Deputat oğluna 8 milyonluq - Dələduzluq ittihamı - Yenilənib

Deputat oğluna 8 milyonluq -  Dələduzluq ittihamı - Yenilənib

Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adı 7-8 milyonluq dələduzluq qalmaqalına qarışıb. 

Sfera.az  musavat.com-a istinadən xəbər verir ki, bir çox saytların elektron ünvanına Bakı sakini Fərman Xeyrulla oğlu Məmmədovun adından məktub daxil olub. Həmin məktubda müəllif iddia edir ki, Həbib Axundov anası Elmira Axundovaya arxayın olaraq onlarla insanın pulunu mənimsəyib. Fərman Məmmədov Elmira Axundovanı neçə illərdir tanıdığını və ailəvi münasibətlərinin olduğunu bildirib. Amma nə vaxtsa onlar tərəfindən aldadılacağını ağlına belə gətirmədiyini vurğulayıb. 

Həmin məktubdan bəzi hissələri dərc edirik: 

“Biz Elmira Axundova ilə dostluq münasibəti yaradanda oğlu Həbibin hələ 5 yaşı var idi. Onun övladı mənim qucağımda böyüyüb. Mən onları heç vaxt öz doğmalarımdan ayırmamışam, heç vaxt istəməmişəm ki, nəsə problemləri olsun. 2005-ci ildə o, 71 saylı Masallı Seçki Dairəsindən namizədliyini irəli sürdü. Həmin vaxt millət vəkilinin səlahiyyətli nümayəndəsi idim. Bu dairədə seçki çox gərgin keçsə də, o, deputat seçildi. Növbəti parlament seçkilərində, yəni 2010-cu ildə də onun səlahiyyətli nümayəndəsi oldum. 

Həbib Axundov Bakı Gömrük İdarəsində işləyir, səhv etmirəmsə, rütbəsi mayordur. O bir neçə dəfə məndən borc pul götürüb qaytarırdı. Bir müddət sonra onlar "Favorit” marketlər şəbəkəsini açdılar."6-ci paralel”də və şəhərin digər yerlərindəki bu marketlər millət vəkilinə məxsusdur. Onların Elnur adlı ailəvi dostu var idi. Bu şəxs dəfələrlə Milli Məclis üzvünün evinə gəlib-gedirdi. Günlərin birində Həbib mənə dedi ki, Elnurla şərikli biznes qurub və ona müəyyən miqdarda pul lazımdır. Dediyinə görə, xaricdən kartric, ofis ləvazimatları vururdular.Amma bu deyilənlər fırıldaq imiş. Çünki onlar kartric biznesi adı altında neçə-neçə insanın pulunu alıb yeyiblər. 

Deputatın oğlu həmçinin mənə anasının Milli Məclisin, Apelyasiya Məhkəməsinin tenderlərini udduğunu və həmin dövlət qurumlarına kartriclər, ofis ləvazimatları verdiyini demişdi. Həbib Axundov məndən borca pul istədi, dedi ki, pula görə cavabdehəm, vaxtında qaytaracam. Ailəvi dost idik, ondan belə bir hərəkət gözləməzdim. Yəni ağlıma belə gəlməzdi ki, dünənki uşaq mənə pul atar. 2012-ci ildən bu proses başlandı. Elmira xanım oğlunun gördüyü işlə fəxr edirdi. Hətta bir dəfə deputat öz rəfiqələrindən oğluna biznesini genişləndirməsi üçün pul verməyi tələb edirdi. Buna uyğun olaraq deputatın bəzi rəfiqələri də Həbibə pul verdi”. 

