Almaniya Azərbaycana niyə hücum edir?

Almaniya Azərbaycana niyə hücum edir?

Azərbaycanın rəsmi “Azərbaycan” qəzetinin bugünkü sayında “Almaniya bu gün: hegemon, yoxsa vassal?” başlıqlı məqalə dərc olunub. “Qafqazinfo” həmin yazını təqdim edir:

 Avropa Almaniyanın hegemonluğuna qarşı

1941-ci il mayın 30-u yunan Manolis Qlezosun Adolf Hitleri məsxərəyə qoyduğu gündür. O, öz dostu ilə Afina Akropolundan faşist Almaniyasının böyük bayrağını qopararaq yerə atdı və qəhrəmana çevrildi. 

“Der Spiegel” nəşri yazır ki, indi 92 yaşlı Qlezos Avropa Parlamentində Yunanıstanın hakim SİRİZA partiyasını təmsil edir. İkinci Dünya müharibəsi zamanı müqavimət hərəkatının fəalı olan yunan qəhrəmanı almanların Avropada hökmranlığının nə ilə nəticələndiyinin canlı şahididir və onun sözlərinə görə, hazırda bu proses yenidən baş verir: “Ancaq bu dəfə Yunanıstanı boğazından hərbçilər deyil, siyasətçilər və biznes rəhbərləri tutublar. Alman kapitalı Avropada hökmrandır və ona Yunanıstanın bədbəxtliyi və məşəqqətləri sərf edir. Amma bizə onların pulları lazım deyil”. Qlezosun fikrincə, indinin özündə də Almaniya dəhşətli keçmişi ilə bağlıdır. Ancaq o, bu iddianı səsləndirəndə xüsusi qeyd edir ki, alman xalqını yox, onun hakimiyyətini nəzərdə tutur: “Almaniya bu gün də təcavüzkardır. Onun Yunanıstana münasibətini tiranın qula münasibəti ilə müqayisə etmək olar”. 

Qlezos faşist Almaniyasının baş ideoloqu Yozef Gebbelsin “2000-ci il” adlı məqaləsini xatırlayır. Həmin yazıda Gebbels Almaniyanın rəhbərliyi ilə Avropanın gələcəyi haqqında öz fikirlərini bölüşür. Qlezos deyir ki, Gebbels cəmi 10 il tələsib. 

Ekspertlər hesab edirlər ki, ümumdünya iqtisadi böhranı güclü iqtisadi potensiala malik Almaniyanın ümumavropa hegemonluğu iddiasını reallaşdırmağa əlverişli şərait yaradır. Bu isə bütün Avropada sərt müqavimətlə üzləşir: Almaniya kansleri Angela Merkel bu ekspanisiyanın müəllifi kimi təqdim olunur. Onun Hitlerin bığları ilə təsvir olunmuş karikaturaları, Avropanın alman tanklarının tapdağı altında təsvir olunduğu rəsmlər Yunanıstan, Bolqarıstan, İspaniya, Böyük Britaniya, Polşa, Portuqaliya və digər ölkələrdə ildırım sürəti ilə yayılır. Nasist simvolikası isə Almaniyanın ayrı-ayrı ölkələrə tətbiq etdiyi sərt qənaət siyasətinin ayrılmaz atributu kimi təqdim edilir. Avropa Almaniyada “Üçüncü Reyxin” xələfi olan “Dördüncü Reyxin” yaranmasından danışır.

 

Azərbaycan-Almaniya əlaqələri: tarixə qısa ekskurs

Almaniya Avropanı fəth etmək yoluna çıxdığı bir zamanda Cənubi Qafqazın və postsovet məkanının parlayan ulduzu Azərbaycan bu ölkə və onun söz sahibi olduğu Avropa İttifaqı ilə münasibətlərini necə qurmaq niyyətindədir? 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra iki ölkə arasında münasibətlər müəyyən mərhələyə qədər rəvan inkişaf edib. 1992-ci ildə Almaniya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulub, səfirliklər açılıb. Həmin dövrdə siyasi dəstəyə və sərmayələrə böyük ehtiyacı olan rəsmi Bakı Avropanın ən güclü iqtisadiyyatı ilə yaxın əlaqələr yaratmaqda maraqlı olduğu kimi, yenicə birləşmiş Almaniya da öz təsir dairəsini genişləndirmək, mühüm strateji bölgədə yerləşən, zəngin təbii ehtiyatlara və güclü inkişaf potensialına malik Azərbaycanla təmaslarını gücləndirmək perspektivindən imtina edə bilməzdi. 1995-ci ilin dekabrında Almaniyanın o zamankı xarici işlər naziri Klaus Kinkelin Azərbaycana, 1996-cı ilin iyulunda isə Azərbaycanın Prezidenti Heydər Əliyevin Almaniyaya səfərləri iki ölkə arasında əlaqələri yeni səviyyəyə yüksəltdi. Sonrakı illərdə ölkələr arasında siyasi, iqtisadi, elmi-texniki, müdafiə, təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq inkişaf etdirildi. Siyasi əlaqələrin möhkəmlənməsi, əlverişli investisiya mühiti alman şirkətlərinin Azərbaycana gəlməsi və uğurlu fəaliyyətinin başlıca səbəbləri kimi xarakterizə oluna bilər. “Simens”, “Ferrosstal”, “İnterselekt”, “Mersedes Bens” kimi iri şirkətlər də daxil olmaqla Almaniyanın 150-yə yaxın biznes subyekti Azərbaycanda aktiv fəaliyyət göstərməyə başlamışlar. 

Siyasi əlaqələrin xarakterinə gəldikdə, Azərbaycan bütün ölkələrlə olduğu kimi, Almaniya ilə də bərabərhüquqluluq, qarşılıqlı etimad, səmərəli əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanan münasibətlərin qurulması və inkişaf etdirilməsində maraqlı olub. Azərbaycan müstəqil dövlət kimi, ikitərəfli əlaqələrdə böyük-kiçik münasibətlərini qəbul etmir və qarşı tərəfdən də analoji münasibət gözləyir. Bununla yanaşı, Azərbaycan hər bir ölkə və beynəlxalq təşkilatla əlaqələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi münasibət tələb edir. Bu münasibəti şərtləndirən başlıca faktorlardan biri isə beynəlxalq hüququn prinsiplərinin dəstəklənməsidir ki, bu da Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün vacib şərtlər sırasına daxil olub. 

Ədalət naminə qeyd edilməlidir ki, Almaniya dəfələrlə ən yüksək səviyyədə Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini ifadə edib. 2004-cü ildə bu ölkənin prezidenti Horst Keller bildirib ki, “Almaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və onun bu mövqeyi dəyişməz qalır”. Almaniyanın kansleri Gerxard Şreder isə Almaniyanın Azərbaycanın tərəfdaşı olduğunu vurğulamaqla onun “ərazi bütövlüyünü tanıdığını və böyük hörmətlə yanaşdığını” deyib. Almaniya Bundestaqı Federal Şurasının 14 may 2010-cu il tarixli “Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və güclənmə” adlı qətnaməsində isə qeyd edilib ki, “Almaniya beynəlxalq hüququn dövlətlərin razılığı olmadan onların sərhədlərinin dəyişdirilməsinin yolverilməzliyini ehtiva edən əsas prinsiplərini dəstəkləyir”.

Beləliklə, Azərbaycanla Almaniya arasında əməkdaşlıq əlaqələrinin inkişafı bir tərəfdən Almaniyanın Cənubi Qafqaz kimi mühüm regionda möhkəmlənməsinə, alman biznesinin, QHT-lərinin bu bölgəyə gəlməsinə şərait yaratdısa, digər tərəfdən də Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin güclənməsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılmasında pozitiv rolunu oynadı. Əminliklə demək olar ki, ikitərəfli əlaqələrin inkişafında 2007-ci ilin fevralında Prezident İlham Əliyevin Almaniyaya səfərinin və səfər çərçivəsində əldə olunmuş razılaşmaların böyük əhəmiyyəti vardır. Azərbaycanın Almaniya və Avropa İttifaqı üçün əhəmiyyəti baxımından 2014-cü ilin oktyabrında Bakıda səfərdə olan Almaniyanın xarici işlər naziri Valter Ştanmayerin fikirləri maraqlıdır: “Azərbaycan strateji baxımdan Şərq və Qərb arasında vacib ölkədir, körpü rolunu oynayır. Azərbaycan, həmçinin, enerji baxımından vacib ölkədir, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rola malikdir. Azərbaycan regionda yeganə ölkədir ki, burada Almaniyanın Xarici Ticarət Palatası fəaliyyət göstərir və 140 üzvü özündə birləşdirir. Bu da bizim iqtisadi əlaqələrimizin geniş olmasının göstəricisidir. Bundan başqa, “Cənub” qaz dəhlizi ikitərəfli əməkdaşlığımızın daha da inkişafı üçün böyük perspektivlər açır”.

