Ukraynadan gələn ikinci qatar Bakıdan yola salınır
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulduqdan sonra bu ölkədən gələn ikinci sınaq qatarı bu gün səhər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.
Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Oxu.Az-a bildirilib.
“Ərzaq məhsulları və metal məmulatlar yüklənmiş 32 vaqondan ibarət qatar fevralın 7-də bərə ilə İliçevck (Ukrayna) limanından çıxaraq Ukrayna-Qara dəniz-Gürcüstan-Azərbaycan-Xəzər dənizi-Mərkəzi Asiya marşrutu ilə hərəkət edir.
Konteyner qatarının 31 vaqonu bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Qarabağ” bərəsi ilə Türkmənbaşı limanına yola salınacaq. Daha bir vaqon isə Qazaxıstana ünvanlandığına görə Aktau limanına gedəcək ilk bərə ilə göndəriləcək”, - deyə QSC-dən qeyd edilib.
Xatırladaq ki, birinci sınaq qatarı yanvarın 15-də İliçevskdən çıxmış, yanvarın 22-də Xəzər Dəniz Gəmiçiliyinin “Azərbaycan” bərəsi ilə yola salınıb və yanvarın 23-də Aktauya çatdırılıb.
Bu zaman heç bir ləngiməyə yol verilməyib. Daha sonra Qazaxıstan ərazisi ilə hərəkət edən qatar yanvarın 31-də Çində səfərini başa vurub. Ukrayna hökuməti yüklərin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkətini daha da sürətləndirmək məqsədi ilə Mərkəzi Asiya ölkələri ilə müvafiq danışıqlar aparıb və ikinci sınaq qatarının Çinə 10 günə çatdırılmasını qarşıya məqsəd qoyub.