Şikayətçi deyir ki, millət vəkilinin oğlu ondan üst-üstə 575 min manat pul alıb: 

"Əksər hallarda həmin pulları qaytara bilmirdi. Nəhayətdə borc yığılıb bu qədər oldu. 2013-cü ildə millət vəkilinin oğlu mənə zəng vurdu və görüşmək istədiyi bildirdi. Onunla görüşdüm, özündə deyildi və əsəbi görünürdü. Pis olmağının səbəbini soruşanda piramidaya düşdüyünü və pulların Elnur tərəfindən mənimsənildiyini söylədi. Halbuki, bu məsələdə ən böyük günahkar elə parlament nümayəndəsinin oğlu idi. Elnura bir neçə dəfə zəng vursam da, cavab vermədi. Həbibdən pullarımı geri tələb etdim. 2013-cü ilin mayında o məni arxayın saldı və işlərin düzələcəyini vurğuladı. 

Deputatın oğlu məni qızının ad gününə, Şüvəlandakı bağına dəvət etdi. Elmira xanım məni orda görəndə təəccübləndi, "Sənin burda nə işin var” deyib qaşqabaq tökdü. Həmin axşam Elnur da ora gəldi. Həbib məni qırağa çəkib söhbət etməyə başladı. Maşina əyləşib QRES deyilən yerə getdik.O Elnurla mübahisə etməyə başladı.Elə həmin vaxt Elmira Axundova Həbibə zəng vurdu. Həbib isə anasına monopolistlərlə söhbət etdiyini dedi. Bundan dəhşətə gəldim. Elnurla Həbibin arasında dava düşdü. Deputatın oğlundan dava salmamasını tələb etdim. O isə qayıtdı ki, əgər dava etməyimi istəmirsənsə, puldan əlini üz. Hələ də nəyin baş verdiyini anlamırdım. Mən 575 min manatı Həbib Axundova vermişəm. Bunun müqabilində millət vəkilinin oğlu bütün müddətdə mənə 125 min manat verib. 

Ona verdiyim pulları başqa-başqa adamlardan borc almışdım. Bu gün borc aldığım insanların üzünə baxa bilmirəm, onlar pulunu geri istəyir. 2013-cü ilin mayında Elmira Axundova mənə zəng vurub Masallıda bir qohumunun problemi olduğunu dedi. Deputatın özünün bildirdiyinə görə, kartric biznesinə 80 min manat pul qoyub. Məndən soruşdu ki, Həbibin girişdiyi biznes ona gəlir gətirə bilər, ya yox. Açığı onun sualları mənə çatmırdı. May ayında oğul Axundova verdiyim məbləğ 475 min manata çatdı. Sonradan başa düşdüm ki, bu şəxslər əlbir olaraq pulumu mənimsəyiblər. Həbib Axundov notariusun kağızlarını mənə göstərmişdi. Orda Elnura 750 və 150 min manat verdiyi qeyd olunurdu”.

Fərman Məmmədovun sözlərinə görə, külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan Elnur İbrahimov aradan bir müddət ötəndən sonra deputatın bağ evinə gətirilib: "Mən də ora getdim. Orada təxminən 50-yə yaxın adam var idi. Sən demə, onların da pulu mənimsənilib. Elnur oyun qurduğunu boynuna aldı. Həbib telefonla kiməsə zəng vurub tanış polis lazım olduğunu söylədi. 

Bir neçə dəqiqədən sonra deputatın oğlu Yasamal Rayon Polis İdarəsində kiməsə zəng vurdu və Elnuru ora gətirəcəyini dedi. Elnur bizim maşında getdi. Yolda mən tanış vəkillə danışıb bu cür dələduzluğun cəzasının nə olduğunu soruşdum. Vəkil isə belə işlərə görə 12 il həbs cəzasının nəzərdə tutulduğunu bildirdi. Bunu eşidən Elnur ağlamağa başladı. Həbib isə ona təsəlli verərək "Narahat olma, anam Əfv Komissiyasının üzvüdür, səni "yarım srok”a həbsdən çıxaracaq. Sadəcə, pulları tək yediyini boynuna al. Kişi kimi söz verirəm ki, sənin ailənə hər ay 500 manat pul göndərəcəm” deyirdi.

Yasamal Rayon Polis İdarəsinə gəldik. İdarənin qabağında adam əlindən tərpənmək olmurdu. Hamısı Elnur və Həbib tərəfindən aldadılan insanlar idi.Təxminən bu işdə 7-8 milyon manatlıq dələduzluqdan söhbət gedir”.