 

Azərbaycan və “Dördüncü Reyx”

 İki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyi və strateji tərəfdaşlıq meyillərinin gücləndiyi bir ərəfədə - 2011-ci ildə Almaniya QHT-lərinin, mediasının və bir sıra hallarda rəsmi şəxslərinin Azərbaycana qarşı aqressiv davranışı düşündürücü hal idi. Ekspertlər Bakıda keçirilmiş “Eurovision -2012” mahnı müsabiqəsi dövründə Almaniya başda olmaqla, Qərb dairələrinin Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma kampaniyasını müxtəlif amillərlə izah etdilər. Onlar bunu əsasən Azərbaycan qazının Avropa bazarına çıxarılması, həmçinin Almaniyanın hegemonluq iddiası və ABŞ-ın təhriki ilə Cənubi Qafqazın mərkəzi ölkəsi olan Azərbaycanı öz təsiri altına salmaq cəhdləri ilə bağladılar. Söz yox ki, bu bədbin niyyət demokratiya və insan haqları iddiaları ilə pərdələnmişdi. Amma bu maska o qədər primitiv idi ki, hətta Almaniyanın həmin dövrdə Azərbaycanda səfiri olmuş Herbert Kvelle 2012-ci ildə Azərbaycan mediasına məktubunda da ona normal izahat verməkdə çətinlik çəkirdi. Səfir iddia etmişdi ki, 2011-ci ildə Düsseldorfda “Eurovision” mahnı müsabiqəsində qələbədən sonra alman mətbuatı Azərbaycanla daha çox maraqlanmağa və pozitiv məlumatlarla yanaşı, internetdə çoxsaylı neqativ informasiyalarla rastlaşaraq onları qabartmağa başladı. Səfir yazırdı ki, Almaniya federal hökumətinin müstəqil və güclü alman KİV-inə təsir etmək imkanı yoxdur. Əlbəttə, öz ölkəsinin maraqlarını müdafiə edən səfirin mülahizələri problemə bu çərçivədə izahat vermək cəhdiydi. Əgər cənab Kvelle məsələyə mühüm transkontinental enerji layihələrində Almaniyanın maraqları, bu ölkənin hakimiyyət və digər siyasi dairələrinin Azərbaycan müxalifəti ilə təmaslarının intensivləşməsi, prosesdə Almaniyanın xarici işlər naziri Guido Vestervelle, onun müavini Mixael Linkin fəal iştirakı, aparıcı alman siyasi dairələri tərəfindən idarə olunan nüfuzlu fondların Azərbaycan müxalifəti ilə əlaqələri, nəhayət, özünün müxalifət “liderləri” ilə görüşlərində müzakirə olunan mövzular prizmasından yanaşsaydı, tam başqa mənzərə yaranardı və səfir qeyri-obyektivlikdə ittiham olunmazdı. 

Ancaq az keçmədi ki, Almaniyanın “Spiegel”, ARD kimi aparıcı KİV-ində Azərbaycana qarşı əsassız, qeyri-obyektiv materiallar verilməsi bu ölkənin müəyyən dairələrinin Azərbaycanla bağlı maraqları ilə uzlaşdırıldı və total qarayaxma kampaniyasının tərkib hissəsinə çevrildi. Konrad Adenauer, Fridrix Nauman, Henrix Böll, Fridrix Ebert kimi fondlar Azərbaycanda nəzərəçarpacaq dərəcədə aktivləşdi, Almaniyanın rəsmi şəxslərinin, parlamentarilərinin müxalifət partiyalarının rəhbərləri ilə görüşləri intensiv xarakter aldı.

Almaniya hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löninq Azərbaycana qarşı həyata keçirilən kampaniyanın əsas təşkilatçılarından birinə çevrildi. O, 2011-ci ilin avqustunda Azərbaycana səfəri zamanı kəskin fikirləri ilə yadda qaldı. Müxalifət nümayəndələri ilə görüşündə Löninq bildirmişdi ki, “Almaniya Azərbaycanda dəyişikliklər etmək üçün sizə hər zaman kömək etməyə hazırdır”. Löninqin anti-Azərbaycan demarşı 2013-cü ilə kimi, BMT-nin İnsan Haqları Komissiyasında Almaniyada insan hüquq və azadlıqlarının pozulması, irqçilik və ksenofobiya faktlarının artmasını nəzərdə tutan hesabatın açıqlandığı günə qədər davam etdi. 

Almaniyadan Azərbaycana qarşı digər kampaniya isə Avropa Şurasının insan haqları üzrə bədnam məruzəçisi Kristofer Ştrasserin xəttilə təşkil edildi. Lakin AŞ PA-nın 2013-cü il yanvar sessiyasında onun Azərbaycana dair məruzəsi tam iflasa uğradı və deputatlar Ştrasserin özü ilə birgə onun hesabatını da tarixin arxivinə təhvil verdilər. 

Bu kampaniyanın daha bir istiqaməti Bundestaqın Yaşıllar fraksiyası vasitəsilə reallaşdırıldı. Ermənipərəst mövqeyi ilə seçilən Bundestaqın Cənubi Qafqaz üzrə parlament qrupunun sədr müavini, Yaşıllar partiyasının fəalı Viola fon Kramon bildirmişdi ki, Bundestaqın “Eurovision” müsabiqəsinin boykot edilməsi ilə bağlı Avropa İttifaqı ölkələrinə müraciət etməsinə nail olacaqlar. Bu partiyanın Almaniya parlamentindəki nümayəndəsi Folker Berq isə mətbuata açıqlamasında açıq şəkildə demişdi ki, “Bakı “Eurovision”un keçirilməsi üçün münasib yer deyil”.

Bütün bunlarla yanaşı, 2012-ci ilin martında Azərbaycanda səfərdə olmuş Almaniyanın xarici işlər naziri Guido Vestervellenin, bu ölkənin Azərbaycandakı səfiri Herbert Kvellenin müxalifət başçıları və fəalları ilə davamlı təmasları onu deməyə əsas verirdi ki, Almaniya dövlət səviyyəsində Azərbaycana qarşı çirkin kampaniya həyata keçirməyə başlamışdı. Təsadüfi deyil ki, 2012-ci ildə Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə parlament qrupunun sədr müavini və Fridrix Nauman Fondunun xəttilə Bakıda keçirilən bütün tədbirlərin aparıcı siması olan Mixael Linkin Almaniya xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunması AXCP-də böyük ruh yüksəkliyi ilə qarşılanmışdı. Əli Kərimli M.Linki “dostumuz” adlandıraraq öz ətrafına bildirmişdi ki, onun bu vəzifəyə təyinatı heç də təsadüfi xarakter daşımır. Ə.Kərimli bu fikirləri işlədərkən yəqin onu nəzərdə tuturdu ki, Fridrix Nauman Fondu Almaniya Azad Demokratlar Partiyası ilə sıx əlaqədədir. M.Link isə bu partiyanın fəallarındandır. Beləliklə, M.Linkin təyinatı bir tərəfdən fondun pul kisəsini daha geniş şəkildə AXCP-nin üzünə açır, digər tərəfdən də AXCP-nin Almaniya hökuməti və Azad Demokratlar Partiyası səviyyəsində dəstək almasına şərait yaradırdı.

Göründüyü kimi, Almaniyanın rəsmi şəxsləri, dövlət strukturları, mediası, QHT-ləri Azərbaycanı fəaliyyətlərinin əsas hədəfi seçmişdilər. Həmin vaxt Almaniyanın Azərbaycana olan marağını təhlil edən ekspertlər bildirirdilər ki, Gürcüstanın Avropa İttifaqı və NATO istiqamətində irəliləməsi, Ermənistanın isə Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Təşkilatına üzv olması və şimal qonşumuzun orbitində fırlanması fonunda, Azərbaycan heç bir bloka qoşulmayan və müstəqil siyasət yürüdən ölkə kimi diqqəti çəkməyə bilməzdi. Azərbaycanın müstəqil siyasətini qəbul etməyən ABŞ tərəfindən məhz Almaniyanın vasitəsilə Bakını öz təsir dairəsinə salmağa cəhd edildi. Almaniya artıq dövlət səviyyəsində həm “Eurovision-2012” amilindən, həm də Qərbin standart təzyiq vasitələrindən - demokratiya amilindən istifadə etməklə Azərbaycana təzyiq göstərməyə çalışırdı. Bu, Avropada hökmranlığa can atan “Dördüncü Reyx”in həm də uzaq Qafqazda möhkəmlənmək, Bakı neftini idarə etmək planlarına cavab verirdi. Əgər 60 il əvvəl “Üçüncü Reyx” bu planı hərbi yolla həyata keçirmək istədisə, Angela Merkel demokratik institutları Azərbaycana qarşı süngüyə çevirdi. Ancaq heç nə alınmadı və 1942-43-cü illər 60 ildən sonra yenidən təkrarlandı. Necə oldu ki, Almaniya Azərbaycanın müqavimətini sındıra bilmədi?

