Rusiya ilə Gürcüstan arasında münasibətlər kritik həddə

Rusiya ilə Gürcüstan arasında münasibətlər kritik həddə

Rusiya ilə Gürcüstan arasında münasibətlər kritik həddə çatıb. Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanı Sxinvali regionunda sərhədləri dəyişdirmək cəhdində ittiham edib. Gürcüstanın xarici siyasət idarəsində bununla bağlı narahatlılıq ifadə olunub və məsələnin beynəlxalq səviyyədə qaldırılacağı bildirilib. Gürcüstan XİN-dən bildirilib ki, Rusiya tərəfi Sxinvali regionunda sərhədayırıcı xətlərini Gürcüstana məxsus Çitelubani və Orçosani kəndlərində yerləşdirib.

"Rusiya tərəfinin bu addımı bölgədə vəziyyətin gərginləşməsinə yönəlib və beynəlxalq hüququn prinsiplərinə ziddir" - deyə nazirliyin məlumatında bildirilib. Nazirliyin məlumatına görə, Rusiya hərbçiləri iyulun 10-da Tbilisi-Qori mərkəzi avtomobil yolu yaxınlığında işğal altında olan Axalqorsk rayonunun Çitelubani və Orçosani kəndləri ərazisində sərhədləri müəyyən edən bannerlər quraşdırıblar. "Hər iki ərazidə Bakı-Supsa neft kəmərinin müəyyən seqmentləri keçir. Ərazidə qanunsuz hərəkətlərlə neft kəmərinin müəyyən hissələri təhlükə altına düşmüş olur", - deyə bəyanatda vurğulanıb. XİN-in bəyanatında qeyd edilir ki, Gürcüstan sərhədlərin dəyişdirilməsi ilə bağlı BMT və ATƏT qarşısında məsələ qaldırmaq niyyətindədir.

"Rusiyaya bu siyasət çox baha başa gələcək. Biz öz həqiqətimizi hər yerə çatdırmalıyıq", - deyə Gürcüstanın Rusiya ilə münasibətlər üzrə naziri Zurab Abaşidze bəyan edib. Onun sözlərinə görə, rəsmi Tbilisi bu məsələni iyulun 15-də Rusiya XİN rəhbərinin müavini Qriqori Karasinlə Praqada keçiriləcək görüşdə qaldırmaq niyyətindədir. Sərhəd bannerlərinin quraşdırıldığı yerdə olan Gürcüstan DİN analitik departamentinin rəhbəri Şalva Yenukidze bildirib ki, baş verən hal təxribatdır. Öz növbəsində Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib ki, Bakı-Supsa neft kəmərinə təhlükə yaransa, hökumət alternativ layihəni işə salacaq. "Burada söhbət 1500-1600 metrlik yeni bir hissənin inşasından gedir" - deyə nazir vurğulayıb. O bildirib ki, Sxinvali regionunda (Cənubi Osetiya) Rusiya işğalçı qüvvələri bir neçə gün öncə tikanlı məftillərdən ibarət sərhəd xəttini bir neçə yüz metr Gürcüstanın daxilinə sürüşdürdükdən sonra BP şirkətinin operatoru olduğu Bakı-Supsa kəmərinin bir hissəsi faktiki işğal altına düşüb. Baş nazirin müavini əlavə edib ki, Rusiya ilə siyasi münasibətlərin normallaşması üçün yeni format yaratmaq gərəkdir. Onun sözlərinə görə, hakim komanda tərəfindən bu məsələ mütləq müzakirə olunacaq: "Siyasi sahədə bizim Rusiya ilə münasibətlərimiz ağır haldadır. Hətta diplomatik münasibətlərimiz belə yoxdur. Bu istiqamətdə konkret addımlar atmaq gərəkdir. Hesab edirəm ki, Abaşidze-Karasin formatı bu istiqamətdə müzakirələr aparmaq üçün kifayət etmir. Siyasi sahədə münasibətlərin normallaşması üçün hansısa bir başqa format işləyib hazırlamaq gərəkdir".

Yeri gəlmişkən, hər bir görüş ərəfəsində rusiyalı hərbçilər belə tip insidentlər həyata keçirirlər. Gah sərhəd xətlərini ölkənin dərinliklərinə doğru genişləndirirlər, gah da yerli sakinləri oğurlayırlar. Gürcü nəşrlərinin yaydığı xəbərə görə, işğal altında olan ərazilərdə yaranmış vəziyyət Abaşidze-Karasin görüşündə müzakirə olunmayacaq. Rəsmi məlumata görə, görüşdə iqtisadi məsələlər müzakirə olunacaq.

Onu da qeyd edək ki, gürcüləri özündən narazı salan başqa hadisə də baş verib. Belə ki, Q.Karasin Rusiya prezidentinin Cənubi Osetiya ilə müttəfiqlik haqqında sazişin yerinə yetirilməsi üzrə xüsusi nümayəndəsi təyin edilib. Bundan əlavə, Rusiya xarici işlər naziri Sergey Lavrovun ikitərəfli danışıqlar prosesinə Cənubi Osetiya və Abxaziyanın cəlb edilməsi barədə bəyanatı da gürcü siyasətçilərini özündən çıxarıb. "Bu, istisnadır" -deyə Gürcüstanın barışıq və bərabərlik üzrə naziri Paata Zakareişvili bəyan edib. "Biz Rusiya ilə ayrıca, abxaz və osetinlərlə isə tamam başqa cür danışırıq" deyən nazir əlavə edib ki, adları çəkilən tanınmamış qurumların danışıqlar prosesinə cəlb edilməsi Moskvanın onların müstəqilliyini tanıması barədə qərarı ləğv etdikdən sonra mümkündür.

Müxalifət artıq iki ölkə arasında dialoqun dayandırılmasının vacibliyi barədə bəyanat verib. Onlar bunu ölkə üçün təhqiredici hal kimi qiymətləndiriblər. Müxalifətyönümlü Leyborist Partiyasının siyasi məsələlər üzrə katibi Georgi Quqava dərhal və tez bir zamanda Abaşidze-Karasin formatında aparılan danışıqların dayandırılmasını, hətta ləğvinin tələb edib. Onun sözlərinə görə, belə bir formatın saxlanması o anlama gəlir ki, Gürcüstan hökuməti satqıncasına Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyır. "Gürcüstanın Avropa demokratları" qurumunun lideri Paata Davitayanın sözlərinə görəsə Qriqori Karasin addım-addım Gürcüstana məxsus torpaqların Rusiyanın nəzarəti altına keçməsini hüquqi cəhətdən reallaşdırır. Keçmiş iqtidar partiyası - "Vahid Milli Hərəkat"dan olan deputat Nuqzar Çiklauri də bəyan edib ki, Karasin və Abaşidze arasında keçən danışıqlar dövlət maraqlarına ziddir. O, xatırladıb ki, Saakaşvilinin partiyasında hər zaman ikitərəfli görüşlər, danışıqlar Moskvanın Cenevrə formatını (Rusiya, Gürcüstan, Abxaziya, Cənubi Osetiya, ABŞ, Aİ, BMT və ATƏT) silmək cəhdi kimi qarşılanıb: "Q.Karasinin nümayişkənarə şəkildə prezident Vladimir Putin tərəfindən rəsmi nümayəndə təyin edilməsi Moskvanın bu istiqamətdə səylərinin gücləndirməsindən xəbər verir".  //Kaspi.az

Sfera.az


OXŞAR XƏBƏRLƏR