Şikayətçi bildirir ki, hazırda məsələ üzrə iş Bakı Şəhər Baş Polis İdarəsində araşdırılır. H.Axundovla bağlı yayılan məlumatlarda onun krallara layiq istirahət etdiyi vurğulanır, bildirilir ki, 2014-cü il avqust ayının 31-də deputatın oğlunun sorağı Dubayın "Burj Al Arab Jumeirah Beach” istirahət mərkəzindən gəlib. O yaxını Kənan Cəlilovla birlikdə Dubayda bir neçə gün canına necə deyərlər, qulluq edib. Məmur övladının baş çəkdiyi xarici şəhərlərdən biri də London olub. Məlumatlarda deyilir ki, xanım millət vəkilinin oğlu Dubaya, Londona, İstanbula hər dəfə səyahət edəndə 30-40 min dollar civarında pul xərcləyib. 

Maraqlıdır, gömrük sistemində işləyən Həbib Axundov bu qədər pulu hansı yollarla qazanıb? Hələ bu harasıdır ki. Vətəndaşlardan aldığı pulların hesabına şəxsi avtomobil kolleksiyasını xeyli zənginləşdirib. Deputat oğlunun bir müddət əvvəl sosial şəbəkələrdə paylaşdığı şəkillərdə onun Az 10-HH-111 dövlət nömrə nişanlı "Porsche Cayenne GTS”, "Porsche Panamera”, 90-XX-111 nömrəli "Jeep Wrangler”, 90-RR-111 dövlət nömrə nişanlı maşınlarının olduğu aydın şəkildə görünür. 

Həmin avtomobillərin xüsusi sifarişlə gətirildiyi vurğulanır. Bundan başqa, Həbib Axundovun vaxtının çox hissəsini əyləncəyə, o cümlədən Bakıdakı bahalı məkanlarda, məsələn, “Badam”da keçirməyə həsr etdiyi yayılan məlumatlar arasındadır. Bir daha sual edirik, görəsən, ayda heç 800 manat maaş almayan deputatın oğlu dəyəri 100 min manatlarla olan maşınları hansı pullarla alıb, hansı vəsaitlə xarici ölkələrdə kef çəkib? Onun aldatdığı insanlar borc bataqlığında batırlar. Bütün yaxın dost-tanışları bu məsələyə görə onlardan üz çevirib. Həbib bəy isə oliqarxlar kimi həyat tərzi sürür”.

E.Axundovanın oğlu H.Axundovun adından bu gün saytlara göndərilən məktubda isə Fərman Məmmədovun bütün iddialarının  böhtan olduğu qeyd olunur. Onun Azərbaycan SSR-in Belnəlmiləlçi-döyüşçülər Respublika Şurasına rəhbərlik etdiyi dövrdə şuraya məxsus əmlakları mənimsədiyi vurğulanır. Deputatın oğlu əvvəllər mütəllibovçu olan, sonradan “heydərçi”yə çevrilən F.Məmmədovun iş üzrə rəsmi şikayətçi olmadığını da nəzərə çatıdırır: 

“Fərman Məmmədov həqiqi sahibkar ola bilmədi, çünki o, heç vaxt işləməyi bacarmayıb, asan və tez qazanclara üstünlük verib, məsələn, yüksək faizlərlə borc pul vermək kimi. Məhz Elnur İbrahimov adlı bu cür zirək adama Fərman heç bir arayış və borc öhdəliyi olmadan, böyük həcmdə (iddia etdiyinə görə 575 min manat) faizə pul vermişdi. Bunu xüsusilə vurğulamaq istəyirəm, çünki KİV-lərdə Fərman bir neçə dəfə qeyd edir ki, pul yüksək faiz almaq şərti ilə yox, sadəcə borca verilmişdi. Ağ yalandır! Fərman Məmmədovun dediyinə görə, pulun bir hissəsini ali məktəblərdən birində müəllim işləyən və eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazir adlı dostu verib. Bir hissəsini isə o, İsrafil Aşurovdan götürüb, qalanı isə özünündür. Dostu Nazirin Rəşid Behbudov və Nizami küçələrinin kəsişməsində bahalı şərab dükanı var. 