 

Antiazərbaycan kampaniyanın iflasının pərdəarxası və ya İlham Əliyev Vestervelleyə nə demişdi?

2012-ci ildə “Eurovision” mahnı yarışması ərəfəsində Almaniyanın xarici işlər naziri Guido Vestervellenin Azərbaycana səfərinin indiyə kimi açıqlanmamış təfərrüatları həm də ictimai maraq baxımından böyük əhəmiyyət kəsb edir. 

Həmin il martın 15-də, Almaniyadan Azərbaycana qarşı kampaniya başlandığı bir dövrə G.Vestervelleni qəbul edən Prezident İlham Əliyevin məsələ ilə əlaqədar ona öz iradlarını bildirdiyini ehtimal etmək olar. Yəqin Vestervelle də dövlət başçısını əmin etməyə çalışıb ki, bu, Almaniya hökumətinin xətti deyil və ayrı-ayrı maraqlara xidmət edən lokal qrupların özfəaliyyətidir. Vestervelle Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla mətbuat konfransında da Almaniya mediasının Azərbaycana qarşı kampaniyası ilə bağlı sualı cavablandırarkən bildirmişdi ki, “Almaniyada media azaddır və onun üzərində nəzarət yoxdur. Ancaq Almaniyada Azərbaycan haqqında fikir müxtəlifliyi də var və bəziləri hesab edirlər ki, Azərbaycan inkişaf edən ölkədir”. 

Maraqlıdır ki, bundan cəmi bir ay sonra, aprelin ortalarında Almaniyanın Azərbaycandakı səfiri H.Kvelle Prezident Administrasiyasına müraciət ünvanlayaraq xahiş etmişdi ki, Azərbaycan Prezidenti ABŞ-a səfəri zamanı G.Vestervelle ilə yenidən görüşmək məsələsini nəzərdən keçirsin. Buna səbəb isə Almaniyadan təşkil olunmuş və getdikcə güclənən antiazərbaycan kampaniyasının Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanması və güclü cavab reaksiyasının başlanmasıydı. Alman QHT-lərinin Azərbaycandakı ofislərinin fəaliyyətinə təhlükə yarandığı bir zamanda, Azərbaycan hökuməti də bu ölkə ilə iqtisadi sahədə əməkdaşlıq məsələlərini yenidən nəzərdən keçirməyə hazırlaşırdı. 

Qeyd edək ki, 2012-ci il mayın 4-də Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik etmək üçün Nyu Yorka səfər etmişdi. Məhz həmin səfər çərçivəsində İlham Əliyevin Vestervelle ilə görüşü baş tutmuşdu. Rəsmi məlumata əsasən, Prezident İlham Əliyev ölkələr arasında uzun illər davam edən dostluq və əməkdaşlıq mühitinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulamışdı. 

Ancaq əminliklə demək olar ki, həmin görüşdə İlham Əliyev Vestervelleyə sərt xəbərdarlıq edərək Almaniya hökumətinin qeyri-səmimi davranışının ikitərəfli münasibətlərə mənfi təsir etdiyini onun diqqətinə çatdırmışdı. Çünki hadisələrin gedişi təsdiq edirdi ki, anti-Azərbaycan kampaniyası heç də xaotik şəkildə yaranmamışdı və bu prosesin arxasında ciddi qüvvələr dururdu. Buna görə də Almaniya hakimiyyəti destruktiv fəaliyyətini davam etdirəcəyi təqdirdə Almaniya-Azərbaycan münasibətlərinə ciddi təhlükə yaranacağı, əməkdaşlıq əlaqələrinin kəsiləcəyi və tərəfdaşlığa son qoyulacağı heç bir şübhə doğurmurdu. Almaniyanın Azərbaycandakı strateji maraqlarını nəzərə alaraq, demək olar ki, görüşdə Vestervelle də Azərbaycan dövlət başçısını problemin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz və hiss olunacaq tədbirlərin görüləcəyinə əmin etmişdi. Həmçinin Vestervellenin bu halın gələcəkdə təkrarlanmayacağına zəmanət verdiyini də istisna etmək olmaz. 

Düzdür, problem heç də güman edildiyi kimi operativ həll olunmadı. Amma Azərbaycan tərəfi də anlayırdı ki, uzun müddət hazırlanmış və tam gücü ilə çalışan bir mexanizmi dərhal dayandırmaq mümkün deyil. Əsas odur ki, proseslərin sonrakı inkişafında hakimiyyət qurumlarının və dövlətlə bağlılığı olan təsisatlarının fəallığı minimuma endi. Ən azından bu özünü Kristofer Ştrasserin, Markus Löninqin, səfir Kvellenin, xarici işlər nazirinin müavini Linkin, hakimiyyətlə bağlı olan QHT və medianın fəaliyyətində büruzə verdi. 

“Eurovision” dövründə müşahidə olunan proseslərin təhlili göstərdi ki, Almaniyanın Azərbaycanla bağlı ciddi planları mövcuddur. Qərb nəyin bahasına olursa olsun Cənubi Qafqazın yeganə müstəqil siyasət yürüdən ölkəsinin müqavimətini qırmağa və onu öz təsir dairəsinə daxil edərək geostrateji əhəmiyyətə malik regionda dominant mövqe əldə etməyə böyük səy göstərir.

 

Valter Ştaynmayerin zəmanəti və Almaniya-Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələ

 2012-ci ilin dekabrında Angela Merkel yenidən Xristian Demokrat Birliyi Partiyasının (XDP) sədri seçildikdən sonra onun üçüncü dəfə kansler postuna iddiasını gerçəkləşdirmək üçün əlverişli şərait yarandı. Maraqlıdır ki, 7 dəfə dalbadal partiya sədri seçilən Angela Merkelə qurultay nümayəndələrinin 97,94 faizi səs vermişdi. 2013-cü ilin payızında isə Xristian Demokrat Partiyası parlament seçkilərində qələbə qazandıqdan sonra Angela Merkel növbəti dəfə Almaniyanın siyasi olimpinə yüksəldi. Hakimiyyət komandasında həyata keçirilmiş dəyişikliklərdən biri də 2005-2009-cu illərdə Almaniya xarici siyasət idarəsinə rəhbərlik etmiş Frank-Valter Ştaynmayerin yenidən bu vəzifəyə qaytarılması olmuşdu. 

Ştaynmayer Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. O, 2007-ci ildə də Bakıda səfərdə olmuşdu. Xarici işlər nazirinin Azərbaycana növbəti səfəri isə onun 2014-cü ilin oktyabrında Cənubi Qafqaz turnesi çərçivəsində reallaşmışdı. Ştaynmayer Azərbaycana vacib missiya ilə gəlmişdi - onun üzərinə 2012-ci ildən iki ölkənin münasibətlərinə yaranmış durğunluğu aradan qaldırmaq yükü qoyulmuşdu. Bu məqsədlə Almaniya hökuməti xüsusi təkliflər paketi ilə də çıxış etmişdi. Ancaq problemi həll etmək üçün Azərbaycanın da öz tələbləri var idi. Çox böyük ehtimal ki, həmin vaxt xarici işlər nazirini qəbul edən Prezident İlham Əliyev ona bu tələbləri çatdırmışdı. Bu hansı tələblər ola bilərdi? Azərbaycan müstəqil dövlətdir və heç bir qüvvənin, o cümlədən Almaniyanın və Avropa İttifaqının təsir dairəsində fəaliyyət göstərmək niyyətində deyil. Azərbaycanla Almaniya arasında münasibətlər o vaxt pozitiv məcraya qayıda bilər ki, rəsmi Berlin üzərinə Azərbaycana qarşı bir daha kampaniya təşkil etməyəcəyi və belə bir kampaniyada iştirak etməyəcəyinə dair öhdəlik götürsün. Yəqin ki, “Eurovision” yarışması dövründə Almaniyadan aparılan qarayaxmanın konturları, onun başlıca məqsədlərinə dair Azərbaycanın rəyi də Ştaynmayerin diqqətinə çatdırılmış və belə bir şəraitdə səmərəli əməkdaşlıq əlaqələrinin mümkün olmadığı xüsusi vurğulanmışdı. Təbii ki, məqsədli şəkildə Azərbaycana gələn Ştaynmayerin Almaniya hakimiyyətinin bundan sonrakı dövrdə hərtərəfli əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu, baş vermiş halların bir daha təkrarlanmaması üçün tədbirlər görüldüyünü deməkdən başqa çıxış yolu yox idi. Bununla da Almaniyanın xarici işlər naziri sonrakı dövrdə Almaniyanın Azərbaycana qarşı səmimi davranacağına zəmanət vermiş olurdu.

Görünür, məhz Ştaynmayerin zəmanətindən sonra Prezident İlham Əliyev Azərbaycan hökumətinə Almaniya ilə iqtisadi, siyasi və humanitar sahədə əlaqələrin bərpa olunması, alman şirkətlərinin Azərbaycanda fəaliyyətinə əlverişli şərait yaradılması barədə tapşırıq vermişdi.

