Prezidentin tapşırığı ilə 5,5 milyon nəfər pulsuz müayinə olundu

Prezident İlham Əliyevin tapşırığı ilə Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində əhali tibbi müayinələrə cəlb edilib. Son 3 ayda respublika üzrə 5 milyon 455 min 745 nəfər müayinə olunub.
Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib. Onun sözlərinə görə, əhali arasında keçirilən profilaktik tibbi müayinələr patoloji halların, müxtəlif xəstəliklərin risk faktorlarının erkən aşkarlanması məqsədi daşıyır. Xəstəliklər aşkar olunduğu halda pasiyentlər yerlərdə, zərurət yarandığı halda isə Bakı şəhərində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunurlar.
Müayinələr zamanı 8065 nəfərdə infeksion, 2442 nəfərdə yenitörəmələr, 11351 nəfərdə qan, 22927 əsəb, 19687 nəfərdə göz, 6144 nəfərdə eşitmə pozğunluqları, 47142 nəfərdə qan dövranı, 56919 nəfərdə tənəffüs, 27263 nəfərdə isə həzm xəstəlikləri aşkarlanıb. Həmçinin 7435 nəfərdə dəri xəstəlikləri, 6913 nəfərdə hamiləlik və zahılıq dövrünün xəstəlikləri, 5433 nəfərdə müxtəlif travmalar qeydə alınıb. 56083 nəfər disponser qeydiyyatına alınıb, 99233 nəfər müalicədən sonra sağalıb, 1802587 nəfərin isə əlavə müayinələrə cəlb edilməsi qərara alınıb.
Nazirlik rəsmisi xatırladıb ki, Prezidentin tapşırığını rəhbər tutaraq respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürmək tapşırılıb. Xəstəlik aşkarlanmış şəxslərin rentgen, laborator, USM və EKQ müayinələrinə cəlb edilməsi təmin olunur.