Şahverdiyevin birinci həbsi deyil. O, bundan əvvəl də həbs edilib. Məsələn, 2017-ci ildə Əlifxan Şahverdiyevin Xəlfəli kəndindəki evinin həyətindən ümumi çəkisi 600 kiloqram olan leş ət aşkar edilib. Həmin ətlərdən baytarlıq laboratoriyasında müayinə üçün nümunələr götürülüb.
Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən 24 nümunə ət və 1 nümunə daxili orqanda (qaraciyərdə) bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən götürülən nümunələrin hamsının aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan ətləri (leş əti) olması müəyyənləşdirilib. Müayinə zamanı bütün nümunələrin keyfiyyətsiz, qida üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Həmçinin aparılan müayinə zamanı 24 ət nümunəsindən 1 nümunənin at, 3 nümunənin xırdabuynuzlu heyvan və 20 nümunənin iribuynuzlu heyvan əti olması müəyyən edilib.
Bu barədə hətta mediada məlumat dərc edilib. Lakin qısa müddətdən sonra Əlifxan Şahverdiyev azadlığa buraxılıb və yenidən bu işlə məşğul olub. Məlumatlarda bildirilir ki, Əlifxan Şahverdiyevin yaratdığı dəstənin üzvləri əsasən qohumlarından ibarətdir. Onun bu işlə məşğul olduğu isə bütün rayon camaatına bəllidir. "Onu hər dəfə tutub buraxırlar. Uzun illərdir bu işlə məşğul olur. Rayonda bunu hamı bilir. Amma onun vecinə də deyildi”, - deyə rayon sakinləri "Yeni Sabah”a bildirib.
Görünür, "leş mafiyası”nın güclü himayədarları var. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da saytımıza açıqlamasında bu mafiyanın "uzun əllərə” sahib olduğunu bildirmişdi. Hətta bir neçə il əvvəl "leş mafiyası”nin Bakının 3-cü mikrorayon ərazisindəki tədarük məntəqəsini deşifrə edərkən DİN-dən Eyyub Hüseynova təhlükəsizliyini təmin etmək təklifi gəlib.