 

Almaniyanın xarici siyasəti riyakarlığın bariz nümunəsidir

Təhlillər onu da deməyə əsas verir ki, I Avropa Oyunları dövründə anti-Azərbaycan kampaniyası ABŞ tərəfindən təşkil edilib və idarə olunur, Almaniya isə növbəti dəfə bu kampaniyanın fəal icraçılarından biri kimi çıxış edir. Rəsmi Berlin ABŞ-ın təsirində olduğuna və hegemonluq iddiasını ram edə bilmədiyinə görə, Azərbaycana qarşı yenidən riyakarlıq yolunu tutub. 

Bu riyakarlığın ilk işartıları Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin yanvarında Almaniyaya işgüzar səfəri zamanı özünü büruzə verdi. Qeyd edək ki, bu səfər çərçivəsində İlham Əliyev Almaniya kansleri Angela Merkellə görüşərək ikitərəfli münasibətlərin bütün istiqamətlərini müzakirə etdi. Həqiqətən də, iki liderin görüşündə Almaniya-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün vacib razılıqlar əldə olundu. Bu müsbət əhval-ruhiyyə liderlərin mətbuat konfransında da özünü açıq göstərdi. Lakin həmin mətbuat konfransı həm də əvvəlcədən İlham Əliyevə qarşı hazırlanmış təxribatla yadda qaldı. Belə ki, tədbirin keçirildiyi zala daxil olan bir nəfər plakat qaldıraraq Azərbaycana qarşı şüar səsləndirdi. Həmin şəxsin kimliyi bəlli olsa da, onun həmin yerə necə keçməsi məsələsi hələ də müəmmalı qalır. Lakin ehtimal etmək olar ki, Azərbaycan Prezidenti Merkellə və digər rəsmi şəxslərlə apardığı danışıqların müsbət nəticələrini nəzərə alaraq, bu təxribata reaksiya verməməyi üstün tutdu. Yəqin o, fikirləşdi ki, kiçik bir təxribat səfərin nəticələrinə kölgə salmamalıdır. Bu isə həqiqətən də İlham Əliyevin böyüklüyünün, Almaniya ilə münasibətlərin inkişaf potensialına inamının və bütün razılaşmalara sadiqliyinin əyani təzahürü kimi xarakterizə oluna bilər. Həmçinin belə düşünmək olar ki, Prezidentin səfərindən sonra Azərbaycan hökumətinin Almaniya ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək istiqamətində real təşəbbüsləri və addımları da məhz cənab İlham Əliyevin tapşırığının nəticəsiydi.

 

Merkelin “Avroparlament-Bundestaq” oyunu

 Bəs Almaniya Azərbaycanın xoş məramına necə cavab verdi? Öz ənənəvi üslubunda: ilk baxışdan maraqlarına uyğun olaraq ağıllı, əslində isə primitiv və dayaz şəkildə. Məhz ABŞ-ın təhriki və Merkelin birbaşa tapşırığı ilə anti-Azərbaycan kampaniyası Almaniyadan Avropa Parlamentinin platformasına keçirildi. Əslində, Avropa Parlamentinin Azərbaycana qarşı təzyiq mexanizmi qismində istifadəsi yeni taktika deyildi. Qeyd edək ki, Avropa Parlamentində deputatların ümumi sayı 2007-ci ilə kimi Nissa müqaviləsi ilə tənzimlənmiş və 736 nəfər olmuşdu. 2007-ci ildə Lissabon müqaviləsinə əsasən deputatların sayı 751 nəfərə çatdırılmışdı. Təəccüb doğuran hal ondan ibarətdir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı qətnamələrin müzakirəsində və səsvermədə iştirak edən deputatların sayı hər dəfə 50-60 nəfəri keçməmişdi. Məsələn, 2011-ci il mayın 12-də qəbul olunmuş qətnamənin müzakirəsində və səsvermədə cəmi 54 deputat iştirak etmişdi. 2012-ci il mayın 20-də qəbul olunmuş qətnamənin müzakirəsinə isə cəmi 56 deputat qatılmışdı. Eyni hal 2013-cü il iyunun 15-də və 2014-cü il sentyabrın 18-də də təkrar olunmuş və tapşırıq əsasında fəaliyyət göstərən bir qrupun təşəbbüsü və parlamentin azsaylı üzvlərin iştirakı ilə Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edilmişdi.

Avropa Parlamentinin tərkibinə və strukturuna nəzər saldıqda, olduqca maraqlı analogiya üzə çıxır. Belə ki, bu qurum Almaniya Bundestaqına çox oxşayır və faktiki onu təkrarlayır. Almaniyada olduğu kimi, Avroparlamentdə də xristian demokratlar (Avropa Xalq Partiyası - EPP) və sosialist demokratlar (Sosialistlər və Demokratlar Proqressiv Alyansı - SOC) uzun illərdir liderliyi əllərində saxlayırlar. Məsələn, 2014-cü il seçkilərində Avroparlamentdə EPP 29.4 faiz səslə 221, SOC isə 25.4 faizlə 191 mandat əldə ediblər. Ümumilikdə 751 deputatın təmsil olunduğu parlamentdə 412 səsə (53.8 faiz) malik olan bu iki fraksiya bütün məsələlərə təsir imkanlarını öz əllərində saxlayır. Kommunistlər və solçular, yaşıllar, regionallar, liberallar, mühafizəkarlar, milliyyətçilər və avroskeptiklər, sağçılar, həmçinin müstəqil deputatlar bu və ya digər şəkildə qərarların qəbuluna ciddi təsir göstərmək imkanına malik deyillər. 

2013-cü ildə Almaniya Bundestaqına seçkilərdə Angela Merkelin rəhbərlik etdiyi XDS/file/articles/XCC 41,5%, ASDP isə 25,7 faiz səs toplamışdılar. Yəni burada da xristian demokratlar sosial-demokratları üstələmişdilər. Avropa Parlamentində olduğu kimi, Almaniya Bundestaqında da bu iki partiya öz dominantlığını qoruyub saxlayır. Hətta Avropa Parlamenti ilə Avropa İttifaqı Şurası arasında qanunvericilik bölgüsü Almaniyada Bundestaqla Bundesrat arasındakı bölgüyə oxşayır. Yəni Avropa Parlamenti istər struktur, istər üzvlük, istərsə də fəaliyyət baxımından Bundestaqı xatırladır və bu qurumda məhz Almaniyanın ton verməsi şübhə doğurmur. Belə demək mümkündürsə, Avroparlament Almaniyanın nəzarətindədir. Məhz buna görə də bu strukturun Azərbaycana qarşı aqressiv münasibətinin Angela Merkelin reyxkanselyariyası ilə bağlaması üçün tam əsas vardır. 

Digər tərəfdən, Avroparlamentin sədri Martin Şults milliyətcə almandır. 2014-cü ildə o, sosial-demokratların lideri kimi Avropa Komissiyasının rəhbəri postuna öz namizədliyini irəli sürmüşdü. Lakin bu mübarizədə, o, Avropa Xalq Partiyasının namizədi Jan-Klod Yunkerə məğlub olmuş və ikinci dəfə Avropa Parlamentinə rəhbərlik etmək təklifinə razılaşmışdı. Avropa mediasının verdiyi məlumata görə, bu şəxslərdən hansının Avropa Komissiyasının, hansının isə Avropa Parlamentinin rəhbəri olacağı Lissabon müqaviləsinə əsasən parlamentarilər tərəfindən deyil, iyunun 26-27-də Avropa İttifaqının Sammitində dövlət başçıları tərəfindən müəyyən olunmuşdu. Avropa Parlamentinin deputatları isə sadəcə öz rəhbərlərinin iradəsinə uyğun səs vermişlər. Əlbəttə, söhbət Avropadan gedirsə, bunu da “demokratiyanın” növbəti təzahürü kimi qəbul etmək olar. 

Eyni zamanda, Jan-Klod Yunker Almaniya xristian demokratlarının dominantlıq etdiyi Avropa Xalq Partiyasının namizədi kimi Avropa Komissiyasına sədr seçilib. Deməli, o da Almaniyanın layihəsidir. Bunu təsdiq edən faktlardan biri də odur ki, seçkilərdən dərhal sonra bir araşdırmaçı jurnalist təşkilatının internet saytında Jan-Klod Yunkerə qarşı ciddi korrupsiya ittihamları irəli sürülmüşdü. Belçikanın “Libre Belgique” nəşrinin məlumatına görə, “Luxembourg Leaks” adı alan bu qalmaqallı araşdırmada Yunkerin Lüksemburqa rəhbərlik etdiyi dövrdə dünyanın nəhəng şirkətlərinin öz ölkələrində vergidən yayınması üçün əlverişli vergi sistemi qurduğu iddia olunmuşdu. Həmin dövrdə media iddia etmişdi ki, Avropa Komissiyasına seçkilərdən sonra belə məlumatların ictimailəşdirilməsi Yunkerin seçilməsinin əleyhinə qətiyyətlə çıxış edən Böyük Britaniya hakimiyyətinin işi ola bilər. Ancaq nədənsə bu məsələ inkişaf etdirilmədi və tez bir zamanda unuduldu. Necə ki, vaxtilə Martin Şultsun Ukraynada V.Yanukoviç hakimiyyətindən külli miqdarda rüşvət aldığı barədə məlumatlar araşdırılmadı və dövriyyədən çıxarıldı. 