10 iyun 2015-ci ildə “Gündəlik Bakı” qəzetində “Deputatın oğlu ittihamlara cavab verdi” adlı məqalədə şahidlər vasitəsilə qeyd olunur ki, Elnur dəfələrlə Nazirin həmin dükanına, Novxanıdakı bağına, Fərmanın evinə gedərək onlardan yüksək faizlərlə əlbəəl pul götürüb. Və uzun müddət onlar Elnurdan böyük faizlər əldə ediblər. Amma sonra qəflətən maliyyə piramidası çöküb. Hazırda isə Elnur İbrahimov kreditorlardan gizlənir. Elnurun aldatdığı digər şəxslərin və o cümlədən mənim ərizəm əsasında, bu dələduzu Azərbaycanın hüquq-mühafizə orqanları axtarır, onun şəkli isə bütün polis bölmələrinin qarşısında asılıb.

Maraqlıdır ki, hüquq-mühafizə orqanlarına şikayət edənlər və zərərçəkmiş kimi tanınanlar sırasında Fərman Məmmədovun adı yoxdur. Çünki o, Bakı şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etməyib. Ona görə əsas sual bundan ibarətdir: əgər Fərman Məmmədov haqlıdırsa, nə üçün indiyə qədər bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək dediklərini sübut etmək əvəzinə Elmira xanıma və mənə qarşı KİV-lərdə şantaj, böhtan və qarayaxma kampaniyası həyata keçirir? 

Axı Fərman üçün məhkəmələrdə iştirak adi prosesdir, çünki o illərlə məhkəmələrdə həm iddiaçı, həm də cavabdeh kimi çıxış edirdi. Bildiyimizə görə də onun bir neçə dostu məhkəmədə hakimdir. Belə olan halda nə üçün Fərman qanunsuz metodlarla işləməyə üstünlük verir, nə üçün sivil insanlar kimi məhkəməyə müraciət etmir, Firuz Haşımov adlı birinin əli ilə kirli sifarişli məqalələr dərc edir, hörmətli xanımı təhqir edir, Elmira Axundovanın həyatı və fəaliyyəti ilə bağlı mənfi faktları bəyan etməklə hədələyir? Mənim və ailəmin şəxsi həyatına kobud surətdə müdaxilə edir (yeri gəlmişkən, bu əməllər Konstitusiyamıza ziddir və cinayət məsuliyyətinə səbəb ola bilər). Əsas məsələni diqqətinizə çatdırım ki, hazırda F.Məmmədov özü də iddia etdiyi kimi, iş Bakı Şəhər Baş Polis İdarəsində araşdırılır və bu işdə mən, bir ildən çoxdur ki, zərərçəkən kimi rəsmi qaydada tanınmışam. 

Fərman Məmmədov dəfələrlə izahat verməsi üçün şahid kimi Baş Polis İdarəsinə çağırılıb, lakin bu “cəsur əfqan döyüşçüsü” müstəntiqlə üz-üzə gəlməkdən yəqin ki, qorxur, çünki öz əvəzinə vəkilini göndərir. Əgər F.Məmmədov bu işdə haqlıdırsa, nə üçün qanuni şəkildə izahat verməkdən çəkinir və ucuz şoulara üstünlük verir? Fərman Məmmədov bu cür şantaj və böhtan kampaniyası apardığına görə vicdanı və qanun qarşısında gec-tez cavab verəcək. Heç kəsin ixtiyarı yoxdur ki, namusu, şərəfi və ləyaqəti ilə yaşayan insanları böhtanla ləkələsin. Heç kəs kütləvi informasiya vasitələrini öz çirkin oyunlarına alət etməməli, öz hüquqlarını qanuni yolla qorumalıdır. Hüquqi dövlətdə yaşayırıq, hər şey qanuni yolla, əxlaq çərçivəsində, məhkəmədə həll edilməlidir”.

