Sürücüləri təhqir edib sonra «üzəduran» yol polisi ilə bağlı daha bir FAKT
Ləhcəsini qabardaraq “mən naxçıvanlıyam, «kakoy-nibud» qarabağlıdan üzr istəmərəm” dedi...
Yol polisi Cavanşir Lətif oğlu Qasımovun işdən qovulması məsələsi saytların və sosial şəbəkənin gündəmindədir. Həmin yol polisi iddia edir ki, onu işdən çıxartdıran müdafiə nazirinin müavini, general Nəcməddin Sadıqovun kiçik oğlu Məmməd Sadıqovdur: “Mənim kimi dövlətə, dövlətçiliyə sadiq, işinə məsuliyyətli və vicdanlı polisi işdən çıxardılar. Məcburiyyət qarşısında qalıb təqaüdə çıxdım. Vəzifəli şəxsin oğluyla nə mən bacardım, nə də qanun”. Haqlıdır, ya haqsızdır – bunu özü, Allahı və bir də məsələni araşdırmış hüquq-mühafizə işçiləri bilir. Amma jurnalist Məğrur Əli Polad bu məsələ ilə bağlı maraqlı ola biləcək bir hadisəni Avtosfer.az-a danışıb. Baş verənləri jurnalistin dilindən diqqətinizə çatdırırıq: «Bu il mayın 19-da Bakıda, Hüseyn Cavid prospektində həmin polis işçisi (xəbərlərdə şəklini görəndə tanıdım) çoxlarının tanıdığı jurnalist, qardaşım Anarı avtomobili idarə edərkən yol hərəkəti qaydasını pozduğu adı ilə saxladıb, ona qarşı heç bir səbəb, əsas olmadan ciddi kobudluğa, etikadan kənar ifadələrə yol vermişdi (C.Qasımovun özünü təqdim etməmək, hansı qayda pozuntusuna yol verildiyini bildirməmək kimi “xırda” pozuntuları hələ bir yana). Qardaşım şikayət edəcəyini bildirdikdən sonra onu guya tabe olmamaq adı ilə polis bölməsinə aparmışdılar. Mən də getdim bölməyə. Açığını deyim ki, əvvəlcə Anarın bəlkə haqsız ola biləcəyini düşündüm, barışdırıcı olmağa çalışdım. Amma bu DYP əməkdaşının qabalığını, kobud davranışını, etikadan kənar sözlərini şəxsən qulağımla eşitdim (Uzunçuluq edib onları sadalamaq istəmirəm). Bölmə rəisi də DYP avtomobilindəki videoqeydiyyat aparatındakı videoyazıya baxdıqdan sonra onun tam haqsız olduğu, polisə tabe olmamaqdan söhbət belə getmədiyi üzə çıxdı. Buna baxmayaraq, yenə də barışıq təklifi səsləndi. Amma həmin bu Cavanşir Qasımov üzr istəmək əvəzinə, çox kobud şəkildə, ləhcəsini qabardaraq “mən naxçıvanlıyam, «kakoy-nibud» qarabağlıdan üzr istəmərəm” dedi...
Ondan sonra qardaşım daxili işlər nazirinə, baş prokurora və Dövlət Yol Polisi İdarəsinin rəisinə rəsmi qaydada şikayət məktubu göndərdi. Bir neçə gün sonra Bakı şəhər DYP-dən işə baxıldığı haqda məktub gəldi. Daha sonra Bakı şəhər DYP-də videoyazıya yenidən, birlikdə baxıldı, izahat alındı. Bir daha DYP əməkdaşlığının kobudluğu və tamamilə haqsız olduğu sübuta yetirildi. Bir neçə gün sonra isə rəsmi şəkildə bildirildi ki, o və onunla birgə hadisə vaxtı xidmət aparmış polis kapitanı cəzalandırılacaq... Yeri gəlmişkən, hələ araşdırma aparılan zaman qeyri-rəsmi şəkildə demişdilər ki, onunla bağlı xeyli şikayətlər var.
P.S. Başqalarını deyə bilmərəm, amma nəql etdiyim hadisə baş verəndə, C.Qasımovun iddia etdiyi kimi “haqsız qovulmasına səbəb olan” son hadisə hələ baş verməmişdi...».