Beləliklə, Almaniya hakimiyyəti Avropa Parlamentinin iki əsas fraksiyasını nəzarətdə saxlamaqla yanaşı, həm də Avropa İttifaqının müxtəlif orqanlarına öz adamlarını yeridib və onların idarəçiliyini öz əlində cəmləşdirib. Bu da onu deməyə əsas verir ki, Almaniyanın razılığı olmadan Avropa Parlamenti heç bir qərar və ya qətnamə qəbul edə bilməz. Digər tərəfdən, Avroparlamentdə Azərbaycana qarşı keçirilmiş bütün dinləmələrin təşəbbüskarı Yaşıllar fraksiyasıdır. Bu fraksiya 2014-cü il seçkilərində 6,7% səs toplayaraq cəmi 50 yer qazanıb. Avroparlament Yaşıllarının analoqu olan Almaniya İttifaq 90/file/articles/Yaşıllar partiyası isə 8,4 faiz səs qazanaraq Bundestaqda 63 yer əldə etməyə müvəffəq olub. Oxşarlıq kifayət qədərdir. Ancaq məsələnin ən maraqlı tərəfi odur ki, Avroparlamentdə son antiazərbaycan dinləmələrinin əsas təşkilatçılarından biri qurumun avstriyalı vitse-prezidenti, Yaşıllar fraksiyasının üzvü, həm də seksual azlıqların qurumu olan LGBT-nin fəalı Ulirike Lunaçekdir. Onun yaxın ətrafı isə əsasən alman deputatlardır. Görəsən həqiqətənmi Avroparlamentdə at oynadan Almaniya Yaşılların avstriyalı nümayəndəsini qabağa verib onun əli ilə Azərbaycana qarşı kampaniya təşkil etməklə kölgədə qaldığını düşünür?! Görəsən xanım Merkel həqiqətənmi bütün dünyada insanların bu qədər primitiv düşündüyü qənaətindədir? Axı ən azından 2012-ci ildə Prezident İlham Əliyevlə Guido Vestervellenin Nyu Yorkdakı görüşündən sonra Bundestaqa “divan tutan” Yaşılların birdən-birə sakitləşməsi Almaniya hakimiyyətinin bu partiyaya necə ciddi təsir göstərdiyini aşkara çıxardı! 

I Avropa Oyunları ərəfəsində - iyunun 11-də yenə də Yaşılların birləşdiyi Avropa Azad Alyansının təşəbbüsü ilə “İdman və insan hüquqları” adlı dinləmələrin təşkil edilməsinin, bundan bir gün əvvəl ABŞ-ın məlum “qvardiyasının” alman “legionu” ilə birləşib etiraz aksiyası, mətbuat konfransı təşkil etməsinin arxasında kimlərin durduğu yaxşı bəllidir. Burada “ABŞ-Almaniya alyansı”nın silueti tam aydın göründü. Yəqin işin yaxşı təşkil edilməməsi və ya avroparlamentarilərin bir çoxunun müstəqil bir dövlətə qarşı oyun qurulduğunu başa düşməsinin nəticəsi oldu ki, ciddi cəhdlə təşkil olunmuş şou-maskarad iflasa uğradı. Sual olunur: nəyə görə Avroparlamentdəki dinləmələr baş tutmadıqdan dərhal sonra - iyunun 12-də analoji dinləmələr Böyük Britaniya parlamenti, Fransa Senatı, Danimarka Folketinqi, İsveç Rikstaqında və ya başqa bir Avropa ölkəsinin qanunvericilik orqanında deyil, məhz Almaniya Bundestaqında keçirildi? Hansı səbəbdən “Azərbaycanda insan hüquqlarına riayət olunmasına dair tələblər” və “Azərbaycanda 2015-ci il Avropa Oyunları zamanı demokratiyaya, hüquqi dövlətə və insan haqlarına riayət olunması” adlı qətnamələrin müzakirəsində 631 deputatdan cəmi 35 nəfər iştirak edib? İki qətnamə cəmi 30 dəqiqə müzakirə olunub və 21 nəfər lehinə, 10 nəfər əleyhinə və 4 nəfər bitərəf qalmaqla qəbul edilib. Parlamentarizm tarixində bundan rüsvayçı və gülünc tamaşanı xatırlamaq çətindir. Görəsən ABŞ-ın Almaniya üzərində hökmü o qədər böyükdür ki, bir gündə həm strateji marağı olan müstəqil bir dövlətlə münasibətlərini korlayır, həm də ölkə parlamenti məzhəkə salonuna çevrilir?! Hər halda bu, Angela Merkel hakimiyyəti üçün əsl rəzalətdir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasının iştirakçısı olan deputatlar Almaniya Bundestaqının qəbul etdiyi qətnamə ilə əlaqədar bəyanat yayaraq, bu “sənədi” Azərbaycan və Almaniya dövlətləri arasında münasibətlərə xələl gətirməyə, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa yönələn qərəzli və həqiqətdən uzaq bir sənəd hesab etdiklərini bildirmişdilər. Bəyanat müəllifləri qeyd etmişdilər ki, son dövrdə Almaniyada Azərbaycana qarşı məqsədyönlü kampaniya həyata keçirilir. Bu, bir tərəfdən Almaniyadakı erməni lobbisinin təsiri ilə bağlıdırsa, digər tərəfdən vaxtilə ikitərəfli münasibətlərdə gərginlik yaratmış “Ştrasser məsələsi”nə görə Almaniyanın bəzi siyasi dairələrinin Azərbaycandan qisas almaq niyyəti ilə əlaqəlidir. Buna görə də deputatlar hökumətə müraciət edərək, onun Almaniya Bundestaqının qətnaməsindən müvafiq nəticələr çıxarmasını və ilk addım olaraq, bu yaxınlarda Azərbaycana səfəri nəzərdə tutulan Almaniya rəsmi nümayəndə heyətini yüksək səviyyədə qəbul etməməsini istəmişlər. 

Bundan başqa, Almaniyanın Azərbaycandakı səfiri Haydrum Tempel də Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilmiş, ona Azərbaycan hökumətinin etirazı və xəbərdarlığı çatdırılmış, həmçinin ikitərəfli əlaqələrin perspektivi ilə bağlı Azərbaycanın ciddi narahatlığı ifadə olunmuşdu. 

Göründüyü kimi, məhz Almaniya hökumətinin qeyri-səmimiliyi, riyakar siyasəti səbəbindən Almaniya-Azərbaycan münasibətləri hazırda böhran vəziyyətinə düşüb. Artıq Vestervelle, Ştaynmayer və digər Almaniya rəsmilərinin bundan sonrakı vədlərinin də vəziyyəti stabilləşdirəcəyinə əminlik yoxdur. Əgər kansler Angela Merkel ikili oyun oynayırsa, özünü üzdə bir, arxada isə başqa cür aparırsa, hansı vədlərdən və səmimiyyətdən söhbət gedə bilər?!

 

Elmar Brokdan Vilfred Lemkeyə qədər alman diplomatiyasının mənəvi-əxlaqi dəyərləri

 Elmar Brok Almaniyanın hakim partiyasını Avroparlamentdə təmsil edir və bu qurumun xarici əlaqələr komitəsinin sədridir. Azərbaycanı tənqid atəşinə tutmağa, Ermənistanı isə mümkün qədər çox tərifləməyə aludədir. Məsələn o, Ramil Səfərovu əfv etdiyinə görə Azərbaycanı sərt pisləmişdi. Demokratiya və insan hüquqları məsələsində də cənab Brok Azərbaycanın “qəbahətlərini” daim qabardır. “Erməni soyqırımı”nın 100 illiyi isə Elmarın həyatında dərin izlər buraxdı. Türkiyəni ardıcıl şəkildə “erməni soyqırımı”nı tanımağa çağıran cənab Brok üstəlik rəsmi Ankaradan ermənilərdən üzr istəməyi də tələb etdi. Avroparlamentin Xarici əlaqələr komitəsinin rəhbəri vaxtı olanda daha ciddi məsələlərlə də məşğul olur, məsələn Ukrayna probleminin həlli ilə. Onun Ukraynada hansı məsələlərlə baş vurduğu isə...

