Nazirlikdən “WhatsApp”la bağlı- Açıqlama

Nazirlikdən “WhatsApp”la bağlı- Açıqlama

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda “WhatsApp”da yaranan problemlə bağlı məlumat yayıb. 

Qafqazinfo” xəbər verir ki, RYTN-in yaydığı məlumatda bildirilir ki, Azərbaycanda “WhatsApp” messencerinin işində müşahidə olunan problemlərin ölkənin mobil rabitə operatorları və  rabitə administrasiyası ilə bağlılığı yoxdur. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəyan edir ki, nazirlik mobil şəbəkə üzərindən fəaliyyət göstərən proqram əlavələrinin istifadəsinə qadağa qoymaq niyyətində deyil və tənzimləyici orqan olaraq nazirlik texnologiyaların və innovasiyaların inkişaf etdirilməsi tərəfdarıdır.

Azərbaycanda internet azaddır və bu gün ölkədə 3 mobil operator və 40-dan çox internet provayder fəaliyyət göstərir. Bu tip xidmətlərin qarşısının alınması inkişafın qarşısını almaq anlamına gəlir və belə bir məsələ nazirliyin prioriteti ola bilməz.

Hazırda ölkədə mobil internet istifadəçilərinin sayı günü-gündən artır və  bu cür servislər sayəsində istifadəçilər mobil  internet trafikindən daha çox  istifadə edirlər. Nəticə olaraq operatorlar səsli mobil rabitə xidmətlərindən əldə etdikləri gəlirləri itirsələr də, data xidmətlərindən əldə etdikləri gəlirlər bunu ödəyir. Belə olan halda hər hansı bir mobil tətbiqin məhdudlaşdırılması mobil operatorun maraq dairəsinə daxil ola bilməz.

 “WhatsApp”ın işində problemlərin yaranması haqda məlumatları şərh edən yerli mobil operatorların təmsilçiləri bu problemlərin onların şəbəkəsi ilə bağlı olmadığını qeyd edib.

 Araşdırma nəticəsində məlum olub ki, hazırda “WhatsApp” messenceri Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya kimi inkişaf etmiş ölkələrdə, eləcə də Cənubi Amerika, Hindistan, Avstraliyada problemlərlə işləyir və ya ümumiyyətlə işləmir.

 “www.kazhdysboy.ru”  saytında dərc olunmuş xəritədə mobil tətbiqdə problem qeydə alınan ölkələr göstərilib.

 Xəritədə sarı rənglə nasazlıqların müşahidə olunan ölkələr arasında Azərbaycanın da adı var. Ölkəmizdəki problemin mövcudluğu ilə bağlı ştrix xətt digər Avropa ölkələrinə nisbətən daha açıq sarı rənglə əks edilib.

 Qeyd edək ki, problemlər digər ölkələrdə artıq iyun ayının 18-dən etibarən müşahidə olunur.


OXŞAR XƏBƏRLƏR