S-400 “Triumf” müəmması: Rusiya təyyarələri yükü çatdırıbmı...
Ankara ilə Vaşinqton arasında ciddi gərginliyə səbəb olan S-400 "Triumf” zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması ətrafında müəmma davam edir.
Virtualaz.org xəbər verir ki, ötən həftə sonu Türkiyə və Rusiya qaynaqları komplekslərin hissələrinin təyyarələrə yükləndiyini, ilk təchizatın bu həftənin əvvəllərində həyata keçiriləcəyini bildirmişdi. Lakin S-400 komplekslərinin ilk partiyasının Türkiyəyə çatdırıldığına dair hələlik təsdiqlənmiş məlumat yoxdur.
Türkiyə KİV-ləri xəbər verir ki, ötən gün iyulun 10-da axşam saatlarında Malatya aeroportuna bir-birinin ardınca Rusiyanın iki Tu-154B-2 hərbi-nəqliyyat təyyarəsi enib. Lakin bu təyyarələr sərnişin daşımaq üçün nəzərdə tutulub və ağır hərbi texnikanın daşınması üçün yaramır. Ağır hərbi texnika "Ruslan” tipli hərbi yük təyyarələri ilə daşınır. Bu baxımdan mənbələr ehtimal edir ki, təyyarələr S-400 komplekslərinin Türkiyədə quraşdırılması üçün rusiyalı hərbi mütəxəssisləri daşıyırdı.
Digər qaynaqlar isə Rusiyanın S-400 komplekslərinə aid radarları artıq Türkiyəyə çatdırdığını xəbər verir. S-400 komplekslərinin harada mövqe tutacağı haqda isə çoxsaylı fərziyyələr dolaşır. Daha əvvəl Türkiyənin kompleksləri müvəqqəti olaraq Azərbaycanda və ya Qətərdə yerləşdirə biləcəyi haqda xəbərlər yayılıb. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bu variantı nəzərdən keçirdiklərini təsdiqləyib.
Amma prezident Ərdoğan ötən gün bildirib ki, Türkiyə S-400 komplekslərini hava sahəsini müdafiə etmək üçün alır və təhdid yaranarsa bu silahı tətbiq edəcək. Bu da komplekslərin hər halda Türkiyə ərazisində yerləşdiriləcəyini təsdiq edir. Bəzi qaynaqlar komplekslərin Suriya ilə sərhədə yaxın bölgədə yerləşdiriləcəyini təxmin edirlər.
Komplekslərin Türkiyəyə çatdırılmasının ardınca ABŞ-ın Ankaraya qarşı sanksiyalar məsələsinə baxacağı gözlənilir. Dövlət Departamentindəki qaynaqlar da təsdiq ediblər ki, komplekslərin Türkiyəyə çatdırılması prosesinin başladığını qeydə alıblar.