Deputat gənc sürücülərə etiraz etdi
"Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik edilib.
“Qafqazinfo” xəbər verir ki, dəyişiklikdə göstərilir ki, avtobuslarla sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan);
"DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və "D" kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülər buraxılır.
Qanun layihəsi ilə bağlı müzakirələr zamanı çıxış edən deputat Bəxtiyar Əliyev paytaxtda sərnişindaşıma fəaliyyətini sərt tənqid edib.
O qeyd edib ki, təzə avtobusları gətiriblər, bunlar gözəldir, amma bunlar dayanacaq məsələsi də həll olunmalıdır: “Məsələn, “Elmlər Akademiyası” metrosu ətrafında nə qədər sərnişin avtobusu dayanır. Bunları kim tənzimləyir? Svetaforda keçirlər. Bunların himayədarları kimlərdir? İnsan taleyi ilə bu qədər oynamaq olmaz. Parkomant deyən bir şeylər qurublar. Amma harda əhali çox toplanıbsa, ora parkomant düzüblər. Hətta birtərəfli yolarda da parkomantlar qoyublar. Xüsusi geyimlilər dayanırlar bunların yanında. Bəs bu parkomantlara kim nəzarət edir? Avtobus gəlir dayanacağa, amma orada taksilər dayanıb. Bu məsələ ictimaiyyətdə çox narazılıq yaradır. Şəhər nəqliyyatı bütünlüklə dəyişdirilməlidir. Avtobusların çoxusu çirklidir. Ekologiyaya yaramayan qara tüstülü avtobuslar var. Bunlar ekologiyanı korlayırlar. O yerdə ki qanun icra olunmur, orada daha böyük cinayətlər törədilə bilər”.
Millət vəkili Çingiz Qənizadə isə qanunda göstərilən 18-22 yaş məsələsinə narazılığını bildirib:
“30-40 nəfərin taleyini necə 22 yaşlı bir uşağa etibar etmək olar? Dünyanın harasını gəzsək, belə bir hala rast gəlmərik. Camaat hər gün uşağını avtobusa qoyanda dua edir ki, uşağı sağ-salamat evinə qayıdıb gəlsin. Yaş həddi ən azı 25-ə qaldırılmalıdır”.