Prezident İlham Əliyev sahibkarların müraciətlərini nəzərə alaraq qanuna dəyişiklikləri imzalamadan Milli Məclisə qaytardı
Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidmətindən AZƏRTAC-a daxil olan
məlumatda bildirilir ki, sahibkarların və investorların çoxsaylı müraciətləri nəzərə alınaraq, "Valyuta
tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2016-cı il
19 yanvar tarixli Qanun Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan
Respublikasının prezidenti tərəfindən imzalanmadan Milli Məclisə geri qaytarılıb.
"Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi
şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin
20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.