***

Elmira Axundovanın oğlu Həbib Axundov ölkə mediasına müraciət edib və barələrində yanlış məlumatların yer almasından təəssüfləndiyini vurğulayıb. 

Onun Modern.az saytına göndərdiyi müraciəti olduğu kimi təqdim edirik:

- Bu günlərdə barəmizdə yalan dolu məlumatlar yazanlar yenə də həmin köhnə yazıları təkrarən çap ediblər. Yazının əsas “qəhrəmanı” və sifarişçisi iş adamı Fərman Məmmədovdur. Məqalələrdə iddia olunur ki, Fərmanın külli miqdarda pulu mənim tərəfindən mənimsənilib və mənə qarşı həqiqətə uyğun olmayan digər ağır ittihamlar səslənir. Məqalədə göstərilən ittihamlar və Fərman Məmmədovun özünün kimliyi barədə məlumatları diqqətinizə çatdıraraq, bu müraciəti saytınızda cavab kimi dərc etməyinizi xahiş edirəm. 

Fərman Məmmədov kimdir?

XX əsrin 80-ci illərinin sonlarında yaradılmış Azərbaycan SSR-in Belnəlmiləlçi-döyüşçülər Respublika Şurasına Fərman Məmmədov rəhbərlik edirdi, o, C.Naxçıvanski adına məktəbin Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı (ÜİLKGİ - ВЛКСМ) komitəsinin katibi olub. Ayaz Mütəllibovun vaxtında Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyaniçko idi, o, “əfqan” döyüşçülərinə dəstək verirdi. Əvvəlcə “əfqan” döyüşçüləri onlara müvəqqəti verilən Həmkarlar İttifaqı binasının yarımzirzəmi hissəsində toplaşırdılar. Tanınmış jurnalist, həmin Şuranın üzvü olmuş Lalə Yusufovanın dediyi kimi, “beynəlmiləlçi-döyüşçülərin Respublika Şurasının rəhbərliyi Ayaz Mütəllibovla görüşdükdən sonra o, “əfqan” döyüşçülərinə maddi dəstək olmaq üçün Qaradağ rayonunda daş karxanası (sonra daha əlavə birini), “Volqa” və “Uaz” markalı iki maşını, həmçinin Bakının mərkəzində Z.Əliyeva küçəsindəki  binanın birinci mərtəbəsini ofis kimi onların istifadəsinə verdi. Sonralar “əfqan” döyüşçülərə Bakı ətrafında bağ evi tikmək üçün torpaq sahələri, həmçinin Qəbələ rayonunda üzərindəki tikililərlə birlikdə 2 hektara yaxın torpaq sahəsi yrıldı”. 

Yeri gəlmişkən artıq neçə ildir ki, Fərman Məmmədov Qəbələ rayonundakı bu torpaqları öz adına özəlləşdirmək üçün əlindən gələni edir.

Fərman Məmmədov dərhal “Volqa”dan istifadə etməyə başladı, “UAZ”ı isə qardaşı Zakir Məmmədova verdi. Əvvəllər karxananın daşları minimal qiymətlərlə “əfqan” döyüşçülərinə verilirdi, daha sonra isə orada suxurların qurtarmasını, yalnız qayaların qaldığını və daşkəsən avadanlıqların işləyə bilmədiyini bəhanə gətirərək, karxanada işlər dayandırıldı. Sonra isə Qarabağ hadisələri başladı, “əfqan” döyüşçülərin çoxu müharibəyə getdi. Fərman Məmmədov isə Şuranın mülklərini ələ keçirməklə məşğul olmağa üstünlük verdi. “Əfqan” döyüşçüləri nəhayət mülkləri haqqında düşünməyə vaxt tapanda üzə çıxdı ki, sən demə atəşkəsin elan olunmasından sonra bütün daşınmaz əmlak Fərman Məmmədov tərəfindən özəlləşdirilib.

