Bu il Azərbaycanda iki nəfər quduzluqdan dünyasını dəyişib

"Bu il Azərbaycanda iki nəfər quduzluqdan dünyasını dəyişib. Hər iki halda laqeydlik nəticəsində həkimə vaxtında müraciət edilməyib”.
Virtualaz.org xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, it dişləmiş insanların vaxtında və düzgün vaksinasiya edilməməsi nəticəsində ölüm halı baş verir: "Birinci hadisədə ev iti olub, həkimə vaxtında müraciət olunmayıb. İkincidə isə, bir dəfə quduzluğa qarşı peyvənd olunub, sonrakı peyvəndləri etdirməyiblər. Quduzluq halları o halda baş verir ki, insanlar peyvəndə etinasız yanaşır. Bilməlidilər ki, heyvan dişləməsi zamanı mütləq həkimə müraciət etmək lazımdır”, - Əliyeva deyib.
Direktor müavini qeyd edib ki, sahibsiz itlərin sayı həddindən çox artıb. Küçə itləri peyvənd olunmur, ev itləri də təhlükəsiz deyil. İnsanlar heyvan dişləmələri zaman ərazi üzrə poliklinikalara müraciət etməli və müalicə olunmalıdırlar.