Bakı bağındakı balabançı: "Gecələr buraya arvad paltarında oğlanlar gəlir" - FOTO

Bakı bağındakı balabançı: "Gecələr buraya arvad paltarında oğlanlar gəlir" -  FOTO

Əgər siz axşam saat altıdan sonra Filarmoniya bağına getsəniz, onu görəcəksiniz. Balaban çalmaqla pul yığan bu kişiylə çoxdan söhbət etmək istəyirdik. Qismət bu günə imiş. Söhbət zamanı isə məlum oldu ki, Səlahəddin dayı tək balaban ifaçısı deyil, həm də...

Səlahəddin dayı söhbətə balabanın tarixinə ekskursiya ilə başlayır: "Nəfəsli alətlər hələ ibtidai icma quruluşunda yaranıb. Onları maral buynuzundan hazırlayıblar. Əsas da erkək maral buynuzundan. Buynuzdan hazırlanan aləti üfürəndə marallar yığışarmış. Onu üfürəndə elə bil ki, maral mələyir. Sonra yavaş-yavaş insan beyni inkişaf etdikcə daha təkmilləşmiş alətlər hazırlayıblar".

Bəs balaban hansı millətə mənsubdur? Bu sualımızı Səlahəddin dayı belə cavablandırır: "Balaban Azərbaycanın milli musiqi alətidir. Ən qədim alətimiz olan sazın yanında həmişə balaban olub. Mənim balabanım əsl aşıq balabanıdır. Onun aşağı hissəsi qalın, yuxarı hissəsi nazik olur. Tarixən aşıqların yanında böyük balaban ustaları olub".

Onun bu sənətə gəlişinin qəribə tarixçəsi var: "Biz Naxçıvanın Şahtaxtlı kəndindənik. Bu sənətə uşaq vaxtından könül vermişəm. Böyük qardaşım aşıq idi. Bizdə çox aşıq olmayıb. Beş-altı  nəfər olardılar. Onlardan biri də qardaşım Aşıq Əbülfəz idi. Mən sizə eləyirəm 1964-65-ci illərin söhbətini. Onda xırda uşaq idim. Qardaşımın balabançalanı vardı. Bir dəfə qamış tütəyini bizdə qoymuşdu. Mən də qamış tütəyi götürüb tez-tez çalırdım. Evdəkilərin başını aparmışdım. Əsasən də qardaşımın yoldaşının. (gülür) Mənim əlimdən tütəyi götürüb gizlətdi. Sonra neçə illər gözüm o tütəyin arxasında qaldı...

...İnternat məktəbində oxumuşam. Bizim gözəl musiqi otağımız, yaxşı musiqi müəllimimiz vardı. Arif Babayevin, Baba Mirzəyevin, Qədir Rüstəmovun, Əlibaba Məmmədovun dəbdə olan vaxtları idi. Mən Qədirin repertuarındakı mahnıları oxuyurdum əsasən...

Evimizin yanındakı hərbi hissədə nəfəsli alətlər orkestri vardı. Onun da dirijoru ukraynalı idi. O dövrdə artıq nəfəsli alətlərdə notla ifa edə bilirdim. Orada bir neçə erməni var idi, hərbi xidməti başa vurub getməyə hazırlaşırdılar. Bu ermənilərdən birinin ad günü idi. Mənə dedi ki, bəlkə, klarnetimi alasan, mənə pul lazımdır, dostlarla yeyib-içmək istəyirəm. Mən də razılaşdım. Gedib rəhmətlik anamdan iyirmi manat istədim. Amma iyirmi manatın hamısını vermədim, klarneti on yeddi manata aldım. Orkestrdə bir rus vardı. Yerdə qalan üç manatı o rusa verib klarneti öyrənməyə başladım. Bir aydan sonra klarnetdə ifa edə bilirdim. Altı aydan sonra isə artıq biz tərəflərdə məşhur klarnet ifaçısıydım. O qədər həvəsliydim yəni..."

"Bəs bu balabanları haradan alırsınız?" sualımıza isə Səlahəddin dayı belə cavab verir:

- 80-ci illərdə Naxçıvanda Araz Dövlət Mahnı və Rəqs Ansamblında klarnet ifaçısı olmuşam. Sonra gəldim Bakıya, bir sıra xanəndələrin ansamblında fəaliyyət göstərdim. Onlarla birlikdə toylara gedirdim. Rəhmətlik Yaqub Məmmədovla, Arif Babayevlə toya getmişəm. Dörd-beş il əvvələ kimi Bakı kəndlərinə  toya gedirdim. Daha məni toylara dəvət etmirlər, açığı, heç həvəsim də yoxdur. Bir də axı mənim evim Mingəçevirdədir. Övladlarım Bakıda - Hövsanda yaşayırlar...

Bu sözləri deyir və sanki bir az tərəddüd elədikdən sonra bizə bəzi sirlərini açır:

- Bilirsiniz, mən 2004-cü ildən Bakıda yaşayıram. Özümü ciddi xalq nəzarətçisi hesab edirəm. Bizim belə bir təşkilatımız da var. Axı nəzarətsiz mümkün deyil. Burada əxlaqsız adamlar olur. Bir də görürsən, oğlanlar gecənin bir aləmində qadın paltarı geyinib buraya çıxırlar. Bizim təsis etdiyimiz Mübariz Xalq Cümhuriyyəti təşkilatı bu işlərə nəzarət edir.

Mən iki müharibə veteranıyam. Həm Əfqanıstan müharibəsində, həm də Qarabağ müharibəsində vuruşmuşam. Mən xalqımı qoruyuram, ancaq xalqımın bundan xəbəri yoxdur.

Daha sonra Səlahəddin dayı cibindən müxtəlif vəsiqələr çıxarır, adını ilk dəfə gördüyümüz təşkilatın üzvü, xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu israrla bizə sübut etməyə çalışır. Daha sonra şalvarının balağını çəkib deyir:

- Baxın, müharibələrdə 37 qəlpə yarası almışam. Bu yaralarla yenə xalqıma xidmət edirəm.

Biz isə ona qulaq asandan sonra çamadanın içinə pul atıb, "bu da bizdən siftə" deyib onunla sağollaşırıq.

Səlahəddin dayı bizi qəmli bir balaban havası ilə yola salır, iş yoldaşım deyir: "Həyat amansızdır, dəli olmamaq qəhrəmanlıqdır, vallah..."

Mən ona cavab vermirəm, Filarmoniya bağında gün batır...  /file/articles//file/articles/milli.az

Sfera.az


OXŞAR XƏBƏRLƏR