Lalə Yusufovanın söylədiyi kimi “Beynəlmiləlçi-döyüşçülər Şurası üzvləri təqribən 90-cı illərin sonlarına doğru Fərmanı sədr vəzifəsindən kənarlaşdırmaq və Şuranın mülkiyyətini qaytarmağa məcbur etmək qərarına gəldilər, amma bunu bacarmadılar. Fərman bunu etməmələri üçün “əfqan” döyüşçülərin ən hörmətlilərinə yalvar-yaxar etdi, çünki özünün dediyinə görə bu əmlakın özəlləşdirilməsi üçün o, Dövlət Əmlak Komitəsinə 40 min dollardan çox rüşvət vermişdi. Bundan başqa Şura üzvlərinə vəd etdi ki, obyektlərin icarəsindən onlara da pay düşəcək”.

Məlumat üçün deyək ki, belnəlmiləlçi-döyüşçülər hərəkatının əsasını təşkil edənlər arasında Məmməd İsgəndərov, Cavan Əhmədov, Rauf Rəcəbov, Bəxtiyar Rəfiyev, Məhəmməd Vəliyev, Zahid Həsənov, Sərraf Orucov və başqaları da var idi. Hətta bildiyimizə görə Fərman Məmmədovun qanunsuz əməllərinə qarşı Sərraf Orucov 90-cı illərdə Binəqədi rayonunda məhkəmələrdə uzun illər mübarizə aparmışdı. Əldə etdiyimiz məlumata görə, Fərman Məmmədov Ayaz Mütəllibov Azərbaycandan qaçdıqdan sonra dəfələrlə Moskvaya onun yanına gedib, ona dəstək olub, V.Polyaniçko vəfat edənə qədər onunla da əlaqəsi olub, hətta dəfn mərasimində də iştirak edib.

Bütün bu illər ərzində Fərman Məmmədovun talançılığına görə Şura üzvləri ona qəzəblidirlər və bildiriblər ki, “əgər görsək ki, bizim pullarımızla kef edirsən, xaricə gedirsən və ya təmtəraqlı binalarda yaşayırsan, sənin üçün pis olacaq”. Məlumata görə məhz bunun üçün bütün bu illər ərzində o köhnə “Volqa”da gəzib, sadəcə bir neçə il əvvəl özünə “Jeep” alıb. Əvvəlki kimi bacısı Zeynəblə birlikdə “20-ci sahə”də köhnə ata evində yaşayır, öz imkanını gizlədir, baxmayaraq ki, bir neçə mənzili, həmçinin Nəriman Nərimanov heykəlinin yanında yeni tikilidə təmir olunmuş möhtəşəm mənzili var. 

Fərmanın mənə qarşı ittihamlarından biri odur ki, mən, yəni Həbib Axundov bir sıra xarici ölkələrdə, xüsusən Dubay və Türkiyədə istirahət edirəm. Əvvəla bu çox gülünc ittihamdır, ona görə ki, Azərbaycan inkişaf etmiş dövlətdir və vətəndaşlarımızın əksəriyyəti istirahətlərini Dubay, Türkiyə və digər xarici dövlətlərdə edir. Lakin qeyd edim ki, Fərman Məmmədov özü mütəmadi olaraq xaricə istirahətə gedir – Rusiya, Dubay, Türkiyə, İsveçrə (dəfələrlə), Çexiya və s. Maraqlıdır ki, özü bu qədər səyahət edən bir insan, nə üçün başqasının ildə bir dəfə xaricdə istirahət etməsini qəbahət sayır?

Onu da bildirim ki, təkcə Z.Əliyeva küçəsində 19 nömrəli binada yerləşən və Fərman Məmmədova məxsus olan obyektin (indi orada hündürmərtəbəli yeni tikili var, “əfqanlar”ın köhnə ofisində isə brend mebel mağazası yerləşir) qiyməti təxminən 15 milyon dollardır, onun icarəsindən isə F.Məmmədov aylıq 20 min dollardan çox pul qazanır. Baxmayaraq ki, heç qanuni vergisini də ödəmir. Deyilənə görə onun mağazası, torpaqları və s. vardır. Amma o, hər zaman özünü kasıb və aldadılmış sahibkar kimi aparır.

