"Media dövlətin maraqlarını tarixdə heç vaxt bu qədər ifadə etməmişdi" - Vüqar Əliyev
Cəmiyyət
04:11 / 14.07.2015
2145
"Bu gün prosesləri təhlil edəndə deyə bilərik ki, Azərbaycanda güclü, peşəkar, Azəbaycan dövlətinin maraqlarını müdafiə edən bir media formalaşıb. Bunun bariz nümunəsini biz Bakıda keçirilən Birinci Avropa Oyunları dövründə müşahidə etdik. Azərbaycan mediası bəlkədə tarixdə heç vaxt bu qədər öz dövlətinin maraqlarını ifadə eləməmişdi. Azərbaycan jurnalistləri kifayət qədər peşəkarlıq nümayiş etdirdilər, Azərbaycan dövlətinin yanında oldular”.
Sfera.az movqe.az-a istinadən xəbər verir ki, bu sözləri bu gün Masallı rayonunda "Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda keçirilən regional konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev səsləndirib.
V.Əliyev bildirib ki, Azərbaycanı həmin dövrdə ittiham edənlər Azərbaycana qarşı həmin dövrdə çox ciddi kampaniya aparırdılar: " Bu kampaniyaya Azərbaycan mediası çox layiqli cavab verdi. Bu kampaniyanı aparanlar Azərbaycanda insan haqlarının, azad sözün boğulduğunu iddia edirdilər. Amma onlar Azərbaycanda media deyəndə özlərinin idarə etdiyi iki-üç mətbuat orqanını, informasiya saytını, azərbaycanda jurnalist deyəndə onların əli altında olan bir neçə jurnalisti nəzərdə tuturdular. Onlar QHT deyəndə özlərinin maliyələşdirdiyi bir neçə QHT-ni nəzərdə tuturdular. Onlar hesablamırdılar ki, Azərbaycanda 5 mindən artıq media uçota götürülüb, 100-lərə qəzet, jurnal, 50-dən artıq KİV 300-dən artıq sayt, onlarla yayım firması, jurnalist təşkilatı fəaliyyət göstərir. Onlar üçün Azərbaycanda söz azadlığı, iki-üç nəfərin Azərbaycanda insanları təhqir etmək idi. Onlar öz dövlətinə, millətinə qarşı fəaliyyət göstərmək azadlığını söz azadlığının təməl prinsipi kimi götürürlər. Öz dövlətinin maraqlarını satmağı, ermənilərlə iş birliyini onlar azərbaycanda vətəndaş cəmiyyətinin azadlığı kimi təlqin edirlər. Halbuki, heç bir müstəqil siyasət yürüdən hakimiyyət bunları qəbul edə bilməz Hakimiyyətin də funksiyası ondan ibarətdir ki, Azərbaycan xalqının real maraqlarını müdafiə edərək qorusun!”.