ABŞ-ı “dollarla vurmaq” siyasəti: DÜNYA ÖLKƏLƏRİ ALTERNATİV AXTARIŞINDA

ABŞ-ı “dollarla vurmaq” siyasəti: DÜNYA ÖLKƏLƏRİ ALTERNATİV AXTARIŞINDA
 

"Gələcəkdə qızıl dolları sıxışdıracaq, amma hələlik bu barədə danışmaq tezdir”.


Sfera.az-a açıqlamasında bu sözləri Malaziya baş nazirinin dollara alternativ olaraq Cənub-şərqi Asiya ölkələri arasında ticarətdə yeni valyuta sistemi üzərində çalışdıqlarını bəyan etməsinə münasibət bildirərkən iqtisadçı ekspert Ruslan Atakişiyev deyib:

 

 

"Məsələ ondan ibarətdir ki, son dövrlər Rusiya, Çin, Hindistan, İran, Türkiyə və bir sıra digər ölkələr dollardan imtina məqsədilə bir-birilə ticarətdə yerli valyutalardan istifadə etməyi düşünürlər. Məsələn, İranla Hindistan arasında olan ticarət əməliyyatlarında, Türkiyə və Rusiya, hətta Ankara ilə Bakı arasında da bu kimi məsələlər müzakirə olunub. Məsələn, Azərbaycandan dollarla Türkiyəyə pul göndərildikdə müəyyən kommisiya haqqı tutulduğu halda, manatla göndərildikdə heç bir kommisiya haqqı tutulmur. Bunun özü də iki ölkə arasında əməliyaytlarda milli valyutadan istifadənin sürətlənməsinə gətirib çıxara bilər. Bu mənada Malaziya baş nazirinin təklifi də cəlbedici görünə bilər”.


Həmsöhbətimiz qeyd etdi ki, dollara alternativlərin yaradılması məsələsi bu valyutadan daha çox siyasi təzyiq vasitəsi kimi istifadə olunması fonunda öz aktuallığını daha da artırıb: "Dollara qarşı mübarizə isə artıq bu valyutanın dünyada beynəlxalq ticarət vasitəsindən daha çox, Federal Ehtiyatlar Sistemi (FED) vasitəsilə dünyada müəyyən siyasi təzyiq vasitəsi kimi istifadə olunması fonunda daha da aktuallaşıb. Bir sıra hallarda FED-in uçot dərəcəsini qaldırması və ya azaldılması digər ölkələrin valyutalarına mənfi təsir göstərir. Yəni bu halda digər ölkələrin maliyyə bazarlarının vəziyyəti nəzərə alınmır. Ona görə də həmin ölkələrdə alternativ valyutaların işə salınması məsələsi gündəmə gətirilib. Kriptovalyutalar da hardasa gələcəkdə dollarlaşmaya alternativ ola bilər”.

 

Bununla belə, R. Atakişiyev hazırkı məqamda dollara qarşı belə hərəkatlar başlasa da, onun ABŞ valyutasına sarsıdıcı zərbə endirə biləcəyini düşünmür: "Hələlik bu barədə danışmaq tezdir. Hələlik beynəlxalq ticarətdə əsas valyuta rolunda dollar çıxış etməkdə davam edir. Alternativlərin olması üçün həmin valyutanın da dolların fuksiyasını yerinə yetirmək qabiliyyəti olmalıdır. Amma bütün hallarda sözügedən hərəkətlər ABŞ dollarının hegemonluğuna son qoymaq üçün atılan addımların ilk işartılarıdır. Bu hərəkətlər onu göstərir ki, uzun müddətli perspektivdə dollar özünün hazırkı hegemonluğunu qoruyub saxlaya bilməyəcək”.


Qeyd edək ki, Malaziyanın baş naziri Mahathir Məhəmməd ölkəsinin Cənub-şərqi Asiyada fəaliyyət göstərəcək yeni valyuta sistemi üzərində çalışdıqlarını bəyan edib. Baş nazir bildirib ki, yeni valyuta sistemi qızıla indeksli şəkildə istifadə oluna bilər.

Elçin


OXŞAR XƏBƏRLƏR