Ukraynanın “obozrevatel.com” saytı 2013-cü ilin yanvarında Elmar Brokun Ukraynaya səfəri zamanı bu ölkə ətrafında yaranmış böhranın aradan qaldırılması məsələlərindən daha çox, Kiyevin gecə barlarında eyş-işrət məclisləri qurduğunu şahidlərin dili və bütün təfərrüatları ilə təsvir etmişdi. Məlumatlar təsdiq edir ki, Brüssel-Moskva-Kiyev üçbucağı ilə hərəkət edən cənab Brok danışıqları V.Putin və V.Yanukoviçlə deyil, gecə barlarının adətkar sakinləri ilə aparırmış. Məhz belə gecələrdən birinin səhərisi bəyanatla çıxış edən E.Brok bildirmişdi ki, Moskvada Rusiya rəhbərliyi ilə danışıqlarda, o, Ukraynanın Avrasiya İttifaqına deyil, Avropa İttifaqına birləşməsini razılaşdırıb. Bu bəyanatdan narahat olan Ukrayna mediası, təbii ki, xüsusi xidmət orqanlarının köməyi ilə cənab Brokun apardığı danışıqları araşdırıbıar. Bəlli olub ki, o, Kiyevin Treşşina yaşayış massivində yerləşən “Tusse”, “Viva Art”, “TEO Club” və “Quli-Quli” gecə klublarında doyunca əylənib və sonra yüngül əxlaqlı qadınlarla xüsusi evdə qalıb. Brokun Ukrayna və Rusiya rəsmiləri ilə görüşüb-görüşmədiyi isə bu günə kimi bəlli deyil. 

Beləliklə, Angela Merkelin antiazərbaycan komandasının üzvləri - Şults, Lunaçek, Brok və digərlərinin mənəvi-əxlaqi keyfiyyətləri aydın şəkildə göstərir ki, Almaniya Azərbaycana qarşı kampaniyasında deqradasiyaya uğramış ünsürləri səfərbər edib. Yəqin ona görə ki, normal insanlar, ciddi ictimai-siyasi xadimlər, ekspertlər və s. bu məzhəkənin iştirakçısı olmaq istəmirlər. Avropa Parlamenti kimi bir qurumu oyuncağa çevirən rəsmi Berlin ölkə parlamentində də diktat rejimi tətbiq edir. Bundan sonra BMT Baş katibinin idman məsələləri üzrə xüsusi müşaviri almaniyalı Vilfrid Lemkenin guya “Azərbaycanda diktatura hökm sürdüyü” barədə iddialarını kim ciddi qəbul edə bilər. Onun digər yüksək vəzifəli almanlar kimi məhz Merkelin təlimatı əsasında danışmadığına zəmanət varmı?

 Azərbaycana hücum kampaniyasının anatomiyası

 Ümumiyyətlə, Qərb hər bir addımı ilə təsdiq edir ki, Britaniya imperiyasının “bizim əbədi dostlarımız yoxdur, əbədi maraqlarımız var” siyasət prinsipi bu gün də onun üçün aktualdır və geniş tətbiq edilir. Xüsusilə bu prinsip ABŞ-ın, Almaniyanın, Böyük Britaniyanın siyasətində açıq müşahidə olunur. 

l Avropa Oyunları zamanı əsasən bu ölkələrdən Azərbaycana qarşı təşkil olunmuş kampaniyanın təhlili bu prosesin necə həyata keçirildiyi, onun aktorları, hədəfləri barədə dolğun təsəvvür formalaşdırmaq imkanı yaratdı. Antiazərbaycan kampaniyası beynəlxalq QHT-lərin bəyanatları, mediada gedən hədəf yazıları ilə başladı. Bir sıra ölkələri əhatə edən media infrastrukturuna eyni tezislər əsasında materiallar vermək tapşırıldı. Buna görə də Britaniyada BBC, “Reuters”, “The Guardian”, “The İndependent”, “The Telegraph”, Almaniyada “Der Shpiegel”, “Shtern”, “Deutche Welle”, Fransada “Le Monde”, “Frans Press” və digər ölkələrdə aparıcı media qurumları bir birini təkrarlayan materiallar verdilər. Materialların əsas məğzini konkret cinayət əməllərinə görə həbs olunmuş ABŞ-ın Azərbaycandakı “5-ci kolon” üzvlərinin azadlığa buraxılmasına dair çağırış-tələblər təşkil etdi. Bu kampaniya beynəlxalq təşkilatların ABŞ-ın təsiri altında olan məsul işçilərinin Azərbaycana qarşı çıxışları ilə möhkəmləndirildi (Nils Mujnieks, Dünya Miyatoviç, Ulrike Lunaçek, Mişel Forst, Vilfrid Lemke, Elmar Brok, Zeyd Raat əl Hüseyn və s.). Prosesin gedişində materiallar yerlərdə vəziyyətin təsviri, yerli fəalların danışdırılması, beynəlxalq QHT-lərin kampaniyada iştirak edən nümayəndələrinin (Rebecca Vinsent, Ketty Pearce, Georgi Gogia, Emma Hughse və b.), həmçinin xaricdə yaşayan kosmopolit azərbaycanlıların (Arzu Qeybulla, Emin Milli, Gülnarə Axundova, İdrak Abbasov və b.) məqalələri və müsahibələri ilə zənginləşdirildi. Paralel olaraq sosial şəbəkələrdə Azərbaycanın mənfi rəyinin formalaşdırılmasına cəhd olundu, Avropanın müxtəlif paytaxtlarında etiraz aksiyaları təşkil edildi. Çox maraqlıdır ki, ABŞ-dan idarə olunan bu prosesdə cəmi bir neçə adam iştirak etdi. Ortada yalnız illərlə yaradılmış infrastrukturdan başqa heç nə yox idi: tanınmış beynəlxalq QHT-lər və ayrı-ayrı ölkələrin aparıcı mediası. Sonrakı mərhələdə isə nüfuz agentləri işə salındı: U2, CNN-də Kristin Amanpur, Britaniyadan şou aparıcısı Con Olivyer. 

Beləliklə, “beynəlxalq ictimai rəy” kimi təqdim olunan bu məfhum, əslində insan resursunun olmadığı böyük adlar toplusundan başqa bir şey deyil. Bu, adi sabun köpüyüdür ki, Azərbaycan da buna həm layiqli müqavimət göstərdi, həm də onu açıb bütün dünyaya nümayiş etdirməyi bacardı.

Adi araşdırmalar da təsdiq edir ki, 2012-ci ildə olduğu kimi, I Avropa Oyunları ərəfəsində də Almaniya mediası Azərbaycana qarşı hücum kampaniyasının mərkəzi fiqurlarından birinə çevrildi. Eləcə onu demək kifayətdir ki, iyunun 1-dən 15-dək bu ölkənin mediası Azərbaycanla bağlı 30-a yaxın tənqidi material verdi.

 Demokratiyanın “alman modeli” və ya taleyin ironiyası

 2013-cü il aprelin 25-də Cenevrədə BMT-nin İnsan Haqları Şurasının iclasında müzakirəyə çıxarılan hesabat, sözün əsl mənasında Almaniya hökuməti üçün ciddi zərbə, “qara cümə axşamı” oldu. İnsan haqları üzrə müvəkkil Markus Löninq başda olmaqla bu ölkənin nümayəndə heyəti Almaniyada insan haqlarının nəyə görə bu qədər faciəvi duruma düşməsinə dair BMT-nin üzvü olan 100-ə yaxın ölkə qarşısında cavab verməyə məcbur oldu. 

Türkiyənin BMT-dəki nümayəndəsi Oğuz Dəmiralp Almaniyada əcnəbilərə münasibətdə düşmənçilik təzahürlərinin geniş vüsət almasından, hakimiyyətin fəaliyyətsizliyi səbəbindən bu ölkədə yaşayan 3 milyon türkün həyatı üçün ciddi təhlükə yaranmasından geniş danışmışdı. Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Qoltyayev isə Almaniyada milli azlıqlara və miqrantlara münasibətdə düşmənçilik təzahürlərinin artmasından narahatlığını ifadə etmişdi. Almaniyanın ombudsmanı M.Löninq faktlara əsaslanan bütün ittihamlara əvvəlcədən hazırlanmış standart frazalarla münasibət bildirərək demişdi ki, Almaniya nasistlər tərəfindən təşkil edilmiş bu cür qətllərin bir daha təkrarlanmaması üçün əlindən gələni edəcəkdir. Buna baxmayaraq, Almaniyanın bir nömrəli hüquq müdafiəçisi alman müstəntiqlərinin yol verdiyi məşum səhvləri etiraf etməli və öz ölkəsi adından Türkiyədən və BMT-dən dönə-dönə üzr istəməli olmuşdu. Hətta Böyük Britaniya və Fransa da Almaniya hökuməti qarşısında ciddi tələblər irəli sürmüş, bu ölkədə irqçiliyin genişlənməsini tənqid etmişlər. Qeyd olunmuşdu ki, Almaniya polisi güc tətbiq edilməsində ifrata varır, öz səlahiyyətlərindən sui-istifadə edir və baş vermiş cinayət hadisələrini lazımi qaydada araşdırmır. Digər ölkələrin nümayəndələrinin kəskin tənqidi çıxışları da nəzərə alınmaqla, BMT-nin İnsan Haqları Şurası Almaniya üçün tövsiyələrin hazırlanması barədə qərar vermişdi. 

