Saakaşvili əsgərliyə hazırlaşır - FOTO
Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili hərbi xidmətə yollanmaq üçün Kiyevdəki Svyatoşinski hərbi komissarlığına gedib.
"Qafqazinfo” xəbər verir ki, o, tibbi yoxlanışdan keçib, qeydiyyata yazılıb.
"Tibbi komissiyada yoxlanıldım və Svyatoşinski hərbi komissarlığında qeydiyyata yazıldım. Səhhətim əladır, hərbi xidmətə çox uyğundur. Belə ki, əlimdə silahla Ukraynanı qorumağa hazıram”, - deyə Saakaşvili yazıb.
Xatırladaq ki, Saakaşvili 2016-ci ilin mayında Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib. 2017-ci ilin yayında isə Poroşenko müxalifətçilərə qoşulan Saakaşvilini həmin vəzifədən kənarlaşdırıb və vətəndaşlığını əlindən alıb. 2018-ci ilin fevralında Ukrayna xüsusi xidmət əməkdaşları Saakaşvilini Ukrayna ərazisindən çıxarıb, 2021-ci ilədək ölkəyə girişinə qadağa qoyub.
Ukrayna Prezidenti Vladimir Zelenski bu il mayın 28-də Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb. O isə növbəti gün Ukraynaya qayıdıb.