Keçmiş “beynəlmiləlçi-döyüşçü”nün mənəvi siması da bu cür ikiüzlü və saxtadır. Əvvəlcə o, Mütəllibovun qatı tərəfdarı idi. Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bir müddət ortalıqda görünmədi. Amma Lalə Şövkət-Hacıyeva müxalifətə keçərkən o da dərhal onun tərəfinə keçmiş və özünün əsl simasını göstərmişdi. O və mərhum qardaşı Zakir Məmmədov keçmiş dövlət katibinin inamını qazandılar, öz ofislərini L.Hacıyevanın yaratdığı Liberal Partiyasının işləməsi üçün təqdim etdilər, Zakir Məmmədov L.Hacıyevanın partiyada müavini, Fərman Məmmədov isə Lalə xanımın cangüdəni oldu. Sonralar onların aralarında böyük qalmaqal yarandı, Zakir Məmmədov keçmiş dövlət katibini mətbuatda ləkələməyə başladı, Fərman Məmmədov isə onu gözdən salacaq materialları toplamaq üçün bir neçə dəfə Moskvaya uçdu.

Bundan sonra Fərman Məmmədov yenə bir müddətlik öz qınına çəkildi, amma adının arxasında gizlənə biləcəyi adama ehtiyacı var idi. O növbəti qadının, Elmira Axundovanın etibarını qazandı. Elmira Axundova F.Məmmədovun həqiqi üzünü görməyərək beynəlmiləlçi-döyüşçünün şərəfini qoruduğunu zənn etməklə vaxtilə sovet dövründə Azərbaycan SSR Ali Məclisin deputatı olmaq istəyən bu “əfqan” döyüşçüsünün hüquqlarını qorumağa çalışmış, onun barəsində respublika qəzetlərində yazılar yazmışdı. Himayədarsız qalan bu adam isə özünü gözə soxmaq üçün Elmira Axundovanın səlahiyyətli nümayəndəsi kimi Milli Məclisə keçirilən seçkilərdə iştirak etdi.

Bundan sonra F.Məmmədov yenidən sadiq “heydərovçu” oldu. Elmira xanımın simasında himayədar əldə edən Fərman beynəlmiləlçi-döyüşçülər Şurasında olan keçmiş yoldaşlarından qorxmamağa və rahat həyat yaşamağa başladı: “Toyota” markalı maşın, Nəriman Nərimanov heykəlinin yanında möhtəşəm hündürmərtəbəli binada mənzil aldı, mütəmadi olaraq xaricə - xüsusən dostu olan məşhur alpinist İsrafil Aşurovun yanına İsveçrəyə getməyə başladı. Baxmayaraq ki, əfqan döyüşçülərin əksəriyyəti ölkə prezidentinin təyin etdiyi pensiya ilə yaşayır və əlavə gəlirləri yoxdur. 

Fərman Məmmədovun bütün iddiaları böhtandır... 

Fərman Məmmədov həqiqi sahibkar ola bilmədi, çünki o, heç vaxt işləməyi bacarmayıb, asan və tez qazanclara üstünlük verib, məsələn, yüksək faizlərlə borc pul vermək. Məhz Elnur İbrahimov adlı bu cür zirək adama Fərman heç bir arayış və borc öhdəliyi olmadan böyük həcmdə (iddia etdiyinə görə 575 min manat) faizə pul vermişdi. Bunu xüsusilə vurğulamaq istəyirəm, çünki KİV-lərdə Fərman bir neçə dəfə qeyd edir ki, pul yüksək faiz almaq şərti ilə yox, sadəcə borca verilmişdi. Ağ yalandır!