Əslində, bu hesabat Almaniyada insan haqlarının vəziyyətini ifşa etməklə yanaşı, həm də Azərbaycana qarşı davamlı şəkildə hücum edən ombudsman Löninqin hüquq müdafiəçisi karyerasının sonu demək idi. Amma həmin iclasda cənab Löninq üzr istəməklə yanaşı, həm də belə bir suala cavab verməliydi: nəyə görə Almaniya BMT Baş Assambleyasının gündəliyinə “Nasizmin qəhrəmanlaşdırılmasının qəbuledilməzliyi” haqqında çıxarılan qətnaməni dövrü əsasda rədd edir. Məgər bu, Almaniya hökumətinin neonasizm meyillərini müdafiə etdiyinin bariz nümunəsi deyilmi? Cənab Löninq başqa bir suala da aydınlıq gətirməliydi: insan haqlarının bu qədər biabırçı durumda olduğu bir ölkənin ombudsmanı hansı haqla digər bir ölkəni tənqid edə bilər? 

Almaniyanın Drezden şəhəri İslama qarşı olan PEGİDA - Patriotic Europeans against İslamization of the West (Qərbin İslamlaşdırılmasına dair Vətənpərvər Avropalılar) təşkilatının mərkəzidir. 5 yanvar 2015-ci ildə Drezdendə İslam əleyhinə Avropanın ən böyük nümayişi keçirilmişdi. Ekspertlər hesab edirlər ki, Almaniyada güclənməkdə olan islamofobiya meyilləri 30-cu illərdə antisemitizmin alovlanmasını xatırladır.

Almaniyanın “Bertelsmann” fondunun apardığı sorğunun nəticələrinə əsasən, hər 2 almandan biri İslam dinini təhlükə mənbəyi hesab edir. Hüquq-mühafizə orqanları isə irqi zəmində baş verən cinayətləri faktiki olaraq araşdırmır. Buna görə də təəccüblü deyil ki, Berlində Burak Bektaş adlı 22 yaşlı türkün güllələnməsi, onunla olan 16 yaşlı rusun və 17 yaşlı ərəbin isə ağır yaralanması polisin diqqətindən kənarda qaldı və müqəssirlər tapılmadı. Statistikaya əsasən, 2012-ci ildə əcnəbilərə edilən hücumlar 2011-ci ilə nisbətən 4,4% artıb. Ümumilikdə ultrasağçılar tərəfindən 17.616 cinayət hadisəsi törədilib. Neonasistlər tərəfindən xüsusi zorakılıqla törədilən 842 cinayət hadisəsi qeydə alınıb. Bu da ötən illə nisbətdə 1,7% çoxdur. 

Maastrixt Universitetinin apardığı araşdırma nəticəsində Almaniya şirkətlərinin dünya üzrə insan hüquqlarını ən kobud şəkildə pozduqları müəyyən edilib. Nəticəyə əsasən, 1800 insan hüququ pozuntusu halının 87 faizi Almaniyanın payına düşür. 

Korrupsiya Almaniyada biznes fəaliyyəti ilə məşğul olmaq üçün maneə hesab edilmir. Saxtakarlıq və korrupsiya riskləri tikinti, səhiyyə və dövlət xətti ilə satınalmalar sektorunda daha qabarıq şəkildə özünü göstərir. Almaniya Cinayət Məcəlləsində rüşvətxorluq maddəsi şirkətlərə deyil, fərdlərə tətbiq edilir. Belə ki, fərdlər tərəfindən rüşvətin verilməsi, ödənilməsi və qəbul edilməsi qeyri-qanunidir. Nəticə etibarilə, şirkətlər səviyyəsində korporativ qaydada rüşvətin alınması üçün geniş imkanlar vardır.

Ancaq korrupsiya halları Almaniyanın dövlət orqanlarında da geniş yayılmış haldır. 2011-ci ilin sonunda Almaniyanın prezidenti Kristian Vulfun öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 500.000 avro məbləğində aşağı faizli kredit alması faktı aşkara çıxmışdı. Hotel biznesində ƏDV-nin ləğvi haqqında qanunun qəbulu ərəfəsində xarici işlər naziri Guido Vestervellenin rəhbərlik etdiyi partiya monopolistlərdən 1.1 milyon avro ianə almışdı. Avropa Mərkəzi Bankının yeni ofisinin və Villi Brant adına Beynəlxalq Hava Limanının tikintisinə astronomik məbləğlər xərclənsə də, onların başa çatmasını hələ çox gözləmək lazım gələcək. Hava limanının tikintisi dəfələrlə təxirə salınıb ki, hər gecikmə də büdcəyə 120 milyon avroya başa gəlib. “Business under Control” təşkilatının hesabatında göstərilir ki, hava limanının tikintisində 3 milyard avroluq korrupsiyaya yol verilib. 

“Transparency International” təşkilatının hesabatında göstərilir ki, əgər 2003-cü ildə Almaniya əhalisinin 45%-i ölkədə korrupsiyanın artdığını düşünürdüsə, 2007-ci ildə bu göstərici 69% olub. Əhalinin 77%-i hökumətin korrupsiya ilə mübarizə tədbirlərini yetərsiz hesab edir. Təkcə 2012-ci ildə rüşvətxorluq və məmurların ələ alınması Almaniya iqtisadiyyatına 250 milyard avro ziyan vurub. “Die Velt” qəzeti iddia edir ki, əgər rüşvəti 2004-cü il səviyyəsinə qaytarmaq mümkün olsa, o zaman iqtisadi zərər 30 milyard avro azalar. 

Ölkədə insan haqlarının pozulması, korrupsiya və digər neqativ hallara qarşı keçirilən etiraz aksiyalarının qarşısı isə polis tərəfindən qəddar şəkildə alınır. Buna misal kimi hakimiyyətin bu yaxınlarda Frankfurt və Hamburqda keçirilmiş aksiyalara qəddar münasibətini göstərmək olar. Həmin vaxt təkcə aksiya iştirakçıları deyil, həm də hüquq müdafiəçiləri və jurnalistlərə qarşı zorakılıq tətbiq olunmuşdu. Bu, eynilə ABŞ-ın Ferqyuson və Baltimor şəhərlərində qaradərili etirazçılara, onları müdafiə edən QHT nümayəndələrinə, hadisələri işıqlandıran jurnalistlərə göstərilən münasibətin analogiyası idi. Əslində, ardıcıl şəkildə baş verən belə hüquq pozuntuları Qərbdə hakim dairələrin sərbəst toplaşmaq, ifadə azadlığına dözümsüzlüyünü, demokratik dəyərlərə etinasız yanaşdığını göstərir. 

Almaniya hökumətinin dünyada söz və məlumat azadlığı məsələlərinə əsl münasibətini göstərən faktlardan biri də “Al Jazeera” telekanalının əməkdaşı Əhməd Mənsurun Misirin hüquq mühafizə orqanlarına təhvil verilməsi məqsədilə Berlin Hava Limanında saxlanılmasıdır. Məlumatlara görə, iki həftə bundan əvvəl Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin Berlinə rəsmi səfəri zamanı iki ölkə arasında iqtisadi sahədə razılaşmalar əldə olunub və Almaniyanın “Simens” şirkəti Misirdə yüksək məbləğdə layihələr icra etmək hüququ qazanıb. Hətta İnterpol belə Əhməd Mənsurun saxlanılması ilə bağlı Qahirənin müraciətinin icrasından imtina edib. Hazırda ekspertlər hesab edirlər ki, Merkel hökumətinin canfəşanlığı Misirlə əldə olunmuş razılaşmaların qarşılığıdır. 

“Shpiegel Online international” dərgisinin məlumatına görə, Almaniyanın ərazisində yerləşən Ramşteyn hərbi bazası ABŞ tərəfindən Yaxın Şərq və Cənub-Şərqi Asiyada “drone” əməliyyatlarının həyata keçirilməsi üçün əsas bazadır. Orada yerləşdirilmiş xüsusi məxfi qərargah və ötürücü antena siqnalı sistemi vasitəsilə ABŞ dünyanın müxtəlif bölgələrində hər hansı səbəb göstərmədən və ya izahat vermədən müxtəlif canlı və ya texniki obyektləri məhv edir. Almaniya hakimiyyəti isə susaraq və bu özbaşınalığa imkan yaradaraq törədilən cinayətlərin iştirakçısına çevrilir.

