Daha bir ölkə plastik paketlərə qarşı “müharibə” elan etdi
Ekoloji təmizliyi bərpa etmək məqsədilə plastik paketlərə qarşı başladılan "müharibə”yə Yeni Zelandiya da qoşulub.
"Yeni Sabah" "NTV"yə istinadən xəbər verir ki, dünən ölkədə qüvvəyə minən qanuna əsasən, birdəfəlik plastik torbalardan istifadə edən marketlərə 67 min dollar cərimə yazılacaq.
Plastik paketlərin istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanun ilk dəfə 2002-ci ildə Banqladeşdə tətbiq olunub. Bu mövzuda ən qatı ölkə isə Keniyadır. Burada 2017-ci ildə qüvvəyə minən qanuna görə plastik paketdən istifadə edənləri, bu cür paketləri istehsal edənləri və ya satanları 4 ilə qədər həbs (və ya 38 min dollara qədər pul cəzası) gözləyir.
Ümumilikdə, 60-dan çox ölkədə plastik paket istifadəsinə qadağa qoyulub. Türkiyə, Avstraliya, Kolumbiya, Mozambik və Cənubi Afrikada plastik paketlər pul ilə satılır.
Bu ilin əvvəlində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda da birdəfəlik plastik torbaların istifadəsinin qadağan olunacağını açıqlayıb.