Fərman Məmmədovun dediyinə görə, pulun bir hissəsini ali məktəblərdən birində müəllim işləyən və eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazir adlı dostu verib. Bir hissəsini isə o, İsrafil Aşurovdan götürüb, qalanı isə özünündü. Dostu Nazirin Rəşid Behbudov və Nizami küçələrinin kəsişməsində bahalı şərab dükanı var. Mənim 10 iyun 2015-ci ildə “Gündəlik Bakı” qəzetində “Deputatın oğlu ittihamlara cavab verdi” məqaləsində şahidlər vasitəsilə qeyd olunur ki, Elnur dəfələrlə Nazirin həmin dükanına, Novxanıdakı bağına, Fərmanın evinə gedərək onlardan yüksək faizlərlə əlbəəl pul götürüb. Və uzun müddət onlar Elnurdan böyük faizlər əldə ediblər. Amma sonra qəflətən maliyyə piramidası çökdü. Hal-hazırda isə Elnur İbrahimov kreditorlardan gizlənir. Elnurun aldatdığı digər şəxslərin və o cümlədən mənim ərizəm əsasında bu dələduzu Azərbaycanın hüquq mühafizə orqanları axtarır, onun şəkili isə bütün polis bölmələrinin qarşısında asılıb. 

Maraqlıdır ki, hüquq-mühafizə orqanlarına şikayət edənlər və zərərçəkmiş kimi tanınanlar sırasında Fərman Məmmədovun adı yoxdur. Çünki o, Bakı şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etməyib. Ona görə əsas sual ondan ibarətdir: əgər Fərman Məmmədov haqlıdırsa, nə üçün indiyə qədər bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edərək dediklərini sübut etmək əvəzinə Elmira xanıma və mənə qarşı KİV-lərdə şantaj, böhtan və qarayaxma kampaniyası həyata keçirir?

Axı Fərman üçün məhkəmələrdə iştirak adi prosesdir, çünki o illərlə məhkəmələrdə həm iddiaçı, həm də cavabdeh kimi çıxış edirdi. Bildiyimizə görə də onun bir neçə dostu məhkəmədə hakimdir. Belə olan halda nə üçün Fərman qanunsuz metodlarla işləməyə üstünlük verir, nə üçün sivil insanlar kimi məhkəməyə müraciət etmir, Firuz Haşımov adlı birinin əli ilə kirli sifarişli məqalələr dərc edir, hörmətli xanımı təhqir edir, Elmira Axundovanın həyatı və fəaliyyəti ilə bağlı mənfi faktları bəyan etməklə hədələyir? Mənim və ailəmin şəxsi həyatına kobud surətdə müdaxilə edir (yeri gəlmişkən bu əməllər Konstitusiyamıza ziddir və cinayət məsuliyyətinə səbəb ola bilər).

Əsas məsələni diqqətinizə çatdırım ki, hal-hazırda F.Məmmədov özü də iddia etdiyi kimi iş Bakı Şəhər Baş Polis İdarəsində araşdırılır və bu işdə mən bir ildən çoxdur ki, zərərçəkən kimi rəsmi qaydada tanınmışam. Fərman Məmmədov dəfələrlə izahat verməsi üçün şahid kimi Baş Polis İdarəsinə çağırılıb, lakin bu “cəsur əfqan döyüşçüsü” müstəntiqlə üz-üzə gəlməkdən yəqin ki, qorxur, çünki öz əvəzinə vəkilini göndərir. Əgər F.Məmmədov bu işdə haqlıdırsa, nə üçün qanuni şəkildə izahat verməkdən çəkinir və ucuz şoulara üstünlük verir?

Fərman Məmmədov bu cür şantaj və böhtan kampaniyası apardığına görə vicdanı və qanun qarşısında gec-tez cavab verəcək. Heç kəsin ixtiyarı yoxdur ki, namusu, şərəfi və ləyaqəti ilə yaşayan insanları böhtanla ləkələsin. Heç kəs kütləvi informasiya vasitələrini öz çirkin oyunlarına alət etməməli, öz hüquqlarını qanuni yolla qorumalıdır. Hüquqi dövlətdə yaşayırıq, hər şey qanuni yolla, əxlaq çərçivəsində, məhkəmədə həll edilməlidir.


OXŞAR XƏBƏRLƏR