Ancaq rəsmi Berlin təkcə bu məsələdə susqunluq göstərmir, həm də öz xüsusi xidmət orqanlarının yaxından iştirakı ilə amerikalıların geniş regionda hakimiyyətlər, biznes subyektləri, vətəndaş cəmiyyəti institutları da daxil olmaqla hamını dinləməsinə şərait yaradır. Bu yaxınlarda mərkəzi qərargahı Bavariyada olmaqla ABŞ dinləmə mərkəzlərinin Almaniya hakimiyyətinin özünü də izləməsi məsələsi aşkara çıxdıqdan sonra, Angela Merkel Bundestaqda çıxış etməyə və rüsvayçı şəkildə baş verənlərə bəraət qazandırmağa məcbur olmuşdu.

 Avropanın hegemonu, yoxsa Amerikanın vassalı?

 Ekspertlər hesab edirlər ki, Almaniya get-gedə daha qəti şəkildə Avropa İttifaqına nəzarəti ələ keçirməyə cəhd edir. Bu ittifaq bir çox cəhətlərinə görə Avropa, xüsusən də elə Almaniyanın üzərində nəzarət üçün anqlosaksonların layihəsi kimi yaradılmışdı. Yəni, öz suverenliyini hələ də bərpa etməyən Almaniyanın ambisiyaları artıq bütün qitəyə yayılır. “Dördüncü Reyx” hər hansı təbliğatçının xəyalı deyil, əgər anqlosakson nəzarətindən xilas ola bilsə, Almaniyanın gələcəyidir. 

Xarici mediada verilmiş bəzi ekspert rəylərinə diqqət yetirək. 

Yalnız əsrin əvvəllərində Adenauer (Qərb istiqamətində) və Branda-Şmidt (Şərq istiqamətində) kurslarının yaradıcı birləşməsi alman siyasətinin yeni keyfiyyət mərhələsinə çıxması üçün şərait yaratdı. 2005-ci ildən AFR-ə rəhbərlik edən Angela Merkel Avropa İttifaqında iqtisadi liderliyi siyasi liderliyə çevirməyə, Otto fon Bismark tərəfindən yaradılmış Almaniya reyxini yeni simada bərpa etməyə cəhd göstərir. Ancaq bu, necə baş verir?

BBC qeyd edir ki, “20 il əvvəl Almaniyanın avropalaşdırılması məqsədilə başlanmış siyasət əks effekt verdi, Avropa almanlaşmağa başlayıb”. Ümumdünya iqtisadi böhranından sonra Almaniya Avropa iqtisadiyyatının xilasından danışmağa başlasa da, əməldə başqa dövlətlərin çökdürülməsi və onların iqtisadiyyatının nəzarətə götürülməsi hesabına öz milli iqtisadiyyatını gücləndirmək və Avropanın hegemonuna çevrilmək siyasətini tətbiq edir.

Avropa ekspertləri hesab edirlər ki, Almaniyanın hazırda Avropanın bir sıra ölkələrinə dair irəli sürdüyü tələblər anti-humanist xarakter daşıyır. Angela Merkeli ümumavropa maraqları deyil, Almaniyanın iqtisadi gücünün nəyin bahasına olursa olsun, daha da artması maraqlandırır. Məsələn, artıq 3 ildir ki, Almaniya Yunanıstandan sosial xərclər də daxil olmaqla bütün əlavə xərcləri azaltmağı tələb edir. Amma hərbi xərclər bu siyahıya daxil edilmir. Çünki Almaniyanın silah ixracının 15 faizi Yunanıstanın payına düşür. Almaniyanın bu ölkəyə təkcə sualtı qayıqların satışından əldə etdiyi vəsaitin məbləği 2 milyard avrodur. Belə çıxır ki, Almaniyanın Yunanıstana verdiyi borcun əhəmiyyətli hissəsi hərbi xərclər vasitəsilə yenidən bu ölkəyə qayıdır. Bu, əslində Yunanıstanın dilənçi kökünə salınması hesabına Almaniyanın daha da zənginləşməsi sxemidir. 

Elə bu səbəbdəndir ki, bu gün Avropa ölkələrində, xüsusilə də Almaniyanın maliyyə ekspansiyasına məruz qalmış dövlətlərdə Angela Merkelin “Dördüncü Reyx”i bərpa etmək planlarından danışırlar. Almaniya hələlik iqtisadi baxımdan Avropanı işğal edir. Ancaq gündəlikdə Avropa İttifaqının hərbi strukturunun yaradılması planları da var ki, bu ideyanın arxasında da məhz Berlin durur. Merkel Bismark kimi tarixdə qalmaq istəyir. Amma qala biləcəkmi?

Əslində bu iki kanslerin siyasətində oxşarlıqdan çox fərqlilik var. Bismarkın xarici siyasətini “beş Avropa topu ilə hoqqabazlıq etmək” adlandırırdılar - Avstriya, Rusiya, Böyük Britaniya, Fransa və Almaniya. Merkelin də “Normand dördlüyü” və “Veymar üçbucağı” arasında götür-qoy etməsi elə hoqqabazlığı xatırladır. Çox güman ki, Merkel müstəqil şəkildə Almaniyanın siyasi kursunu seçmək və onu həyata keçirmək iqtidarında deyil. Çünki Almaniyanın özü okeanın o biri tərəfindəki hoqqabazın əlində acizdir. 

Nə qədər ekzotik görünsə də, İkinci Dünya müharibəsindən ötən dövr ərzində Almaniya tam suverenliyə qovuşmayıb və faktiki olaraq ABŞ-ın işğalı altındakı ölkə qismində qalır. AFR-in keçmiş kəşfiyyat rəisi Komossanın sözlərinə görə, 1949-cu ildən bu ölkənin kanslerləri vəzifələrinin icrasına başlamazdan əvvəl Amerikadan vassal asılılığını təsdiq edən “Kansler Aktı”nı imzalamağa məcburdurlar. Almaniyanın indiki kansleri A.Merkelin Ukrayna hadisələri ilə bağlı özünü necə apardığına əsasən təxmin etmək olar ki, “Kansler Aktı” hələ də qüvvədədir. 

Ancaq bütün bunlar bu gündür. Sabah Almaniya Avropanı işğal etdikdən sonra Amerikaya da əzələ nümayiş etdirəcək. 1933-cü ildə Adolf Hitleri hakimiyyətə gətirməklə SSRİ-ni çökdürmək və Avropa da daxil olmaqla böyük bir məkanı idarə etmək planını quranlar bu gün də Almaniyanı Avropanın hegemonuna çevirmək planını reallaşdırırlar. 

İkinci Dünya müharibəsində faşist Almaniyasının məğlubiyyətə uğradılmasında Azərbaycan neftinin də rolu az olmadı. İndi də neft və qazımız Avropaya ayaq açır. Amma əminliklə demək olar ki, Almaniya Avropada hökmranlığı ələ alacağı təqdirdə avropalılara Azərbaycan nefti də kömək etməyəcək. 

Azərbaycan da bundan sonrakı dövrdə kiminlə əlaqələri necə qurmağı, kimə inanıb, kimə inanmamağı yaxşı ölçüb-biçəcək. İxtiyarı özündə olmayan hakimiyyətlərlə münasibətlərdə hansı etimaddan və səmimiyyətdən danışmaq olar?!


OXŞAR XƏBƏRLƏR

Həftədə dörd alma yesəniz... - ARAŞDIRMA

Yangtze Xəstəxanasının (Çin) alimləri müəyyən ediblər ki, həftədə dörd alma yemək ürək-damar xəstəliklərindən ölüm ehtimalını təxminən 40% azalda bilər.  ...

Bakıdan bu əraziyə yeni marşrut xətti açılır - DİQQƏT!

Saray qəsəbəsini “20 Yanvar” metrostansiyası ilə əlaqələndirən yeni marşrut xətti fəaliyyətə başlayır.   Bu barədə Sfera.az-a Rəqəmsal İn...

“Üzr istəmək əvəzinə Rusiya rəsmiləri açıqlama verməkdən yayınırlar” - Deputatdan şərh

Artıq 2024-cü ilin bitməsinə son günlər qalıb.Ancaq təəssüf ki, ölkəmizdə ilin son günləri olduqca faciəli bir hadisə ilə yadda qaldı. Belə ki, 25 dekabr 2024-c...

Azərbaycan 170-dən çox ölkə ilə ticarət aparır - RƏSMİ

Azərbaycan 172 ölkə ilə ticarət əməliyyatları həyata keçirir.   Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-...

Bayram tətilində qar yağacaq, şaxta düşəcək - PROQNOZ

Bayram tətili günlərində (31 dekabr-3 yanvar) gözlənilən hava proqnozu açıqlanıb.   ETSN-dən Sfera.az-a verilən xəbərə görə, 31 dekabrda Bakıda və Ab...

Hökumənin təyyarədən yeni görüntüləri yayıldı - Sərnişin çəkibmiş... + VİDEO

AZAL-ın qəzaya düşən təyyarəsinin uçuş heyətinin həlak olan üzvü, stüardessa Hökümə Əliyevanın təyyarədən çəkilmiş yeni görüntüləri yayılıb.   Sfera....