Fransalı hücumçu: “Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır”
19:17 / 29.05.2019
1741
"Mənə Azərbaycandan təklif gələndə dərhal bu ölkənin harada olması, ailəm üçün riskin olub-olmaması barədə düşündüm. Azərbaycanda təhlükəsizliklə bağlı hansısa problemdən əsla söhbət gedə bilməz. Mən iki il ərzində heç bir problem görmədim”.
Bunu son iki mövsüm "Qəbələ”də çıxış edən Stiven Monroz deyib.
"Neftçi”yə keçidi gündəmdə olan fransalı hücumçu vətənində verdiyi müsahibədə Bakı və Azərbaycan haqda danışıb: "Bütün dinlərə hörmətlə yanaşılır. Bakı çox gözəl şəhərdir. Asudə vaxtı keçirməklə bağlı çətinlik yoxdur. Azərbaycan tam inkişafdadır”.
S.Monroz Azərbaycanda futbolun səviyyəsinə də toxunub: "Futbol Qərbi Avropadan fərqlənir. Səviyyə bir az aşağı, komandaların sayı azdır. Aşağı divizionda pul və peşəkar olmaq məcbur deyil. Amma Premyer Liqada komandaların sayını artırmaq istəyirlər. Bu ölkədə insanlar futbola o qədər çox baxmırlar. Yalnız "Qarabağ” və "Neftçi”nin böyük sayda azarkeşləri var”.
S.Monroz Avropa Liqasının final oyununun Bakıda keçirilməsi barədə də fikirlərini açıqlayıb: "Avropa Liqasının finalının Bakıda keçirilməsi insanları stadiona gətirəcək. Bakıda azarkeşlərin oyununa çağırışı əks olunan plakatlar çoxdur. Azərbaycan futbolu da inkişaf edir. "Qarabağ” Avropa Liqasında, bir dəfə isə Çempionlar Liqasında da qrupa düşüb”.
Fransalı legioner futbolumuzda dəyişikliklərin müşahidə olunmasını da vurğulayıb: "Mən ora gedəndə cəmi iki fransalı çıxış edirdi. İndi isə sayımız 8-9 nəfərdir. Əvvəl süni örtüklü meydançalar çox idi, indi daha çox təbii örtüyə üstünlük verməyə başlayıblar. Eyni komandalarla oynamağımız bir az darıxdırıcıdır. Futbolçular "Qarabağ”la görüşdə daha motivasiyalı olur. Amma mən bütün matçlara köklənirəm. Çünki bizə buna görə pul verirlər. "Qarabağ” kimi klublarda çıxış edən legionerlər ildə 400-600 min avro və ya dollar qazanırlar. Bu, Fransanın 2-ci liqasında olduğu kimidir. Bir müddət əvvəl Maykl Essyen "Səbail”lə müqavilə imzalayıb. Onun keçidi barədə çox yazıldı. Lakin o qədər də çox şans qazanmır. Məncə hələ fiziki cəhətdən hazır deyil. Lakin onun bir illik müqaviləsi qalıb”. (ONA)